18 sentyabr 2026 11:46
98

Gürcüstanda "Namaxvani" SES-in tikintisinin dayanmasının səbəbi açıqlanıb

Gürcüstanın qərbində "Namaxvani" SES-in tikintisi layihəsinin 2021-ci ildə uğursuzluğa düçar olması Brüssel tərəfindən maliyyələşdirilən və dezinformasiya yayan QHT-lərin hibrid hücumunun nəticəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

"O zaman bu kampaniyanı tamamilə üç qeyri-hökumət təşkilatı kurasiya edirdi: "Yaşıl alternativ", "Sosial Ədalət Mərkəzi" və "Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası". Hər üçü Brüssel və digər mənbələr tərəfindən maliyyələşdirilirdi. Bu gün artıq hər kəs bilir ki, onların törətdikləri necə bir fars idi, bu, Gürcüstanın ən mühüm energetika layihələrindən birini fiaskoya uğratmaq üçün tam bir dezinformasiya və hibrid hücum idi. Brüsseldən maliyyələşən təşkilatlar bu layihəni batırmağa müvəffəq oldular", - deyə Papuaşvili bildirib.

Gürcüstan parlamentinin rəhbərinin dəqiqləşdirdiyi kimi, layihənin uğursuzluğu səbəbindən Türkiyənin "ENKA" şirkəti beynəlxalq arbitraja müraciət edib və nəticədə Gürcüstan hakimiyyətinin şirkətə cərimə olaraq 400 milyon dollar ödəmək təhlükəsi mövcuddur.

Papuaşvili vurğulayıb ki, bundan sonra belə hallar baş verməyəcək, çünki Gürcüstanda 2024-cü ildə qəbul edilmiş xarici agentlər haqqında qonun xaricdən maliyyələşən və ölkə əleyhinə fəaliyyətlə məşğul olan şəxsləri və təşkilatları dərhal müəyyən etməyə kömək edəcək.

Məlumat üçün qeyd edək ki, "Namaxvani" Rioni çayı üzərində tikilməsi planlaşdırılan kaskad tipli su elektrik stansiyasıdır. SES-in tikintisi ətraf mühit üçün risklərdən bəhs edən yerli əhalinin etirazları səbəbindən 2009-cu ildən bəri təxirə salınırdı. Layihə gücü 460 MVt olan stansiyanın inşasına 2020-ci ilin yayında başlanılsa da, yerli əhalinin narazılığı səbəbindən demək olar ki, bir il sonra dayandırılmışdı. İnvestisiyaların ümumi həcmi 800 milyon dollar təşkil etməli idi.