18 sentyabr 2026 14:45
109

Aİ Türkiyəyə plastik tullantıların ixracını qadağan edə bilər

Avropa Komissiyası (AK) Türkiyə onların təkrar emalı və havanın artan çirklənməsi problemini həll etməyəcəyi təqdirdə, bu ölkəyə plastik tullantıların ixracına qadağa qoyulması imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

AK-nın adı açıqlanmayan nümayəndəsi bildirib: "Əgər Türkiyə hakimiyyəti adekvat cavab verməsə və ya müvafiq tədbirlər görməsə, Avropa Komissiyası plastik tullantıların ixracının dayandırılması proseduruna başlaya bilər". Onun sözlərinə görə, plastiklərlə qeyri-düzgün rəftarla bağlı "bir neçə hal" aşkar edilib ki, bu da "ətraf mühitin çirklənməsi ilə bağlı ciddi problemlərə" səbəb olub.

Bununla belə, Aİ-nin icraedici hakimiyyəti sentyabrın 1-də tullantıların Türkiyəyə göndərilməsinin davam etdirilməsini təsdiqləyib.

Türkiyə bütün Avropa plastik tullantılarının üçdə birindən çoxunu emal üçün qəbul edir. 2025-ci ildə ölkə birlikdən təxminən 510 min ton plastik tullantı idxal edib ki, bu da təqribən 25 milyard ədəd 500 millilitrlik plastik butulkaya bərabərdir.