08 sentyabr 2026 09:51
153

Rauf Hacıyev: Xəzərin gələcəyinə dair effekiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz

Xəzərin üzləşdiyi çağırışlar yalnız müəyyən bir region üçün deyil, iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər.

“İki sahil” xəbər verir ki,  bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib. Onun sözlərinə görə, iqlim dəyişmələri su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə, əhalinin rifahına ciddi təsir göstərir və ciddi çağırışlar tələb edir: "Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə etdiyimiz reallıqdır. Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir". Nazir müavini əlavə edib ki, bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır: "Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilər. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir".

Rauf Hacıyev əlavə edib ki, prosesin mürəkkəbliyi ondan ibarətdir ki, onun səbəbləri və nəticələri milli sərhədlərlə məhdudlaşmır: "İqlim dəyişmələri ilə yanaşı, antropogen amillər də mövcud riskləri gücləndirir. Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlılığının təmin edilməsi və qarşıya çıxan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir.

Bu baxımdan, elmi tədqiqatların nəticələrinin siyasət və qərarların hazırlanması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif su səviyyəsi ssenariləri üzrə praktik uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi və onların yerli səviyyədə həyata keçirilməsi üçün imkanların genişləndirilməsi vacibdir".