Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu üçün müsabiqə elan olunub.
“İki sahil” xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müsabiqə mərhələsi sentyabrın 11-dən 13-dək müddəti əhatə edəcək. Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.
Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir. Namizədlər əsasən musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.
Qeyd edək ki, ətraflı məlumat əldə etmək istəyən namizədlər müvafiq regional mədəniyyət idarələrinə müraciət edə bilərlər. Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.