17 sentyabr 2026 19:41
151

Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu

Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi bir zamanda Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq münasibətlər sistemində rolu getdikcə artır. 2025-ci ildə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə təşkilini, bu təşkilatın ötən ilin sonlarında Vaşinqtonda üzv və müşahidəçi dövlətlərin diplomatları ilə koordinasiya görüşünü buna nümunə göstərmək olar. Şübhəsiz, bu misallar Bakının, eləcə də Ankaranın strateji liderliyi, fəal diplomatiyası və iqtisadi imkanları sayəsində TDT-nin artıq regional çərçivəni aşaraq, əsas qlobal təşkilalardan birinə çevrilməsini göstərir.

TDT beynəlxalq məsələlərdə daha böyük rol oynamalıdır

Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söylədiyi kimi, TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır. Bu da təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etməsi ilə əlaqədardır. “Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir”, - deyən Prezident İlham Əliyev bildirib ki, birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. “Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.

 Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən qoyulub. 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması ilə təşkilatın coğrafiyası və potensialı daha da genişlənib. Müşahidəçi statusunda isə Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti bu qurumun işində iştirak edirlər. Yeri gəlmişkən, bu ölkələr Azərbaycanın Qarabağ uğrundakı haqq işini həmişə dəstəkləyiblər. Onlar bu gün də işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında ölkəmizə yardım göstərirlər.  Füzulidə Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəb tikilib istifadəyə verilib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Türkmən qardaşlarımız isə Füzuli məscid inşa edirlər. Bütün bunlar Azərbaycana dost ölkələrin hədiyyələridir.

Azərbaycan TDT çərçivəsində həm mərkəzi platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edir

Azərbaycan TDT-nin formalaşması və inkişafında fəal iştirak edən dövlətlərdəndir. Ölkəmiz bu qurumun fəallığını artırmasına həmişə müəyyən töhfələr verməyə cəhd göstərir. Başqa sözlə desək, Azərbaycan TDT çərçivəsində həm mərkəzi platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edir. Məsələn, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində bu gün də fəal çalışmaqdadır. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannaməni isə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsi adlandırmaq olar.

Bir məsələni də vurğulayaq ki, bir neçə gün əvvəl TDT üzv dövlətlərinin dini liderlərinin, sentyabrın 17-də isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu aydın şəkildə göstərir. Yeri gəlmişkən, TDT Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Prezident İlham Əliyev dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsini isə kifayət hesab etmir: “Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi”.

Qvami Məhəbbətoğlu, “İki sahil”