18 sentyabr 2026 19:43
99

Diplomatik korpusun Qarabağa səfəri kimləri və niyə narahat edir?

Ermənistanda sülh danışıqlarını sabotaj etmək istəyənlər anlamalıdırlar ki…

Sentyabrın 11-12 də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyətinin Xankəndi, Şuşa, Ağdam və Kəlbəcərə səfəri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Bu 2020-ci ildən sonra diplomatik korpusun regiona artıq 22-ci səfəridir. Deməli, söhbət birdəfəlik təşəbbüsdən deyil, Azərbaycanın azad edilmiş ərazilərində gedən proseslərin beynəlxalq ictimaiyyətin nümayəndələrinə yerində təqdim edilməsini nəzərdə tutan ardıcıl diplomatik praktikadan gedir. Səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, xarici diplomatlar Qarabağdakı vəziyyəti müxtəlif siyasi şərhlər əsasında deyil, bilavasitə yerində müşahidə edərək öyrənmək imkanı əldə edirlər. Onlar dağıdılmış ərazilərin bərpasını, yeni yolları, yaşayış məntəqələrini, sosial infrastrukturu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini görürlər. Azərbaycanın nümayiş etdirdiyi mənzərə artıq müharibənin nəticələrindən deyil, postmünaqişə dövründə qurulan yeni həyatdan ibarətdir. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması da bu dəyişimin mühüm göstəricilərindən biridir.

Bundan başqa,  həmin səfər çərçivəsində erməni yalanları, saxta erməni tarixi bir daha ifşa olundu. Səfər erməni revanşist qüvvələri arasında dərin narahatlığa səbəb olub. Həm də elə Ermənistanın indiki hakimiyyəti arasında da bu səfərdən ciddi narahatlıq duyan tərəflər və şəxslər var. Bu baxımdan  Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamaları xeyli qərəzlidir. Əvvəla, bunu ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirmək olar. Digər tərəfdən,  Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, mövcud şəraitdə sülh müqaviləsinin və sülh prosesinin sabotaj edilməsidir. Bir sözlə, iki ölkə arasındakı mövcud sabit vəziyyətə və sülh lanışıqlarına maneə törətməkdir.

Qeyd edə ki, 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2020-ci il tarixlərində sərhəddə gedən döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin özü də Ermənistan tərəfindən törədilən növbəti təxribatdır.  Azərbaycanın cavab vermək məcburiyyətində qaldığı Ermənistanın  provokasiyasının gündəmə gətirilməsi və mövcud durum onu göstərir ki, deməli, cəmiyyətdə revanşist əhval-ruhiyyənin yüksəldilməsinə davam edilir.

Görünən odur ki,  Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafı da bu istiqamətdə qeyri-səmimi yanaşma ortaya qoyur. Məlumdur ki, revanşist qüvvələr sülhü istəmirlər. Lakin bu gün hətta Ermənistanın mövcud hakimiyyətinə yaxın mətbu orqanlarda  da revanşist fikirlər səsləndirilirsə bunun məsuliyyətini Ermənistanın real hakimyyəti  daşıyr. Bu, həm də göstərir ki, Paşinyanın və komandasının sülh istiqamətindəki istəkləri qeyri-səmimidir.

Bu gün  Azərbaycan dövlətinin diplomatik və xarici nümayəndə heyətlərini Qarabağa dəvət etməsi dövlətimizin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanışlıqdan gedir. Diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinin siyasi təzyiq və ya müdaxilə kimi təqdim edilməsi erməni cəmiyyətində keçmiş münaqişə məntiqinin hələ də tam aradan qalxmadığını göstərir. Burada aydın görünən məqam odur ki, Emənistanın sülh prosesində nümayiş etdirdiyi yanaşmalarla real davranışları arasındakı ziddiyyətlər mövcuddur. Yəni, Ermənistan bir tərəfdən Azərbaycanla sülhdən, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və regionda yeni münasibətlər sisteminin formalaşdırılmasından danışır, digər tərəfdən isə ölkənin n siyasi və informasiya məkanında Qarabağla bağlı əvvəlki iddiaların yenidən gündəmə gətirilməsinə şərait yaranır. Sülh haqqında danışıb, Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərinə etiraz etməksə məntiqi baxımdan  ziddiyət təşkil edir.

İndi Ermənistanın qarşısında konkret  iki yol var: ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti real siyasi davranışa çevirmək, keçmişin revanşist ritorikasından imtina etmək və sülhün ictimai əsaslarını formalaşdırmaq, ya da formal sülh bəyanatları ilə ziddiyyət təşkil edən köhnə siyasi yanaşmaları davam etdirmək. Birinci yol Cənubi Qafqazda sabitlik və əməkdaşlığa, ikinci yol isə etimadsızlığın və qarşıdurma risklərinin qorunub saxlanmasına aparır.

Azərbaycan dövlətinin  mövqeyi isə dəyişməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir və burada həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycanın daxili siyasətinin tərkib hissəsidir. Xarici diplomatların bu proseslərlə yerində tanış olması da tamamilə legitim və şəffaf diplomatik praktikadır. Buna etiraz etmək nə sülhə, nə normallaşmaya, nə də regional əməkdaşlığa xidmət edir. Əslində, diplomatik korpusun Qarabağa səfəri reallığı bir daha ortaya qoyaraq göstərir ki, münaqişənin hərbi mərhələsi başa çatıb, ərazi məsələsi Azərbaycanın suverenliyi çərçivəsində həll olunub və regionda yeni həyat qurulur. Ermənistanın qarşısında duran əsas vəzifə isə bu reallığı yalnız bəyanatlarda deyil, siyasi düşüncə və praktiki davranış səviyyəsində də qəbul etməkdir. Çünki həqiqi sülh səmimi siyasi mövqe tələb edir. Keçmiş iddiaları müxtəlif formalarda yaşatmaqla  sülhdən danışmaq isə artıq siyasi manipulyasiyadır.

Elçin Zaman, «İki sahil»