Ekspert: Azərbaycan üçün əsas hədəf "Ali təhsili bir il qısaltmaq" yox, eyni və ya daha yüksək keyfiyyətli nəticəni daha səmərəli müddətdə əldə etmək olmalıdır
Ali təhsil sistemindəki dəyişikliklər müzakirə edilərkən diqqət yalnız tədrisin məzmununa deyil, universitetlərin təhsil müddətinə də yönəlir. Bakalavr təhsilinin üç, magistraturanın isə bir il davam etməsi ilə bağlı irəli sürülən təkliflər bu məsələyə yenidən diqqət çəkir.
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə universitetlərdə üç illik təhsil modelinə keçidin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Avropanın bir sıra ölkələrində üç illik bakalavr modeli artıq tətbiq olunur, ABŞ-da isə bu istiqamətdə yeni addımlar atılır. Deputat hesab edir ki, əmək bazarının tələblərinin dəyişməsi və təhsil xərclərinin artması ali təhsilin müddətinə yenidən baxılmasını aktuallaşdırır.
Komitənin iclasında deputat Ceyhun Məmmədov magistratura təhsilinin iki ildən bir ilə endirilməsini təklif edib. Bildirib ki, dünyada təhsil müddətinin azaldılması istiqamətində proses gedir və bakalavrın üç, magistraturanın isə bir illik olması modeli müzakirə edilir. Deputat Azərbaycanda da ən azı magistratura səviyyəsində belə bir dəyişiklik edilməsinin mümkünlüyünə baxmağı təklif edib.
Müddət azalacaq, bəs proqram necə dəyişəcək?
Bu təkliflər reallaşarsa, ali təhsildə tələbənin universitetdə keçirdiyi ümumi müddət əhəmiyyətli dərəcədə qısala bilər. Hazırkı dörd illik bakalavr və magistratura mərhələsindən ibarət model əvəzinə üç illik bakalavr və bir illik magistratura modelinin tətbiqi nəzərdən keçirilə bilər. Lakin burada əsas məsələ yalnız təhsil müddətinin azaldılması deyil. Üç və ya bir il ərzində tələbəyə hazırkı proqramların verdiyi nəzəri biliklərin, praktiki bacarıqların, ixtisaslaşmanın və tədqiqat imkanlarının hansı formada təmin ediləcəyi də müəyyənləşdirilməlidir.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə hazırkı sistemdə üç illik bakalavr modelinə keçidin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda tam orta təhsil 11 il olduğu halda, bir çox ölkələrdə bu müddət 12 ildir. Buna görə də üç illik bakalavr modelinə keçid üçün paralel şəkildə 12 illik tam orta təhsilə keçid məsələsi də nəzərdən keçirilməlidir. Bu məqam göstərir ki, məsələ yalnız universitetlərdə təhsil müddətinin bir il azaldılması ilə həll olunmur. Orta təhsilin müddəti, universitet proqramlarının strukturu, kreditlərin bölüşdürülməsi və tələbənin ali məktəbə hansı hazırlıq səviyyəsində daxil olması da birlikdə nəzərdən keçirilməlidir.
Magistratura ilə bağlı isə başqa problem önə çıxarılır. Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanda hər il magistraturaya qəbul zamanı minlərlə, bəzi illərdə isə 4 mindən çox boş yer qalır. Deputat bunun səbəblərindən birinin gənclərin iki il müddətində magistratura təhsili almaq istəməməsi olduğunu bildirib. Beləliklə, müzakirənin mərkəzində əslində daha geniş sual dayanır: Ali təhsildə əsas məqsəd tələbənin universitetdə keçirdiyi illərin sayını azaltmaqdır, yoxsa həmin müddət ərzində daha effektiv və əmək bazarının tələblərinə uyğun təhsil vermək?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, bakalavr təhsilinin 3 il, magistraturanın isə 1 illik olması ilk baxışdan Azərbaycan ali təhsil sistemi üçün kifayət qədər cəlbedici və çevik model kimi görünə bilər. Lakin burada əsas məsələ təhsil müddətinin sadəcə bir il azaldılması yox, həmin müddət ərzində hansı nəticələrin formalaşdırılacağıdır. Başqa sözlə, "3+1" modelinin uğurlu olub-olmaması təqvim illəri ilə deyil, məzunun əldə etdiyi bilik, bacarıq, kompetensiya və peşə hazırlığının səviyyəsi ilə ölçülməlidir: "Beynəlxalq təcrübə göstərir ki, 3 illik bakalavr modeli tamamilə qeyri-adi yanaşma deyil. Avropa Ali Təhsil Məkanında (EHEA) bakalavr proqramlarının əksəriyyəti 180-240 ECTS (AKTS- Avropa Kredit Transfer Sistemi), yəni təxminən 3-4 illik təhsilə uyğun gəlir. Magistratura isə 60-120 ECTS, başqa sözlə 1-2 il arasında dəyişə bilir. Deməli, 3 illik bakalavr təhsilinin ardından 1 illik magistratura beynəlxalq sistemdə prinsip etibarilə mümkün olan kombinasiyadır. Məsələn, Böyük Britaniyada 3 illik bakalavr və əksər hallarda 1 illik magistr modeli geniş yayılmışdır. Eyni zamanda, Avropada bütün ölkələrin eyni modeldən istifadə etmədiyini də nəzərə almaq lazımdır. Bəzi sistemlərdə bakalavr 4 il, magistr isə 1,5-2 il davam edir. Yəni, beynəlxalq təcrübənin əsas mesajı "hamı 3+1 edir" deyil, təhsil müddətinin proqramın məqsədlərinə və nəzərdə tutulan nəticələrə uyğun müəyyənləşdirilməsidir. EHEA-nın öz çərçivəsində də bakalavr üçün 180 və ya 240 ECTS, magistr üçün isə 60, 90 və ya 120 ECTS kimi müxtəlif modellər mövcuddur. Bu baxımdan Azərbaycan üçün "3+1" modelinin həm imkanları, həm də riskləri var. İlk növbədə, ali təhsilin müddətinin optimallaşdırılması tələbənin əmək bazarına daha tez daxil olmasına imkan verə bilər. Əgər bakalavr proqramı həqiqətən kompetensiya əsaslı qurularsa, artıq təkrarlanan, əmək bazarında az istifadə olunan və bir-birini təkrarlayan fənlərin azaldılması hesabına tələbə daha qısa müddətdə zəruri peşə hazırlığı əldə edə bilər. İkinci mühüm məsələ ali təhsilin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsidir. Üçüncü üstünlük tələbə üçün həm vaxt, həm də maliyyə baxımından səmərəlilik ola bilər. Bir illik magistr proqramı isə bakalavrdan sonra daha ixtisaslaşmış bilik əldə etmək istəyən tələbəyə nisbətən qısa müddətdə növbəti təhsil pilləsinə keçmək imkanı yarada bilər."
Müddəti azaltmaqla məzmunu eyni saxlamaq olmaz
Təhsil ekspertinin sözlərinə görə, əgər 4 illik bakalavr proqramındakı bütün məzmun sadəcə 3 ilə sıxışdırılacaqsa, bu, real islahat deyil: "Tələbənin akademik yükü həddindən artıq arta, müstəqil çalışma və praktiki fəaliyyət üçün vaxt azala bilər. Nəticədə formal olaraq diplom daha tez əldə olunsa da, məzunun hazırlıq səviyyəsi arzuolunan nəticəni verməyə bilər. Ona görə də Azərbaycanda "3+1" modelinə keçid müzakirə olunursa, ilk sual "Neçə il oxuyacağıq" yox, "Üç ilin sonunda tələbə nəyi bilməli, nəyi bacarmalı və hansı səviyyədə tətbiq etməlidir" olmalıdır. Məsələn, müəllimlik ixtisasında üç illik bakalavrın sonunda məzun yalnız fənnini bilməklə kifayətlənməməlidir. O, dərsi planlaşdırmağı, şagirdlərin ehtiyaclarını müəyyənləşdirməyi, qiymətləndirmə aparmağı, sinfi idarə etməyi, müxtəlif səviyyəli şagirdlərlə işləməyi, rəqəmsal və süni intellekt alətlərindən pedaqoji məqsədlə istifadə etməyi bacarmalıdır. Əgər bunların formalaşdırılması üçün kifayət qədər praktiki imkan yaradılmırsa, təhsil müddətinin qısaldılması keyfiyyət itkisinə gətirib çıxara bilər.
Eyni yanaşma mühəndislik, tibb, hüquq, pedaqogika və digər peşə yönümlü sahələr üçün də keçərlidir. Məsələn, Avropada bəzi tənzimlənən peşələr üzrə minimum təhsil müddətlərinin ayrıca müəyyənləşdirilməsi təsadüfi deyil. Tibb, əczaçılıq, baytarlıq və memarlıq kimi sahələrdə təhsil müddəti ümumi bakalavr-magistr modelindən fərqlənə bilər.
Azərbaycan təhsil sistemi üçün əsas məsələ daha fərqlidir. Azərbaycan artıq Bolonya prosesinin iştirakçısıdır və ECTS tətbiq edir. Hazırkı rəsmi məlumatlarda Azərbaycanda bakalavriat əsasən 4-5 il və 240-300 AKTS, magistratura isə 1,5-2 il və 90-120 AKTS kimi göstərilir. Bu səbəbdən "3+1" modelinə keçid sadəcə bir ili ixtisar etmək kimi həyata keçirilə bilməz. Bu, əslində ali təhsilin kurikulumunun, qiymətləndirmə sisteminin, müəllim hazırlığının, universitetlərin akademik imkanlarının və keyfiyyət təminatı mexanizmlərinin yenidən nəzərdən keçirilməsini tələb edən sistemli islahat olardı."
Həmsöhbətimiz ən rasional yanaşmanın bütün ixtisaslar üçün vahid "3+1" formulunu tətbiq etməkdən daha çox, differensial model üzərində düşünmək olduğunu vurğuladı: "Yəni bəzi ixtisaslarda "3+1", digərlərində "4+1" və ya "4+2", bəzi xüsusi və tənzimlənən peşələrdə isə daha uzun inteqrasiya olunmuş proqramlar tətbiq edilə bilər. Beynəlxalq təcrübədə də məhz belə müxtəliflik mövcuddur.
Məncə, "3+1" modelinin uğurlu tətbiqi üçün bir sıra məsələlər əvvəlcədən həllini tapmalıdır. İlk növbədə, ali təhsil proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Burada əsas diqqət fənlərin sayına deyil, tələbələrin əldə edəcəyi bilik və bacarıqlara yönəldilməlidir. Təkrarlanan, təlim nəticələrinə xidmət etməyən məzmunun azaldılması, fundamental biliklərlə praktik bacarıqlar arasında tarazlığın yaradılması vacibdir. Digər mühüm məsələ tələbələrin praktiki hazırlığının gücləndirilməsidir. Universitet məzunu yalnız nəzəri biliklərə deyil, onları real iş mühitində tətbiq etmək bacarığına da yiyələnməlidir. Bu baxımdan, istehsalat təcrübəsi, layihələr, laboratoriya məşğələləri və işəgötürənlərlə əməkdaşlıq təhsil proqramlarının ayrılmaz tərkib hissəsinə çevrilməlidir.
Magistratura təhsilinin funksiyası da yeni modelə uyğun şəkildə dəqiqləşdirilməlidir. Birillik magistratura bakalavr pilləsində tədris olunan mövzuların təkrarına çevrilməməli, tələbələrə daha yüksək səviyyəli ixtisaslaşma, tədqiqat aparmaq, analitik düşünmək və müstəqil fəaliyyət göstərmək imkanları yaratmalıdır.
Nəhayət, "3+1" modelinin tətbiqi zamanı beynəlxalq tanınma məsələsi də nəzərə alınmalıdır. Bakalavr və magistratura proqramlarının ECTS həcmi digər ölkələrin kvalifikasiya çərçivələri ilə uyğunlaşdırılmalı, tələbələrin xaricdə təhsilini davam etdirməsi və əldə etdikləri diplomların tanınması üçün zəruri şərtlər təmin olunmalıdır. Çünki ECTS sisteminin əsas məqsədlərindən biri də tələbə mobilliyini artırmaq və müxtəlif ölkələrin ali təhsil sistemləri arasında kvalifikasiyaların tanınmasını asanlaşdırmaqdır.
Beləliklə, bakalavrın 3, magistraturanın 1 illik olması Azərbaycan üçün nəzəri və beynəlxalq baxımdan mümkün modeldir, lakin onun effektivliyini yalnız müddət müəyyən etmir. Dünyada bunun müxtəlif nümunələri var və Avropa Ali Təhsil Məkanının özü də vahid müddət deyil, müəyyən ECTS və öyrənmə nəticələri çərçivəsi müəyyən edir. Azərbaycan üçün əsas hədəf "Ali təhsili bir il qısaltmaq" yox, eyni və ya daha yüksək keyfiyyətli nəticəni daha səmərəli müddətdə əldə etmək olmalıdır. Əgər üç illik bakalavr proqramı tələbəyə əvvəlki dörd ildə əldə etdiyi bilik və bacarıqların hamısını daha sistemli, praktik və nəticəyönümlü şəkildə qazandıra bilirsə, bu, ciddi üstünlük ola bilər. Əksinə, sadəcə proqramın müddəti azaldılır, amma məzmun, metodika, praktika və qiymətləndirmə dəyişmirsə, bu halda müddətin qısaldılması təhsilin keyfiyyətinə və məzunların hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər. Ona görə də ən doğru yanaşma Azərbaycan üçün çevik, ixtisasların xüsusiyyətlərini nəzərə alan və nəticəyönümlü model daha əsaslı görünür."
Şahnigar Əhmədova, "İki sahil"
Fransada poliş əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?