Yay tətilinin başa çatması ilə uşaqlar yenidən erkən oyanmağa, nizamlı qidalanmağa, dərs saatlarına və məktəb mühitinə qayıtmağa hazırlaşırlar. Tətil müddətində dəyişən yuxu və qidalanma rejiminin məktəb açılan gün birdən-birə əvvəlki vəziyyətə gətirilməsi isə uşaqların yeni rejimə uyğunlaşmasını çətinləşdirə bilər.
Mütəxəssislər məktəbə hazırlığın yalnız çanta və dəftərxana ləvazimatlarının alınmasından ibarət olmadığını, uşağın gündəlik həyat rejiminin də yeni tədris ilinə uyğunlaşdırılmasının vacib olduğunu bildirirlər.
Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə türkiyəli mütəxəssis, həkim Fikret İşbilir məktəb başlamazdan əvvəlki son günlərin uşaqların yuxu, qidalanma və gündəlik rejiminin nəzərdən keçirilməsi üçün dəyərləndirilə biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə azyaşlı uşaqlarda dəyişikliklərin tədricən aparılması uyğunlaşma prosesini asanlaşdıra bilər.

Yuxu rejimini son gecə dəyişmək düzgün deyil
Tətil müddətində uşaqların gec saatlarda yatması və gec oyanması geniş yayılmış haldır. Məktəb başlayanda isə erkən oyanmaq məcburiyyəti səbəbindən yuxu müddətinin birdən-birə azalması səhərlər oyanmaqda çətinlik, gün ərzində yorğunluğa və diqqət problemlərinə səbəb ola bilər: “Məktəb başlamazdan əvvəl yuxu və oyanma saatlarını tədricən məktəb rejiminə yaxınlaşdırmaq faydalı ola bilər. Uşağı bir gecədə saatlarla daha tez yatmağa məcbur etməkdənsə, yatmaq və oyanmaq vaxtlarının mərhələli şəkildə dəyişdirilməsi daha məqsədəuyğun üsuldur. Axşam saatlarında ekran qarşısında keçirilən vaxtın azaldılması və hər gün eyni saatlarda təkrarlanan yuxu rejiminin yaradılması da bu keçidə kömək edə bilər.”

Səhər yeməyi üçün də rejim yaradılmalıdır
Məktəb dövrünün başlaması ilə dəyişən vərdişlərdən biri də qida qəbulunun vaxtıdır. Gec oyanmağa öyrəşmiş uşaqlar səhər yeməyini ötürə və ya evdən tələsik çıxa bilərlər. Məktəb başlamazdan əvvəl səhər yeməyi və digər əsas qida qəbulunun vaxtını məktəb rejiminə yaxınlaşdırmaq uşağın yeni cədvələ alışmasına kömək edəcək. Uşağın məktəbdə qidalanması üçün ev yeməklərindən ibarət qida çantası hazırlanarkən onun yaşı, gündəlik qida ehtiyacı, məktəbdə keçirəcəyi müddət və varsa, qidalara qarşı allergiyası nəzərə alınmalıdır: “Qidalanma çantalarını yalnız uşağın sevdiyi məhsullarla doldurmaq əvəzinə, müxtəlif qida qruplarının balanslı şəkildə yer aldığı seçimlər hazırlamaq vacibdir. Məktəbdə olduğu müddət ərzində də bol su içmək uşağın gününün ayrılmaz hissəsinə çevrilməlidir. Bundan əlavə, xüsusilə tez xarab ola bilən qidaların uyğun şəraitdə saxlanmasına diqqət yetirilməlidir.”

Məktəblər açıldıqda infeksiyaların yayılması riski artır
Həkim İşbilirin sözlərinə görə uşaqların yenidən siniflərdə, məktəb avtobuslarında, ictimai nəqliyyatda və ümumi istifadə üçün nəzərdə tutulan məkanlarda daha çox vaxt keçirməsi tənəffüs yolları infeksiyalarının yayılmasını asanlaşdıra bilər. Lakin uşaqları infeksiyalardan qorumaq məqsədilə həkim məsləhəti olmadan vitamin və müxtəlif qida əlavələrindən istifadə etmək düzgün yanaşma hesab edilmir. Kifayət qədər və balanslı qidalanma, yaşa uyğun yuxu müddəti, əllərin gigiyenasına riayət etmək və şəxsi əşyaların mümkün qədər başqaları ilə paylaşılmaması gündəlik həyatda görülə biləcək əsas tədbirlərdəndir: “Ailələr məktəb dövrü yaxınlaşarkən uşağın immunitetini gücləndirmək məqsədilə təsadüfi şəkildə vitamin və qida əlavələrindən istifadə etməməlidirlər. Hər uşağın ehtiyacı eyni deyil. Əlavəyə ehtiyac varsa, bu, uşağın qidalanma vəziyyəti və sağlamlıq xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.”
Məktəbə hazırlıq zamanı uşağın yaşına uyğun müntəzəm tibbi müayinələrinin və peyvəndlərinin vaxtında olub-olmadığını yoxlamağın da vacibliyi qeyd olunur. Valideynlər uşaqlarının peyvənd qeydlərini nəzərdən keçirməli, hər hansı peyvəndin gecikdirildiyi və ya tamamlanmadığı müəyyənləşərsə, səhiyyə mütəxəssislərindən məlumat almalıdırlar. Bununla yanaşı, bütün sağlam uşaqlara məktəbəqədər dövrdə genişmiqyaslı qan və sidik analizlərinin aparılması zəruri deyil. Laborator müayinələrə ehtiyac uşağın yaşı, tibbi tarixçəsi, qidalanması, böyümə və inkişaf vəziyyəti, müayinə nəticələri və hər hansı şikayətinin olub-olmamasına əsasən müəyyən edilir. Məktəb dövründə valideynlərin diqqət yetirməli olduğu əsas məsələlərdən biri də uşağın görmə və eşitmə qabiliyyətidir. Televizora və ya kitaba həddindən artıq yaxınlaşmaq, gözlərini qıyaraq baxmaq, tez-tez baş ağrısından şikayətlənmək, deyilənləri təkrar soruşmaq və ya sinifdə müəllimi eşitməkdə çətinlik çəkmək kimi hallar diqqətdən kənarda qalmamalıdır. Bu əlamətlər hər zaman xəstəlik göstəricisi olduğu anlamına gəlməsə də, uşağın təhsil prosesinə təsir göstərə biləcək görmə və ya eşitmə problemlərinin araşdırılmasını tələb edə bilər.
Qeyd etmək lazımdır ki, ilk dəfə məktəbə başlayan və ya uzunmüddətli tətildən sonra yenidən məktəbə qayıdan bəzi uşaqlarda məktəbə getmək istəməmək, qarın və baş ağrısı, ağlama və valideyndən ayrılmaq istəməmək kimi hallar müşahidə oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda emosional gərginlik bəzən fiziki şikayətlərlə özünü göstərə bilər. Həkim İşbilir ailələrin bu müddətdə uşağın hisslərinə önəm verməli olduqlarını bildirib: “Uşağın məktəblə bağlı narahatlığını dinləmək və yeni rejim barədə onunla əvvəlcədən danışmaq vacibdir. Məktəbə necə gedəcəyi, səhər hazırlıq prosesi, onu məktəbdən kimin götürəcəyi kimi məsələlərin uşaq üçün əvvəlcədən aydın olması qeyri-müəyyənliyi azalda bilər. Lakin məktəbə getməyə ciddi şəkildə mane olan və ya uzun müddət davam edən şikayətlər zamanı vəziyyətin daha ətraflı qiymətləndirilməsi lazım gələ bilər.
Nizamlı yuxu, yaşa uyğun və balanslı qidalanma, kifayət qədər su içmək, gigiyena vərdişləri, müntəzəm tibbi nəzarətin davam etdirilməsi və uşağın məktəblə bağlı hisslərinin dinlənilməsi bu prosesin əsas hissələridir. Məktəbə qayıdışı yalnız akademik başlanğıc kimi qiymətləndirmək olmaz. Uşağın fiziki və emosional baxımdan yeni gündəlik rejimə uyğunlaşması da bu prosesin bir hissəsidir. Ailələrin kiçik dəyişiklikləri məktəb başlamazdan əvvəl tədricən tətbiq etməsi uşaqların yeni tədris ilinə daha nizamlı rejimlə başlamasına kömək edəcək.”
Şahnigar Əhmədova, “İki sahil”