Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və onu inkişaf etdirmək ən böyük milli nailiyyətdir. Azərbaycan xalqı da əsrlər boyu mürəkkəb siyasi proseslərdən, işğallardan, müharibələrdən və ağır sınaqlardan keçərək müstəqil dövlətçilik ideyasını yaşadıb və bu ideyanı reallığa çevirib. Bu gün Azərbaycanın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır. Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi məhz bu tarixi reallığın siyasi və hüquqi ifadəsidir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlandığını göstərən mühüm siyasi qərardır. Bu tarix təkcə təqvimə əlavə edilmiş əlamətdar gün deyil, xalqımızın onilliklər ərzində apardığı mübarizənin, milli iradəsinin və dövlətçilik əzminin nəticəsini ifadə edən rəmzi hadisədir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının fundamental şərtidir. Suveren dövlət öz ərazisində hakimiyyətin aliliyini təmin edən, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu subyekt kimi çıxış edən dövlətdir. Ərazi bütövlüyünün təmin edilməsi, sərhədlərin toxunulmazlığı, dövlət hakimiyyətinin bütün ərazi boyunca fəaliyyəti və konstitusiya quruluşunun qorunması suverenliyin mühüm göstəriciləridir.
Azərbaycanın müasir tarixində dövlət suverenliyi anlayışının xüsusi çəkisi məhz uzun illər ölkəmizin üzləşdiyi işğal problemi ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz nəticəsində torpaqlarımızın təxminən 30 il ərzində işğal altında qalmasına, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə, şəhər və kəndlərimizin dağıdılmasına, tarixi, dini və mədəni irsimizə ciddi ziyan vurulmasına baxmayaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü hüquqi baxımdan heç vaxt aradan qalxmadı.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edirdi. Lakin uzun illər ərzində aparılan danışıqlar real nəticə vermədi. Münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən beynəlxalq səylər işğal faktının aradan qaldırılmasına gətirib çıxarmadı. Ermənistanın qeyri-konstruktiv mövqeyi, yeni ərazi iddiaları və hərbi təxribatları vəziyyəti daha da mürəkkəbləşdirdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı. İşğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, Ağdam, Kəlbəcər və Laçın rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması təmin olundu. Bununla Azərbaycan öz hərbi-siyasi gücünü nümayiş etdirməklə yanaşı, uzun illər icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin faktiki icrasını özü təmin etdi. Lakin 2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, dövlət suverenliyinin tam təmin edilməsi üçün qarşıda mühüm vəzifələr qalırdı. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu, separatçı rejimin fəaliyyətini davam etdirməsi və ərazilərimizin bir hissəsində Azərbaycanın konstitusiya quruluşunun tam bərpa olunmaması bu məsələnin yekun həllini zəruri edirdi.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suveren ərazisində dövlət nəzarətini təmin etmək istiqamətində atdığı mühüm addımlardan biri oldu. Bu addım Azərbaycan dövlətinin sərhədlərinin toxunulmazlığını və öz ərazisində qanuni hakimiyyətini təmin etmək hüququnun həyata keçirilməsi baxımından mühüm siyasi və hüquqi əhəmiyyət daşıyırdı.
2023-cü ilin sentyabrında baş verən hadisələr isə dövlət suverenliyinin tam bərpası ilə nəticələnən həlledici mərhələ oldu. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və separatçı birləşmələr tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıq və dəqiqliklə yerinə yetirdi. Separatçı rejim özünü buraxdığını elan etdi və bununla Azərbaycanın bütün ərazisi üzərində dövlət hakimiyyəti və suverenliyi tam bərpa olundu.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Bu fikirlər 2023-cü ilin sentyabr hadisələrinin mahiyyətini dəqiq ifadə edir. Azərbaycanın həyata keçirdiyi tədbirlər dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisində konstitusiya quruluşunun bərpasına və qanuni hakimiyyətin təmin edilməsinə yönəlmişdi. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpası ilə başlayan proses 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsi ilə başa çatdı.
“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi artıq yalnız siyasi şüar deyil, Azərbaycanın dövlətçilik tarixində reallığa çevrilmiş siyasi iradənin ifadəsidir. Bu reallıq Azərbaycanın hərbi gücü ilə yanaşı, dövlət idarəçiliyinin, diplomatik mövqeyinin, milli həmrəyliyinin və beynəlxalq hüquqa əsaslanan prinsipial siyasətinin nəticəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi prosesin siyasi yaddaşda əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycanın müstəqilliyinin bərpasından sonra keçdiyi mürəkkəb və şərəfli yolun məntiqi nəticəsini ifadə edir. Dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqil siyasət yürütmək əzminin təntənəsidir. Bu baxımdan Prezident cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi də xüsusi siyasi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik bir-birini tamamlayan iki fundamental anlayışdır. Konstitusiya dövlət hakimiyyətinin hüquqi əsaslarını müəyyənləşdirir, suverenlik isə həmin hakimiyyətin ölkənin bütün ərazisində ali və müstəqil xarakter daşımasını təmin edir. Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərpası bu iki anlayışın real dövlətçilik müstəvisində vəhdətini təmin edib.
Bu gün Azərbaycan artıq yeni reallıqlar mərhələsinə qədəm qoyub. Dövlət suverenliyinin tam təmin olunması qarşıya yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də qoyur. Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, müasir infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin genişləndirilməsi və həmin ərazilərin ölkənin ümumi inkişafına inteqrasiyası suverenliyin praktiki məzmununu daha da gücləndirir. Suverenliyin əldə edilməsi qədər onun qorunması və möhkəmləndirilməsi də mühüm məsələdir. Bunun üçün güclü dövlət institutları, iqtisadi dayanıqlılıq, milli birlik, müdafiə qabiliyyəti, müasir diplomatiya və beynəlxalq münasibətlər sistemində fəal mövqe vacibdir. Azərbaycanın son illərdə regional və qlobal proseslərdə artan diplomatik çəkisi də dövlət suverenliyinin siyasi və iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xidmət edir.
Dövlət Suverenliyi Gününün ölkənin ictimai həyatında mühüm yer tutması həm də gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin hansı ağır sınaqlardan keçərək bərpa edildiyini bilmək milli yaddaşın qorunmasının mühüm şərtidir. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə əldə olunan Zəfər gələcək nəsillərə dövlət müstəqilliyinin və suverenliyin əsl dəyərini aşılayan mühüm tarixi dərsdir. Bu baxımdan 20 Sentyabr həm keçmişə ehtiram, həm bu günün reallıqlarına siyasi qiymət, həm də gələcəyə məsuliyyət mesajıdır. Dövlət suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində böyük bir mərhələnin başa çatdığını, eyni zamanda yeni inkişaf mərhələsinin başlandığını göstərir. Bu tarixi hadisənin rəmzi olaraq Bakı Metropoliteninin yeni stansiyasına “20 Sentyabr” adının verilməsi də xüsusi məna daşıyır. Bu ad gündəlik həyatın bir hissəsinə çevrilməklə dövlət suverenliyinin bərpası tarixini gələcək nəsillərin yaddaşında yaşatmağa xidmət edir.
Bu gün Azərbaycan xalqı ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilmiş ölkədə yaşayır. Dövlət sərhədlərinin toxunulmazlığı, bütün ərazilərdə konstitusiya quruluşunun və dövlət hakimiyyətinin təmin olunması Azərbaycanın qarşısında yeni strateji imkanlar açır. Qarşıdakı əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək, iqtisadi və sosial inkişafı sürətləndirmək, ölkənin beynəlxalq mövqelərini gücləndirmək və dayanıqlı sülhün təmin olunmasına töhfə verməkdir. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması Azərbaycan dövlətinin keçdiyi tarixi yolun məntiqi yekununu ifadə edir. Bu gün xalqımızın müstəqillik və dövlətçilik iradəsinin, qəhrəman Ordumuzun şücaətinin, şəhidlərimizin müqəddəs qanının və Azərbaycan dövlətinin qətiyyətli siyasətinin yaratdığı tarixi reallığın simvoludur. Ən başlıcası isə bu tarix Azərbaycanın öz taleyinə sahib çıxan, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən güclü və müstəqil dövlət kimi gələcəyə inamla addımladığını nümayiş etdirir.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı