27 avqust 2026 09:02
111

Azərbaycan-Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə tarixi baxımdan yeni mərhələyə qədəm qoyub. Bu əlaqələrin əsasını yalnız qarşılıqlı siyasi maraqlar və iqtisadi əməkdaşlıq deyil, eyni zamanda ortaq tarix, mədəni yaxınlıq, dil və mənəvi dəyərlər, qarşılıqlı hörmət və qardaşlıq təşkil edir. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində qeyd etdiyi fikirlər iki ölkə münasibətlərinin mahiyyətini və gələcək inkişaf istiqamətlərini nümayiş etdirir.

Münasibətlərin sürətli inkişafı iqtisadi göstəricilərdə də özünü göstərir. Azərbaycan və Özbəkistan arasında bir milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə çatmaq artıq uzaq perspektiv kimi deyil, yaxın illərdə reallaşacaq konkret hədəf kimi nəzərdən keçirilir. Avqustun 23-də imzalanan sənədlər sırasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılmasını nəzərdə tutan proqramın və investisiya-ticarət layihələrinin həyata keçirilməsi üzrə Yol Xəritəsinin yer alması bu məqsədin praktik mexanizmlərlə təmin olunduğunu təsdiqləyir. Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının üstün cəhətlərindən biri onun çoxşaxəli xarakter daşımasıdır. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, emal sənayesi və bankçılıq kimi çoxsaylı istiqamətlərdə birgə layihələr həyata keçirilir. Dövlətimizin başçısı qeyd edib: “Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.

İki ölkənin birgə investisiya mexanizmləri də əməkdaşlığın yeni mərhələsinin mühüm elementidir. Azərbaycan və Özbəkistanın Birgə İnvestisiya Fondunun 500 milyon dollarlıq vəsaitinin layihələrə yönəldilməsi nəzərdə tutulur. Artıq bu vəsaitin əhəmiyyətli hissəsi üzrə konkret layihələr müəyyənləşdirilib və ümumi investisiya portfeli fondun həcmindən də böyükdür.

Azərbaycanın avtomobil sənayesində Özbəkistan təcrübəsindən istifadə olunması da xüsusi əhəmiyyət daşıyır. Hacıqabulda həyata keçirilən layihələr iki ölkənin sənaye kooperasiyasının konkret nəticələrindəndir. Prezident İlham Əliyev tam istehsal dövrünün yaradılması istiqamətində işlərin davam etdirildiyini və yeni zavoda 80 milyon dollardan çox investisiya yatırılmasının planlaşdırıldığını bildirib. Bu cür layihələr yalnız iqtisadi əlaqələri genişləndirmir, həm də texnologiya, istehsal təcrübəsi və insan kapitalı mübadiləsinə imkan yaradır.

Nəqliyyat və logistika sahəsi isə Azərbaycan–Özbəkistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında əlaqələrin genişləndirilməsi fonunda Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Özbəkistanın Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi, Xəzər üzərindən yükdaşımaların artırılması və birgə donanma layihələrinin həyata keçirilməsi iki ölkənin nəqliyyat əlaqələrinə strateji məzmun verir. Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı planlar da bu əməkdaşlığın gələcəkdə daha geniş coğrafi əhəmiyyət daşıyacağını göstərir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşləri formatına tamhüquqlu üzv kimi qoşulması ayrıca əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu qərarın Daşkənddə qəbul edilməsində Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb. Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatında fəal iştirakı artıq yalnız ikitərəfli münasibətlərin deyil, daha geniş geosiyasi və geoiqtisadi proseslərin mühüm hissəsinə çevrilir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin genişlənməsi yeni əməkdaşlıq imkanları yaradır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

2026-cı il avqustun 23-də imzalanmış Əbədi dostluq haqqında Müqavilə də iki ölkə münasibətlərinin tarixi və strateji mahiyyətini ifadə edən mühüm sənəddir. Bununla yanaşı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişlər, təhsil və sosial sahələr üzrə proqramlar, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulmasına dair protokollar əlaqələrin daha geniş ictimai müstəviyə çıxarılmasına xidmət edir. Xankəndi ilə Ürgənc, Naxçıvan ilə Ürgənc, Laçın ilə Buxara arasında qardaşlaşma münasibətlərinin yaradılması bunun konkret nümunələridir.

Qarabağın və Şərqi Zəngəzurun bərpasında Özbəkistanın iştirakı isə iki ölkə arasındakı qardaşlığın praktiki ifadəsidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə tikiş fabrikinin yaradılması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi dəstəyin mühüm nümunələridir. Xüsusilə Xankəndidə yaradılmış tikiş fabriki yeni iş yerlərinin açılması, istehsalın bərpası və bölgənin iqtisadi dirçəlişi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev bu dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü ifadə edib.

Münasibətlərin siyasi və diplomatik müstəvidə yüksələn xətt üzrə inkişafı da diqqətəlayiqdir. İki ölkə beynəlxalq və regional təşkilatlarda bir-birini qarşılıqlı şəkildə dəstəkləyir, müxtəlif platformalarda mövqelərini əlaqələndirirlər. BMT, Türk Dövlətləri Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət davam etdirilir.

2026-cı il avqust səfərinin mühüm nəticələrindən biri də iki ölkə prezidentlərinin qarşılıqlı təltif olunmasıdır. Şavkat Mirziyoyev Prezident İlham Əliyevə ali dərəcəli “Dostluq” ordenini təqdim edib. Prezident İlham Əliyev isə Özbəkistanın dövlət başçısını “Heydər Əliyev” ordeni ilə təltif edib. Bu təltiflər iki liderin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verdiyi töhfəyə yüksək ehtiramın bir təzahürüdür.

Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, sənaye kooperasiyası, humanitar proqramlar və beynəlxalq platformalarda qarşılıqlı dəstək ilə möhkəmlənən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Avqustun 23-də Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın üçüncü iclası və imzalanan sənədlər bu inkişafın yeni mərhələyə keçdiyini təsdiqləyir.

Azərbaycan və Özbəkistanın paralel inkişafı, qarşılıqlı investisiyaları və birgə layihələri artıq daha geniş geosiyasi və geoiqtisadi reallığın formalaşmasına təsir göstərir. İki qardaş ölkənin əməkdaşlığı nə qədər dərinləşirsə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin imkanları da bir o qədər genişlənir. Buna görə Azərbaycan-Özbəkistan münasibətlərini yalnız iki ölkə arasındakı əlaqələr kimi deyil, Türk dünyasında və daha geniş Avrasiya məkanında yeni əməkdaşlıq modelinin mühüm nümunələrindən biri kimi dəyərləndirilir. Bu münasibətlərin əsasını təşkil edən qardaşlıq, qarşılıqlı etimad və liderlər arasında yüksək səviyyəli siyasi dialoq isə gələcəkdə əldə olunacaq nəticələrin ən mühüm təminatıdır.

Meydanəli Yolçiyev,
​YAP Daşkəsən rayon təşkilatının sədri