17 sentyabr 2026 15:15
170

ABŞ Çinin F-35 qırıcılarına çıxış əldə edəcəyindən ehtiyatlanır

ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanına 24 milyard dollar dəyərində beşinci nəsil F-35 qırıcıları satılacağı təqdirdə Çinin Amerika texnologiyələrinə çıxış əldə edə biləcəyindən narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti kəşfiyyat məruzələri ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.

Onların məlumatına görə, kəşfiyyat analitikləri Çinin Səudiyyə Ərəbistanında "casusluq" yolu ilə və ya Ər-Riyad ilə hərbi tərəfdaşlıq çərçivəsində F-35 texnologiyalarına yiyələnə biləcəyini istisna etmirlər. Bir neçə ay əvvəl ABŞ idarələrində və Konqresdə dövr edən Pentaqonun Kəşfiyyat İdarəsinin məxfi məruzəsində bildirilir ki, Çin hərbçilərinin Səudiyyə Ərəbistanındakı bazalara çıxışı var, krallığın telekommunikasiya sektorunda isə Çinin "ZTE" və "Huawei" şirkətlərinin avadanlıqlarından istifadə olunur. Pentaqon isə hesab edir ki, qırıcıların yerləşdiriləcəyi obyektlərə yalnız Səudiyyə Ərəbistanı və ABŞ podratçılarının çıxışı olmalıdır. Xüsusilə də ABŞ hərbi nazirliyi F-35-lərin qabaqcıl radarlarının və kəşfiyyat sistemlərinin qorunmasından narahatdır.

Qəzetin yazdığına görə, 2026-cı ilin iyun ayında ABŞ Dövlət Departamenti 48 qırıcının və onlar üçün avadanlığın təxmini satış təfərrüatlarını ilkin təsdiq almaq üçün Konqresə göndərib. Nəşrin məlumatına görə, bəzi amerikalı qanunvericilər kəşfiyyatın narahatlığını nəzərə alaraq, razılaşma məsələsində ABŞ administrasiyasına təzyiq göstərirlər. Bu kontekstdə qəzet qeyd edir ki, əvvəllər ABŞ-ın dövlət katibi Marko Rubio Yaxın Şərqdəki fövqəladə vəziyyətə istinad edərək hərbi təchizat prosedurunu Konqresdən yan keçməklə həyata keçirmiş və İsrailə yardımı təsdiqləmişdi. Əgər Konqres F-35 qırıcılarının Səudiyyə Ərəbistanına satışını təsdiqləməsə, dövlət katibi oxşar qərar qəbul etməyə cəhd göstərə bilər.