30 avqust 2026 01:36
92

Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli 2028-ci ildə keçiriləcək seçkilərdə London meri vəzifəsinə namizədliyini irəli sürmək üçün Mühafizəkarlar Partiyasının kölgə kabinetindən çıxdığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə onun "The Sunday Times" üçün məqaləsində deyilir.

"Maksimum dərəcədə səmərəli kampaniya aparmaq üçün mən Londonun gələcəyinin bütün aspektləri barədə sərbəst danışmaq imkanına malik olmalı və diqqətimi tamamilə bu yarışda qələbə qazanmağa cəmləməliyəm", - siyasətçi yazıb.

Kleverli bildirib ki, mühafizəkarların lideri Kemi Badenoku mənzil tikintisi, yerli icmalar və yerli özünüidarəetmə işləri üzrə kölgə naziri vəzifəsindən istefa vermək qərarı barədə əvvəlcədən məlumatlandırıb. O, seçkiqabağı kampaniyanı Breyntridən (Esseks, İngiltərə) olan deputat kimi aparacaq.

Kleverlinin sözlərinə görə, London həm yaşamaq üçün daha cəlbedici, həm də qiymət baxımından əlçatan olmalıdır. O, sakinlərin almağa və ya kirayə götürməyə imkanı çatacağı mənzillərin tikintisinə, eləcə də biznes üçün xərclərin və tənzimləyici maneələrin azaldılmasına nail olacağına söz verib.

Qarşıdan gələn London meri seçkiləri 2028-ci ilin may ayına planlaşdırılıb. Hazırkı mer leyborist Sadiq Xan yenidən namizədliyini irəli sürüb-sürməyəcəyini hələ təsdiqləməyib.