16 sentyabr 2026 15:27
95

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, onlara Şəhidlər xiyabanı haqqında məlumat verilib.

Bildirilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Qeyd olunub ki, Şəhidlər xiyabanındakı qəbirlər işğal dövründə vandalizmə məruz qalıb.

Konfrans iştirakçıları şəhidlərin ruhuna dualar oxuyublar.