14 sentyabr 2026 12:15
62

Bərə qəzasında itkin düşənləri SUALTI DRON AXTARACAQ

Xilasetmə xidmətləri İndoneziyada bərənin qəzaya uğraması nəticəsində itkin düşən 129 nəfərin axtarışına dalğıclar və sualtı dron cəlb edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiiyə istinadla  "Antara" agentliyi məlumat yayıb.

Əməliyyata İndoneziya Hərbi Dəniz Qüvvələrinin "KRI Canopus" gəmisi cəlb olunacaq. Məhəmməd Syafii qeyd edib: "Bu, Hərbi Dəniz Qüvvələrinin Hidrookeanoqrafiya Mərkəzinə məxsus ən yeni gəmidir. Ümid edirik ki, bu, sualtı əməliyyatları maksimum səmərəli şəkildə aparmağa imkan verəcək". Onun sözlərinə görə, gəmi sualtı axtarış işləri üçün xüsusi avadanlıqlarla təchiz olunub.

O, bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən dalğıc qrupu hələlik işə başlamayıb. O, Milli Axtarış və Xilasetmə Agentliyinin heyətin təhlükəsizliyinə üstünlük verdiyini vurğulayıb.

Sərnişin bərəsi sentyabrın 13-nə keçən gecə İndoneziya sahillərində, Yava dənizində qəzaya uğrayıb. Gəmidə ümumilikdə 213 sərnişin və 30 ekipaj üzvü olub. Onlardan 107 nəfəri xilas edilib, 6 nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, gəmi tufana düşərək aşıb. Kapitan SOS siqnalı göndərməzdən əvvəl hündürlüyü 3 metrə çatan dalğalar barədə məlumat verib.