10 sentyabr 2026 23:16
94

İqtisadiyyat xəbərləri: Hansı sahədə uğurlar daha çoxdur?

Artıq 2026-cı ilin ilk yarısının iqtisadi göstəriciləri müsbət tendensiyadan xəbər verir  Sevindrici haldır ki, bu göstəricilər daha çox qeyri- neft sektorunu əhatə edir. 

Azərbaycanda yaşıl enerji istehsalının artacağı proqnozlaşdırılır

Cari ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə, Günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir.

Bu barədə energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib. O, həmçinin ədavə edib ki, gələn ilin sonunadək təxminən 2 QVt Günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası karbon emissiyalarının ildə 2,4 milyon ton azalmasına imkan verəcək.

Nazir Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, enerji və iqlim siyasətlərinin vahid yanaşma əsasında həyata keçirildiyini, Naxçıvanda isə «Yaşıl Enerji Zonası» konsepsiyasının reallaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını diqqətə çatdırıb.

«Mərkəzi Asiya-Azərbaycan» yaşıl enerji bağlantısı istismara veriləcək

Hazıra ölkəmizin yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan «Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi»nin texniki-iqtisadi əsaslandırması davam edir. Qeyd edək ki, 2032-ci ildən bu dəhlizin birinci mərhələsinin və «Mərkəzi Asiya-Azərbaycan» yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin yaradılması üzrə işlər aparılır.

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz çoxalıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 116.055 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat, yaxud 14,8 faiz çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,3 faiz artıb

2026-cı ilin yanvar – avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 900,1 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 34,1 milyon manat və ya 12,3 faiz artıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat təşkil edib

2026-cı ilin yanvar – avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox olub.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox olub.

Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib

Bu i ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Qurumun məlumatına görə, nəticədə cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində və ya 33 faiz artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib.

Qeyd edilir ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi gözlənilir.

Naxçıvan Muxtar Respublikasının ticarət dövriyyəsi 31,1 faiz artıb

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 90,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 31,1 faiz üstələyir.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, xarici ticarət dövriyyəsinin 7,5 milyon dolları ixracın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 0,1 faiz artıb.
İxrac olunan məhsulların əsasını müxtəlif qida və qənnadı məhsulları, içkilər, tikinti materialları (sement, alçıpan, travertin), tütün məmulatları və elektrik enerjisi təşkil edib.

Bu məhsullar Gürcüstan, Qırğızıstan, İran, Yəmən, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, ABŞ, Qazaxıstan və Ukraynaya ixrac olunub.

Elçin Zaman, «İki sahil»