27 avqust 2026 09:33
153

Azərbaycan-Özbəkistan əlaqələri: regional əməkdaşlıq vizyonu

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, milli-mənəvi və mədəni yaxınlığın yaratdığı möhkəm təməl üzərində inkişaf edərək artıq strateji əhəmiyyət daşıyan çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. İki ölkə arasında əlaqələrin son illərdə sürətlə genişlənməsi yalnız siyasi dialoqun intensivləşməsi ilə deyil, iqtisadiyyatın müxtəlif sahələrində konkret layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların artması, nəqliyyat və enerji əməkdaşlığının dərinləşməsi, humanitar əlaqələrin yeni məzmun qazanması ilə müşayiət olunur.

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək perspektivlərini hərtərəfli ifadə edib. İki ölkənin iqtisadi potensialının artması birgə layihələrin miqyasının genişlənməsinə, qarşılıqlı ticarətin artmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır. Əgər əvvəlki dövrlərdə Azərbaycan–Özbəkistan münasibətləri əsasən siyasi və humanitar əlaqələrlə xarakterizə olunurdusa, hazırda iqtisadi əməkdaşlıq bu münasibətlərin əsas komponentlərdən birinə çevrilib. Bu baxımdan bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi xüsusi diqqət çəkir. Artıq bu hədəfdən uzaq perspektiv kimi deyil, yaxın illərdə əldə olunacaq konkret nəticə kimi danışmaq mümkündür.  Dövlətimizin başçısı qeyd edib: “Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir”.

Enerji sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. Azərbaycan və Özbəkistan enerji resurslarının istehsalı, kəşfiyyatı və emalı sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atırlar. SOCAR-ın Özbəkistan bazarında fəaliyyətinin genişlənməsi iki ölkənin enerji sektorlarının qarşılıqlı inteqrasiyası baxımından diqqətəlayiqdir. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrin növbəti mərhələyə keçməsi isə gələcəkdə əməkdaşlığın enerji təhlükəsizliyi baxımından da yeni imkanlar yaratmasına şərait yarada bilər.

İki ölkə arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsi isə daha böyük geoiqtisadi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın yerləşdiyi coğrafi məkan onları Avropa ilə Asiya arasında formalaşan yeni nəqliyyat əlaqələrinin mühüm aktorlarına çevirir. Xəzər dənizi üzərindən keçən marşrutlar, Bakı limanı, dəmir yolu əlaqələri və Orta Dəhlizin inkişafı iki ölkənin iqtisadi maraqlarının mühüm hissəsini birləşdirir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsi artıq yeni regional əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxarır. Bu prosesdə Özbəkistanın xüsusi rolu var. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən mühüm ölkələrindən biri kimi həm iqtisadi potensiala, həm insan resurslarına, həm də böyük daxili bazara malikdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşləri formatına qoşulması bu əlaqələrin yeni mərhələyə keçməsinin mühüm göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın bu formata qoşulmasında Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb. Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri artıq iki ölkə arasındakı əlaqələrin hüdudlarını aşaraq daha geniş türk və Avrasiya əməkdaşlığı kontekstində mühüm əhəmiyyət kəsb edir.

Münasibətlərin digər mühüm istiqaməti qarşılıqlı investisiyalardır. Azərbaycan və Özbəkistanın yaratdığı investisiya mexanizmləri birgə layihələrin maliyyələşdirilməsinə və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə imkan verir. İnvestisiyaların yalnız paytaxtlara deyil, regionlara da yönəldilməsi isə əməkdaşlığın sosial-iqtisadi nəticələrini daha da artırır. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.

Azərbaycan–Özbəkistan əlaqələrinin fərqləndirici xüsusiyyətlərindən biri də iqtisadi əməkdaşlığın Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesinə daxil olmasıdır. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırması qardaş ölkənin Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr həm iqtisadi, həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır.

Mədəni-humanitar sahə də iki ölkə arasında münasibətlərin mühüm sütunlarından biridir. Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq tarixi-mədəni mühitdə yaşayıb, eyni mənəvi dəyərləri bölüşüblər. Ədəbiyyat, musiqi, incəsənət və dil sahələrində mövcud yaxınlıq qarşılıqlı əlaqələrin ictimai əsasını daha da gücləndirir. Bu baxımdan turizm, təhsil, mədəniyyət və şəhərlərarası əməkdaşlıqla bağlı yeni sənədlərin imzalanması münasibətlərin gələcək nəsillər üçün də möhkəm əsas üzərində qurulmasına xidmət edir.

Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə ali dərəcəli “Dostluq” ordenini təqdim etməsi, Azərbaycan Prezidentinin isə Özbəkistanın dövlət başçısını “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki liderin münasibətlərin inkişafına verdiyi töhfəyə yüksək dəyərin ifadəsidir. Bu təltiflər, eyni zamanda Azərbaycan–Özbəkistan əlaqələrinin şəxsi dostluq və qarşılıqlı etimad müstəvisində nə qədər möhkəm olduğunu nümayiş etdirir.

Daşkənd səfəri çərçivəsində imzalanan sənədlərin geniş spektri də münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələri əhatə edən razılaşmalar iki ölkənin əməkdaşlığı üçün yeni hüquqi və institusional baza formalaşdırır. Bütün bunlar Azərbaycan və Özbəkistan münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olduğunu göstərir. Bu münasibətlərin əsas xüsusiyyəti siyasi etimadla iqtisadi maraqların, tarixi-mədəni yaxınlıqla müasir inkişaf məqsədlərinin bir-birini tamamlamasıdır. İki ölkənin paralel inkişafı birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb. Bu mərhələnin əsas xüsusiyyəti qardaşlıq hisslərinin konkret iqtisadi və siyasi nəticələrə çevrilməsidir. İki ölkənin liderləri arasında formalaşmış yüksək etimad, xalqlar arasındakı tarixi yaxınlıq və genişlənən iqtisadi əlaqələr isə bu münasibətlərin uzunmüddətli və davamlı inkişafı üçün möhkəm təminat yaradır.

Elşən Alıyev,
​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini