26 avqust 2026 12:31
83

Laçın Şəhəri Günü: Tarixi ədalətin bərpası və Böyük Qayıdışın təntənəsi

Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu tarixi hadisə Azərbaycanın həm döyüş meydanında, həm siyasi-diplomatik müstəvidə əldə etdiyi möhtəşəm qələbənin parlaq təcəssümü idi.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Laçın əsrlər boyu özünün füsunkar təbiəti, səfalı yaylaqları, zəngin tarixi, qədim yaşayış məskənləri və milli-mədəni irsi ilə Azərbaycanın dilgər guşələrindən biri olub:

“Bu tarixi torpağımız xalqımızın yaddaşında həm təbiətin bənzərsiz gözəlliyi, həm də igidlik və qəhrəmanlıq salnaməsi kimi yaşayır. Laçınlıların mübariz ruhu, yurd sevgisi və doğma torpağa bağlılığı xalqımızın milli xarakterinin ayrılmaz hissəsidir. Lakin müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda gedən çəkişmələr və səriştəsiz idarəçilik dövlətimizin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi təhlükə qarşısında qoymuşdu. 1992–1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat hakimiyyətinin məsuliyyətsiz və avantürist siyasəti nəticəsində dövlət idarəçiliyində yaranmış xaos cəbhədəki vəziyyətə də ağır təsir göstərirdi. Şəxsi hakimiyyət ambisiyalarının milli maraqlardan üstün tutulması Azərbaycanın ağır hərbi-siyasi itkilərlə üzləşməsinə səbəb oldu. Belə bir mürəkkəb şəraitdə, əsrlər boyu igidlik dastanları ilə yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu müqəddəs diyarın işğalı Azərbaycan üçün təkcə hərbi və siyasi deyil, həm də dərin mənəvi itki idi. On minlərlə insan doğma ev-eşiyindən didərgin salındı, həyatını, qurub-yaratdığı təsərrüfatını, doğma ocağını tərk etməyə məcbur oldu. Laçının işğalı ilə Azərbaycanın strateji əhəmiyyət daşıyan ərazilərindən biri Ermənistanın nəzarəti altına keçdi”.


Deputat bildirib ki, işğal dövründə Ermənistan beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarından irəli gələn öhdəliklərin tələblərini kobud şəkildə pozdu:

“Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə coğrafi adlar dəyişdirildi, təbii sərvətlər talan edildi, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi, rayonun tarixi və demoqrafik simasını dəyişdirməyə cəhd göstərildi. Mədəni və tarixi irsimizə qarşı vandallıq aktları törədildi, xalqımıza məxsus izlərin silinməsi məqsədilə sistemli siyasət aparıldı. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Təəssüf doğuran məqam ondan ibarət idi ki, beynəlxalq hüquqdan, insan hüquqlarından və ədalətdən danışan bir sıra dairələr Azərbaycanın üzləşdiyi bu faciələrə uzun illər lazımi siyasi-hüquqi qiymət vermədilər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin icrasız qalması beynəlxalq hüququn selektiv yanaşmalar qarşısında nə qədər zəif vəziyyətə düşdüyünü nümayiş etdirdi. Azərbaycan isə 2020-ci ildə öz gücü və iradəsi hesabına, beynəlxalq hüququn ona verdiyi hüquqdan istifadə edərək, ərazi bütövlüyünü bərpa etdi”

S.Salmanova qeyd edib ki, Laçının azad olunması 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ən mühüm siyasi nəticələrindən biri kimi tarixə düşüb:

“Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında əldə etdiyi qəti qələbə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ermənistan Laçın rayonunu Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. Beləliklə, 2020-ci il dekabrın 1-də Laçın bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu, Azərbaycanın hərbi qüdrətinin diplomatik müstəvidə əldə edilən nəticələrlə tamamlanmasının bariz nümunəsi idi. Azərbaycan Vətən müharibəsində yalnız döyüş meydanında qələbə qazanmadı, həm də müharibədən sonrakı proseslərdə öz siyasi iradəsini ortaya qoyaraq milli maraqlarının təmin edilməsinə nail oldu. Laçının azadlığı məhz bu qətiyyətli siyasətin, düşünülmüş strategiyanın və əldə olunan tarixi qələbənin nəticəsi idi”.

Parlamentari söyləyib ki, işğal dövründə laçınlılar heç vaxt doğma yurdlarına qayıtmaq ümidini itirmədilər:

“Onlar illər boyu “bir gün mütləq qayıdacağıq” inamı ilə yaşadılar. Həsrət, köçkünlük və ayrılıq bu insanları doğma torpaq sevgisindən uzaq sala bilmədi. Əksinə, illər keçdikcə Laçına qayıdış arzusu daha da möhkəmləndi, gələcək nəsillərə ötürülən müqəddəs bir əmanətə çevrildi. Bu ümid Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində reallığa çevrildi. Laçının azadlığı hər bir laçınlı üçün yurd həsrətinin sona çatması, Azərbaycan xalqı üçün isə Zəfərin daha bir möhtəşəm səhifəsi oldu”.

Deputat onu da vurğulayıb ki, bu gün işğaldan azad edilmiş digər ərazilər kimi, Laçın da özünün yeni inkişaf dövrünü yaşayır:

“Vaxtilə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, yaşayış məntəqələri, sosial və iqtisadi obyektlər inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Bir zamanlar viran qoyulmuş yurd yerlərində bu gün yenidən həyat canlanır, uşaqların səsi eşidilir, ailələr öz doğma ocaqlarına qovuşurlar. Laçının bərpası təkcə dağıdılmış binaların yenidən qurulması demək deyil. Bu, tarixi ədalətin bərpası, milli yaddaşın dirçəldilməsi, doğma torpağa sahiblik hissinin daha da möhkəmlənməsi deməkdir. Burada həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın azad edilmiş əraziləri müasir, təhlükəsiz, dayanıqlı və dünyanın ən gözəl məkanlarından birinə çevirmək əzmini nümayiş etdirir. Bu gün Laçına qayıdan həyat Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi və siyasi gücünün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin ən aydın təcəssümüdür. Vaxtilə işğal altında olan bu qədim diyar indi azadlığın, quruculuğun və gələcəyə böyük inamın simvoluna çevrilir. Laçının azadlığı bizə bir həqiqəti bir daha xatırladır: Azərbaycan xalqı öz torpağı ilə bağlı müqəddəs haqqından heç vaxt imtina etməyib və etməyəcək. Otuz ilə yaxın davam edən həsrət Zəfərlə başa çatdı, işğalın yerini azadlıq, dağıntının yerini quruculuq, məcburi köçkünlüyün yerini isə Böyük Qayıdış aldı. Bu gün Laçında dalğalanan üçrəngli Azərbaycan Bayrağı xalqımızın iradəsinin, dövlətimizin qüdrətinin və tarixi Zəfərimizin əbədi rəmzidir. Laçın artıq azaddır, Laçın yenidən qurulur, Laçın öz sakinlərini qarşılayır. Bu torpaq əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf edəcək və burada həyat daha gur, daha möhtəşəm şəkildə davam edəcək”.