17 sentyabr 2026 01:16
109

“PAŞA Holdinq” 2015-ci ildən bəri Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın iri biznes qruplarından biri olan “PAŞA Holdinq”in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilir ki, görüşdə “PAŞA Holdinq”in Gürcüstandakı mövcud investisiya layihələri və onların inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mövcud layihələrin icra vəziyyəti, şirkətin ölkədəki fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Diqqətə çatdırılıb ki, “PAŞA Holdinq” 2015-ci ildən bəri Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb və yaxın gələcəkdə əlavə investisiya layihələrini həyata keçirməyi planlaşdırır.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, holdinqin digər nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, “PAŞA Holdinq” bank, sığorta, daşınmaz əmlak, tikinti, informasiya texnologiyaları və turizm sahələrində fəaliyyət göstərən Azərbaycanın ən böyük şaxələndirilmiş biznes qruplarından biridir.