Göygöl rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sektorun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar rayonun aqrar potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar yaradır.
Qeyd olunub ki, Göygöl rayonunda kənd təsərrüfatının, o cümlədən heyvandarlıq və bitkiçilik sahələrinin inkişafı istiqamətində ardıcıl işlər görülür. Fermerlərin fəaliyyətinin səmərəli təşkili, müasir texnologiyaların tətbiqi və təsərrüfatların inkişafı üçün zəruri infrastruktur imkanlarının təkmilləşdirilməsi diqqətdə saxlanılır.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib.
Azər Məmmədov ölkədə epizootik sabitliyin qorunmasının heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bu istiqamətdə baytarlıq xidmətlərinin daha çevik və effektiv təşkili, dövlət-özəl baytarlıq münasibətlərinin inkişaf etdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və müasir yanaşmaların tətbiqi əsas prioritetlərdəndir.
Tədbirdə “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bununla yanaşı, heyvan sahiblərinin maarifləndirilməsi, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılmasının vacibliyi qeyd olunub. Həmçinin baytarlıq xidmətlərində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində işlərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə Gəncə şəhəri, Göygöl, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Samux rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər.
Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib
Tədbir çərçivəsində iştirakçılar Respublika Süni Mayalanma Mərkəzində görülən işlərlə tanış olublar. Daha sonra fermer təsərrüfatlarına baş çəkilib, burada heyvandarlıq sahəsində görülən işlərlə yerində tanış olunub və fermerlərlə fikir mübadiləsi aparılıb.
Həmçinin səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Dezinformasiyadan hibrid informasiya kampaniyasına: Azərbaycana qarşı formalaşan yeni media cəbhəsi
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medallar və vəsiqələr təqdim olunub
Şuşada daşların üzərini yazmaq milli irsə və şəhidlərimizin əziz xatirəsinə münasibətdə yolverilməz laqeydlikdir - EKSPERT
Mədəni və tarixi abidələrə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur - AÇIQLAMA