Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan rayonunda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin məqsədi fermer və sahibkarların maarifləndirilməsi, kənd təsərrüfatına dövlət dəstəyi imkanları barədə məlumatlılığın artırılması və aqrar sahənin inkişafı ilə bağlı məsələləri müzakirə etmək olub.
Paneldə Nazirliyin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun və “Unibank” MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər. Çıxışlarda kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi imkanlarından düzgün istifadə olunmasının, fermerlərin məlumatlılığının artırılmasının və aidiyyəti qurumlarla əməkdaşlığın vacibliyi vurğulanıb.
Müzakirələr zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritetləri və hədəfləri barədə məlumat verilib. Həmçinin Aqrar Subsidiya Şurasının yeni qərarları və “Toxumçuluq haqqında” Qanunun tələbləri ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Bununla yanaşı, dövlət dəstəyi və subsidiya imkanları, kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışı, aqrar sığorta, bitkiçilik və heyvandarlığın inkişafı, qida təhlükəsizliyi və məşğulluq məsələləri də müzakirə olunub. Müasir suvarma, lazer hamarlama, texnika və texnoloji avadanlıqlara güzəştlər, bağçılıq və yeni istehsal istiqamətlərinə dövlət dəstəyi kimi yeni imkanların fermerlər üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir zamanı fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı tövsiyələr verilib.
Tədbir çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında toxum sərgi-satış yarmarkası da təşkil olunub. Yarmarkada toxumçuluq subyektləri və özəl toxumçuluq şirkətləri tərəfindən sertifikatlaşdırılmış toxumların nümayişi və satışı həyata keçirilib.
Kürdəmirdə cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair tədbirlər keçirilib
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib