20 sentyabr 2026 16:10
185

Dövlət suverenliyindən beynəlxalq əməkdaşlığa: Xankəndinin yeni mərhələsi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, milli maraqlara əsaslanan və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, ölkəmizin etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmasına imkan yaradıb. Bu siyasətin nəticəsində Azərbaycan həm Avropa dövlətləri, həm türk dünyası, həm də digər regional və qlobal tərəfdaşlarla münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Ölkəmizin müxtəlif coğrafiyalarda fəal diplomatik mövqe nümayiş etdirməsi, yeni əməkdaşlıq imkanları yaratması və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqları genişləndirməsi Azərbaycanın xarici siyasət kursunun uğurlu nəticələrindəndir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan–Rumıniya münasibətləri də Azərbaycanın çoxşaxəli və məqsədyönlü xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir:

“Bildiyiniz kimi, Rumıniya Azərbaycanın müstəqilliyini Avropada ilk tanıyan ölkələrdən biridir. Ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələr davamlı şəkildə inkişaf edib. Qarşılıqlı etimad və ümumi maraqlara söykənən bu münasibətlər bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan–Rumıniya əlaqələrinin bugünkü yüksək səviyyəyə çatmasında, ilk növbədə, Cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursu mühüm rol oynayır. Məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Avropa ölkələri ilə münasibətlərini qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar prinsipləri əsasında ardıcıl şəkildə inkişaf etdirir. Rumıniya ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bu məqsədyönlü siyasətin konkret nəticələrindən biridir. Məhz belə möhkəm və qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda sentyabrın 17-də Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri arasında qardaşlaşma sazişinin hazırlanması ilə bağlı Niyyət Protokolunun imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu sənəd iki şəhər arasında gələcək əməkdaşlığın əsasını qoymaqla yanaşı, Azərbaycan–Rumıniya münasibətlərinin şəhərlər səviyyəsində də yeni məzmun qazandığını göstərir. Eyni zamanda, Xankəndinin beynəlxalq şəhərlərarası əməkdaşlıq proseslərinə qoşulması onun Azərbaycanın yeni inkişaf mərhələsində tutduğu mövqeyin daha bir göstəricisidir”.

Deputat bildirib ki, bu tarixi və olduqca əhəmiyyətli sənədin 20 Sentyabr – Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ərəfəsində imzalanması isə onun siyasi və mənəvi əhəmiyyətini daha da artırır:

“Çünki Xankəndi Azərbaycanın dövlət suverenliyinin tam bərpasının ən mühüm simvollarından biridir. Uzun illər separatizm və işğalın yaratdığı süni reallıqların mərkəzində olan şəhər bu gün Azərbaycanın suveren ərazisinin ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Xankəndidə aparılan bərpa və quruculuq işləri, şəhərin ölkənin ictimai-siyasi və sosial həyatına inteqrasiyası bu yeni mərhələnin əsas istiqamətlərindəndir. Baia Mare ilə qardaşlaşma təşəbbüsü də Xankəndinin yeni simasının daha bir ifadəsidir. Artıq Xankəndi yalnız Qarabağın deyil, Azərbaycanın beynəlxalq əlaqələr sisteminə açılan şəhərlərindən birinə çevrilir.

Parlamentari xatırladıb ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi, ölkənin konstitusiya quruluşu təmin olundu. Bununla Azərbaycan xalqının müasir tarixində mühüm bir mərhələ başa çatdı və Qarabağda yeni dövr başladı.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış şəhərlərimizin bərpası, müasir infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi və regionun ölkənin sosial-iqtisadi həyatına tam inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu prosesin miqyası və sürəti Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərə necə ardıcıl şəkildə nail olduğunu göstərir. Bütün bunların təməlində isə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Güclü iqtisadiyyatın formalaşdırılması, müdafiə potensialının artırılması, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan diplomatik xətt vahid strategiyanın mühüm istiqamətləri olub”.

Səbinə Salmanova onu da vurğulayıb ki, Xankəndinin Baia Mare ilə qardaşlaşması Azərbaycanın əldə etdiyi tarixi Zəfərin, bərpa olunmuş dövlət suverenliyinin və Qarabağda başlayan yeni inkişaf mərhələsinin beynəlxalq müstəvidə əks-sədasıdır:

“Vaxtilə separatizmin yaratdığı süni reallıqların mərkəzində olan Xankəndinin bu gün xarici şəhərlə qardaşlıq münasibəti qurması Azərbaycanın keçdiyi tarixi yolun miqyasını aydın göstərir. Əminəm ki, Xankəndi ilə Baia Mare arasında qardaşlaşma münasibətləri qarşıdakı dövrdə iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə yeni layihələrlə zənginləşəcək. Bu əlaqələr yalnız iki şəhərin deyil, bütövlükdə Azərbaycan–Rumıniya tərəfdaşlığının daha da dərinləşməsinə xidmət edəcək.

Ən əsası isə bu təşəbbüs bir daha göstərir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməyib, həm də Zəfərdən sonrakı dövrün yeni reallıqlarını formalaşdırır. Xankəndinin bu gün Azərbaycanın suverenliyinin, quruculuq siyasətinin və beynəlxalq əməkdaşlığının fəal iştirakçısına çevrilməsi həmin siyasətin real nəticəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində Xankəndinin yeni tərəfdaşlığa imza atması isə xalqımızın tarixi Zəfərinin artıq yeni inkişaf, quruculuq və beynəlxalq əməkdaşlıq səhifələri açdığını nümayiş etdirir. Bu prosesdə Xarici İşlər Nazirliyinin, o cümlədən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Rumıniyadakı Səfirliyi də iki ölkə arasında siyasi, iqtisadi, humanitar və şəhərlərarası əlaqələrin inkişafına, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfələr verir. Səfirliyin Azərbaycan–Rumıniya münasibətlərinin daha da möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının və həqiqətlərinin Rumıniyada layiqincə təbliği, eləcə də yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyət Xankəndi ilə Baia Mare arasında qardaşlaşma təşəbbüsünün də meydana gəlməsini şərtləndirən mühüm amillərdəndir. Bu təşəbbüs Azərbaycanın xarici siyasətinin, diplomatik fəaliyyətinin və Zəfərdən sonra formalaşdırdığı yeni reallıqların bir-birini tamamlayan nəticələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır”.