17 sentyabr 2026 11:00
140

Tarixi-dini abidələrin bərpası keçmişlə gələcək arasında mənəvi bağ yaradır

 

Ramin Məmmədov: “Tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır”

Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir. Hər bir məscid, ziyarətgah, türbə və digər tarixi-dini abidə yalnız daş və memarlıq elementlərindən ibarət tikili deyil, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcısıdır.

“İki Sahil” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” adlı konfransda çıxışı zamanı deyib.

Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkədə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.

Komitə sədri qeyd edib ki, Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər ölkənin bütün coğrafiyasını əhatə edir. Dövlət başçısının sərəncamları ilə ötən il Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahının və Əmircan qəsəbəsindəki İmam məscidinin, bu il isə Gəncə şəhərindəki Şah Abbas məscidinin təmir-bərpası üçün vəsait ayrılıb.

Onun sözlərinə görə, artıq Pir Həsən ziyarətgahında işlər başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələsinə keçib, Şah Abbas məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

Ramin Məmmədov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm istiqamətlərindən birinin tarixi və dini abidələrin bərpası olduğunu diqqətə çatdırıb. Bildirib ki, burada məqsəd yalnız dağıdılmış tikililəri yenidən qurmaq deyil. İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpası xalqın mənəvi yaddaşının yenidən canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Komitə sədri bu istiqamətdə dövlət siyasətinin ardıcıl həyata keçirilməsində Heydər Əliyev Fondunun layihələrinin xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində mədəni və dini abidələrin bərpasına yönəlmiş çoxsaylı layihələr həyata keçirilir.

“Biz ötən müddətdə bir çox uğurlara imza atmışıq. Dünyada multikulturalizmin, bəşəriyyətin mədəni irsinə münasibətin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olmuşuq”, – deyə Ramin Məmmədov bildirib.

Komitə sədri çıxışında tarixi-dini abidələrin bərpasından sonrakı mərhələyə də diqqət çəkib. Onun sözlərinə görə, əsas məsələlərdən biri bərpa edilmiş abidələrin necə qorunması və yaşadılmasıdır. Bu zaman hər bir abidənin öz tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınmalıdır.

Ramin Məmmədov xüsusilə məscid, ziyarətgah, türbə və digər tarixi məkanlara münasibətdə daha həssas yanaşmanın vacibliyini qeyd edib. Bildirib ki, bu abidələr həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir hissəsidir. Bu baxımdan tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır.

Onun sözlərinə görə, həmin mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var. İctimaiyyətin dəstəyi də bu prosesdə xüsusi əhəmiyyət daşıyır.

Ramin Məmmədov qeyd edib ki, Mədəniyyət Nazirliyi tarixi-mədəni irsin öyrənilməsi, mühafizəsi, konservasiyası və bərpası istiqamətində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini icmalar, din xadimləri və ibadət məkanları ilə birbaşa işləyən qurum kimi bu prosesdə mühüm əlaqələndirici imkanlara malikdir. Onun fikrincə, bu iki istiqamətin uzlaşdırılması tarixi-dini abidələrin qorunmasına vahid və davamlı yanaşmanın formalaşmasına imkan verə bilər.

Komitə sədri abidələrin hüquqi statusu, texniki vəziyyəti, istifadə forması və mövcud problemləri barədə məlumatların operativ şəkildə bölüşülməsinin prioritetlərin düzgün müəyyənləşdirilməsinə və görüləcək işlərin daha səmərəli planlaşdırılmasına imkan verəcəyini bildirib.

Bu baxımdan, tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin formalaşdırılmasını birgə fəaliyyətin başlanğıc nöqtələrindən biri kimi dəyərləndirib.

Ramin Məmmədov hər bir dini memarlıq nümunəsinin özünəməxsus quruluşunun, yaranma və formalaşma tarixinin, eləcə də əsrlər ərzində həmin məkanda formalaşmış istifadə və ibadət ənənələrinin olduğunu vurğulayıb. Bildirib ki, zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb edilməsi faydalı ola bilər.

Onun sözlərinə görə, hər bir dini abidənin bərpası zamanı onun tarixi orijinallığının, dini-mənəvi məzmununun və özünəməxsus xüsusiyyətlərinin mümkün qədər qorunmasına çalışılmalıdır.

Ramin Məmmədov Mədəniyyət Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında digər istiqamətlərdə olduğu kimi, tarixi-dini irsin qorunması sahəsində də sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət təcrübəsinin formalaşdığını məmnunluqla vurğulayıb.

Komitə sədri əminliyini ifadə edib ki, mövcud imkanların əlaqələndirilməsi, mütəxəssislərin bilik və təcrübəsinin prosesə cəlb olunması, dini icmaların və ictimaiyyətin fəal iştirakı bu sahədə qarşıda duran vəzifələrin daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

“Çünki tarixi-dini irsi qorumaq yalnız keçmişi qorumaq deyil, həm də keçmişlə gələcək arasında bağ yaratmaqdır”, – deyə Ramin Məmmədov bildirib.

 

Yaqut Ağaşahqızı, "İki sahil"