16 sentyabr 2026 13:47
123

Avorpa Parlamentinin İFŞA OLUNAN SİMASI

Prezident İlham Əliyev: Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti

Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın üzvlərindən və müşahidəçilərindən, həmçinin  Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Ölkəmizin başçısı qəbul zamanı geniş və məzmunlu çıxış edərək həm islam dünyasına, həm də türk birliyinə qarşı bəzi beynəlxalq təşkilatların və dövlətlərin qərəz və böhtanlarından danışıb.  Təbii ki, bu tədbirin paytaxtımızda keçirilməsi bir daha göstərir ki, Azərbaycan həmişə olduğu kimi multikultral dəyərlərə, beynəlxalq hüquqa önəm verən müasir və bir dövlətdir. 

Əslində bu iki tədbir Azərbaycan dövlətinin tarixə, milli-mənəvi irsə, Türk dünyasının birliyinə və İslam həmrəyliyinə münasibətinin bir-birini tamamlayan istiqamətlərini ifadə edir.  Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz dahi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə hər zaman fəxr edir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələrin göstəricisidir. Bu şəxsiyyətlərin hər biri yalnız öz dövrünün deyil, bütün bəşəriyyətin mənəvi xəzinəsinə daxil olmuş dəyərlərin daşıyıcısıdır.

Lakin bunun əksinə olaraq qonşu, bar-bar  Ermənistan  30 illik  işğal illərində Azərbaycanın tarixi və dini-mədəni irsinə də böyük zərbə vurulub. Qarabağ və Şərqi Zəngəzurda məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb və təhqir edilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, 65 məscid Ermənistan tərəfindən tamamilə dağıdılıb, digər məscidlərə də ciddi ziyan vurulub. Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamələri qəbul olunsa da, uzun illər ərzində onların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə vermədi. Daha da təəssüf doğuran məqam ondan ibarət idi ki, bəzi dövlətlər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmadılar. Ermənistanın işğalına görə ciddi təzyiqlərlə üzləşməməsi, Azərbaycana isə sonrakı dövrdə fərqli münasibət göstərilməsi beynəlxalq münasibətlərdə ikili standartların olduğunu göstərirdi. Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək Avropa Parlamentinin Azərbaycana münasibətini, Ermənistanın işğalı dövründəki mövqeyini kəskin tənqid etdi. Azərbaycan bütün bu illərdə öz haqq səsini dünyaya çatdırdı. Lakin nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi öz gücümüz hesabına bərpa etdik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm Zəfərlə Azərbaycan uzun illər davam edən ədalətsizliyə son qoydu.

Ölkəmizin başçısı çıxışında xüsusi vurğuladı ki, dünya 30 il ərzində ermənilərin bar-barlığına buna göz yumub: «Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır. Haradan gəlir bu ikili standartlar, aydın məsələdir. Hər halda İslam aləmindən gəlmir. Ona görə bax, biz hamımız bunu bilməliyik."

Prezident İlham Əliyev Azərbaycan dövlətinin öz ərazi bütbvlüyünü və suverenliyini təmin etməsi faktına istinad edərək bildirir ki, bu hələ də Avropanı ciddi şəkildə narahat edir. 30 illik işğal dövründə Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi: « Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır.»

Bəli, Ali Baş Komandanımız bu gün də döyüşdədir. Amma bu dəfə cəbhədə deyil, siyasi meydanda qətiyyət və əzmkarlıq nümayiş etdiri. Dövlətimizin və xalqımızın milli mənafeyini qətiyyətlə qoruyaraq onlara həm beynəlxalq hüququn dili ilə, həm də ənənəvi dövlətçilik prinsipi ilə həddini bildirir.

Elçin Zaman, "İki sahil"