09 sentyabr 2026 10:43
70

Daş yaddaşın yaraları: Qarabağın məhv edilən mədəni iris

Bu gün həmin abidələrin addım-addım bərpa olunması göstərir ki, mədəniyyəti, yaddaşı və tarixi kökləri vandallıq yolu ilə məhv etmək mümkün deyil

Ölkəmizin dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu xalqımızın mədəni irsinin zənginliyi təsdiq edir. Azərbaycanın hər bölgəsində tariximizin nişanələri qalmaqdadır. Həmin abidələr bizə əcdadlarımızın həyat tərzindən, düşüncələrindən soraq verir. Bu qədim abidələrin bir çoxu yalnız ölkə deyil, dünya əhəmiyyətlidir. Onların tarixini öyrənməklə ilk bəşər övladlarının yaşam tərzi, arzuları barədə məlumat almaq mümkündür. Bu baxımdan, qədim abidələrə həssaslıqla yanaşmaq hər bir insanın mənəvi borcudur. Ancaq Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini otuz ilə yaxın işğal altında saxlayan erməni vandalları tarixə qənim kəsildilər. 1990-cı illərin əvvəllərindən başlayan otuz illik işğal dövrü bu zəngin irs üçün təkcə fiziki dağıntı deyil, həm də sistemli mədəni soyqırımı (kulturosid) mərhələsinə çevrildi.

İşğal dövründə Qarabağ və ətraf rayonlarda dağıdılan tarixi və mədəni irslə bağlı çoxsaylı məlumatlar olsa da, 2020-ci il qələbəsindən sonra ortaya çıxan mənzərə problemin miqyasını daha aydın göstərdi: Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçında tarixi-dini abidə kimi təsbit olunan 67 məsciddən 65-i tamamilə, 2-si qismən dağıdılıb. Bu da azmış kimi, işğal dövründə bir sıra məscidlərdə heyvan, o cümlədən donuz saxlayıblar. Məsələn, Ağdamın Cümə məscidi, Qiyaslı məscidi və digər dini tikililərdə təyinatdan kənar istifadə edilib, bəziləri tövləyə çevrilib, dini məkan təhqir edilib. Bu faktı yalnız "abidəyə ziyan vurulması" kimi xarakterizə etmək kifayət deyil. Çünki burada söhbət daşın, divarın və ya memarlıq elementinin məhvindən yox, həmin məkanın cəmiyyət üçün daşıdığı mənanın hədəfə alınmasından gedir. Məscid özlüyündə sadəcə tarixi tikili deyil, eyni zamanda ibadət, dini yaddaş və icma həyatının formalaşdığı məkandır. Bu səbəbdən məscidin tövləyə çevrilməsi onun fiziki strukturuna müdaxilədən daha artıq məna daşıyır. Tikilinin əvvəlki funksiyasını, müqəddəsliyini və onunla bağlı sosial yaddaşı aşağılayan davranışdır. Xüsusilə donuz saxlanılması ilə bağlı faktlar bu baxımdan ayrıca diqqət çəkir: belə istifadə məscidin dini mahiyyətinə açıq şəkildə zidd olmaqla yanaşı, onu inşa edən və həmin məkanda ibadət edən müsəlman icmasının mənəvi dəyərləri ilə kəskin ziddiyyət təşkil edir.

Mədəniyyət abidələrinin və muzey eksponatlarının oğurlanması təkcə maddi dəyərlərin mənimsənilməsi deyil, həm də bir xalqın tarixini, tarixi yaddaşını və etnik kimliyini xəritədən silmək cəhdidir. Otuz ilə yaxın davam edən işğal dövründə Qarabağ və ətraf rayonlarda fəaliyyət göstərən muzeylərin talan edilməsi Cənubi Qafqazın mədəniyyət tarixində ən böyük vandalizm aktlarından birinə çevrildi. Minlərlə nadir eksponat sistematik şəkildə qarət olunaraq mənimsənilib, saxtalaşdırılıb və ya qanunsuz bazarlarda satılıb. İşğala qədər Qarabağ və ətraf bölgələrdə 22 muzey fəaliyyət göstərirdi və bu muzeylərdə 40 mindən çox nadir eksponat mühafizə olunurdu. Bu eksponatların talan edilməsi yalnız fərdi cinayət faktı deyil, təşkilatlanmış mədəni soyğunçuluqdur.

Qarabağdakı bir sıra alban-xristian abidələrinin işğal dövründə memarlıq quruluşuna və yazılarına müdaxilələr edildiyi barədə də kifayət qədər faktlar var. Məlumdur ki, Qafqaz Albaniyası dövləti (m.ə. IV əsr – m.s. VIII əsr) regionun ən qədim xristian mərkəzlərindən biri olmuşdur. Qarabağ, Zəngəzur və Kəlbəcər ərazilərində ucalan yüzlərlə kilsə, monastır və xaçdaş (xaç daşları) Alban xristian memarlığının özünəməxsus nümunələridir. Bu abidələr özünəməxsus kompozisiya strukturu, ornamental bəzək elementləri və spesifik xaç formaları ilə seçilir. Lakin işğal dövründə bu qədim tarix materialşünaslıq və memarlıq baxımından saxtalaşdırılaraq tamamilə fərqli bir mədəniyyətin nümunəsi kimi təqdim olunmağa çalışılmışdır. Qarabağın qədim Alban-Udi mədəni irsinə mənsub olan kilsə və monastırlar (məsələn, Xudavəng, Gəncəsər monastırları) üzərində mənimsəmə və saxtalaşdırma işləri aparılıb. Məbədlərin arxitekturası dəyişdirilmiş, qədim epiqrafik yazılar silinərək yerinə saxta elementlər əlavə olunmuşdur. Bu, regionun çoxəsrlik etnik və mədəni tarixini silmək cəhdinin tərkib hissəsi idi. Azərbaycan torpaqlarının azad edilməsindən sonra bu abidələrin ilkin tarixi simasının və mənsubiyyətinin bərpası istiqamətində mühüm addımlar atılır. Yerli və beynəlxalq mütəxəssislərin, arxeoloqların və memarların iştirakı ilə aparılan tədqiqatlar vasitəsilə abidələrə vurulan zərər sənədləşdirilir.

Bu gün dövlətimiz tərəfindən və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər çərçivəsində təkcə binalar, abidələr bərpa edilmir, həm də regionun tarixi yaddaşı, mənəvi mühiti və orijinal kimliyi yenidən dirçəlir. Mədəni irsin bərpası prosesi sistemli, elmi əsaslara və beynəlxalq bərpa standartlarına uyğun şəkildə idarə olunur. Qısa müddət ərzində Qarabağda bir çox strateji mədəniyyət ocağı yenidən qapılarını ziyarətçilərin üzünə açıb. Məsələn, Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri xarici və yerli mütəxəssislərin iştirakı ilə ilkin memarlıq görkəminə qaytarılaraq istifadəyə verilib. Molla Pənah Vaqifin Məqbərəsi: Tamamilə dağıdılmış məqbərə qısa müddətdə bərpa edilib və ətrafındakı park ansamblı yenidən qurulub. Bülbülün Ev-Muzeyi və Xurşidbanu Natəvanın Sarayı: Görkəmli şəxsiyyətlərin xatirə kompleksləri bərpa olunaraq muzey kimi fəaliyyətini bərpa edib. Güllələnmiş Büstlərin Qayıdışı: Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın işğal dövründə zədələnmiş büstləri yenidən Şuşada öz əvvəlki yerlərinə ucaldılıb.

Dövlətin Qarabağdakı mədəni bərpa siyasəti böyük bir tarixi ədalətin bərqərar olunmasıdır. Dağıdılmış abidələrin, məscidlərin, kilsələrin və muzeylərin addım-addım dirçəldilməsi Azərbaycan xalqının öz köklərinə, mənəvi dəyərlərinə və çoxmədəniyyətli irsinə olan sadiqliyinin əyani sübutudur. Qarabağ bu gün təkcə fiziki olaraq deyil, mədəniyyət və incəsənət mərkəzi kimi də öz parlaq dövrünə qayıdır.

Sevinc Azadi, “İki sahil”