17 sentyabr 2026 21:20
131

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB

20 Sentyabr - Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub.

Otuzdan çox media qurumundan nümayəndənin iştirak etdiyi media-turda əvvəlcə zavodun fəaliyyəti, istehsal gücü, ötən illər ərzində burada həyata keçirilmiş modernizasiya layihələri barədə iştirakçılara ətraflı məlumat verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, zavodda Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı (BEEİ) fəaliyyət göstərir.

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin (İB) baş direktoru Elnur Məmmədli jurnalistlərə bildirib ki, İstehsalat Birliyində gələn ildən cihazlaşdırma və avtomatlaşdırma layihəsi çərçivəsində fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılması nəzərdə tutulur. O bildirib ki, işlərin layihələndirmə mərhələsi hazırda 95 faiz tamamlanıb: "Növbəti ildən etibarən sahədə fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılacaq. Layihə tam başa çatdıqdan sonra zavodun idarəetmə sistemləri tam avtomatlaşdırılacaq, əməliyyatların təhlükəsizliyi və etibarlılığı daha da yüksəldiləcək."

Baş direktor qeyd edib ki, "Azərikimya" İstehsalat Birliyi Heydər Əliyev adına Neft Emalı Zavodu ilə "SOCAR Polymer" arasında mühüm əlaqələndirici halqa rolunu oynayır: "Azərikimya" Neft Emalı Zavodundan daxil olan yüngül fraksiyaları emal edir və "SOCAR Polymer" üçün etilen və propilen xammalı təmin edir.” E.Məmmədli, həmçinin qeyd edib ki, əvvəl hər il həyata keçirilən əsaslı təmir işlərinin intervalı texniki təkmilləşdirmələr nəticəsində iki ildə bir dəfəyə qədər uzadılıb. Bununla da təmir işlərinə sərf olunan maliyyə vəsaitinin əhəmiyyətli dərəcədə azaldılması mümkün olub.

Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən, 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə başlanıldığı bildirilib. Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı poletilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla təmin etməkdir.

“Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Layihə çərçivəsində, ümumilikdə, zavodun müxtəlif xidmət sahələri üzrə (NÖC və Avtomatika, elektrik, mexanika, texnoloji və s.) qurğu və avadanlıqları mərhələli şəkildə istismara verilib ki, bunun da nəticəsində orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona qaldırılıb. Zavodda əsas məqsədli və digər məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik istehsal olunan əsas məqsədli məhsulların istehsalı etilen üzrə 630, propilen üzrə isə 550 tona çatdırılıb.

Lahiyə üzrə yeni anbarlar, hidrogenin zənginləşdirilməsi qurğusu, propan-propilen fraksiyaları qurğuları, 4 ədəd yeni piroliz sobası, M-4 turbokompressoru, etan-etilen və propan-propilen fraksiyalarının selektiv hidrogenləşməsi reaktorları, metan-hidrogen fraksiyasının etilendən təmizlənməsi kalonu, soyuq blokda hidrogenin karbon monooksiddən təmizlənməsi və müxtəlif tipli (yüksək sürət, qapalı tipli və xüsusi tores sistemli) nasoslar işə salınıb. Metrologiya üzrə DCS, ESD sistemləri və sahə cihazlarının funksional sinaqları yerinə yetirilib, 2020-ci ilin sentyabr-oktyabr aylarında əsaslı təmir zamanı modernizasiya və layihə çərçivəsində inşa olan qurğu və avadanlıqlar mövcud “EP-300” qurğusuna birləşdirilib və zavodun yüksək məhsuldarlıqla istismarına başlanılıb.

Aparılan modernizasiya və yenidənqurma işlərindən sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri, ümumilikdə, 2 dəfə, bəzi məhsullar üzrə isə 3 dəfə artırılıb, nəticə etibarilə, “SOCAR Polymer” kompleksinin zavodları lazımi miqdarda etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı rejimdə təmin edilir.

Hazırda SOCAR-ın Etilen-Polietilen Zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur. Zavodun yüksək təzyiqli polietilen istehsalı üzrə "Polimir-120" qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. Burada aşağı sıxlıqlı polietilen (LDPE) istehsal olunur. Müəssisənin enerji təsərrüfatında isə buxar-elektrik enerjisi istehsalı həyata keçirilir. Bu sahənin istehsal gücü saatda 480 ton buxar və 68 MVt elektrik enerjisidir.

Zavodda istehsal edilən məhsullar əsasən Türkiyə, Estoniya və Çinə ixrac edilir. Məhsul ixracı ilə bağlı əsas hədəf Avropa ölkələri olsa da, hazırda əsasən Türkiyə bazarının tələbatı ödənilir.

Daha sonra media təmsilçiləri zavodun istehsalat sahələri ilə tanış olublar. İstehsalat Birliyinin proses üzrə direktoru Samir Səlimli hazırda müəssisədə modernizasiya və yenidənqurma layihəsinin həyata keçirildiyini bildirib: "Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən etibarən sahə işlərinə başlanılacaq.”

Onun sözlərinə görə, etilen və propilenlə yanaşı, müəssisədə hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar da istehsal olunur. S.Səlimli bildirib ki, İB-nin tərkibində Etilen İstehsalatı, Yüksək Təzyiqli Polietilen İstehsalatı və Buxar-Elektrik Enerjisi İstehsalat sahələri fəaliyyət göstərir: “Aşağı sıxlıqlı, yüksək təzyiqli polietilen 1800–2500 bar təzyiqdə istehsal olunur və daxili tələbat ödənildikdən sonra Türkiyə və Avropa ölkələrinə ixrac edilir. Buxar-elektrik enerjisi istehsalatımız müəssisələrimizi və "SOCAR Polymer"i yüksək, orta və aşağı təzyiqli buxarla təmin edir. Eyni zamanda, burada elektrik enerjisi də istehsal olunur. Artıq qalan buxardan əldə edilən elektrik enerjisi SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür. "Azərikimya" İB-də hidrogen selektiv hidrogenləşmə reaktorlarında tətbiq olunur. Burada məqsəd əsas məhsullarımız olan etilen və propilenin tərkibindəki asetilen birləşmələrini hidrogenləşdirmə yolu ilə etilen və propilenə çevirməkdir. "SOCAR Polymer"də isə hidrogen daxili tələbatın ödənilməsi üçün istifadə olunur. Hazırda müəssisənin istehsal gücü "SOCAR Polymer" və "Azərikimya"nın daxili tələbatı nəzərə alınmaqla, əvvəlki layihələr çərçivəsində artırılıb. 2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində etilen üzrə məhsuldarlığımız 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. Artıq 5 ildir ki, qurğu bu məhsuldarlıqla fəaliyyətini davam etdirir."

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”