20 sentyabr 2026 15:51
90

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Tarixi Zəfərdən Böyük Qayıdışa: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni həyatın başlanğıcı

Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onların mahiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, xalqın milli yaddaşında bütöv bir dövrün simvoluna çevrilir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz belə əlamətdar tarixlərdəndir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının dövlət suverenliyi tam təmin edildi. Bu tarixi hadisədən sonra Qarabağın digər yaşayış məntəqələri kimi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan dövlətinin üçrəngli bayrağı ucaldıldı.

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” kimi təsis edilib. Beləliklə, 2026-cı ildə bu əlamətdar tarix artıq ikinci dəfə qeyd olunur.

Bu gün həm Azərbaycanın dövlət suverenliyinin tam bərpasının, həm də işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf mərhələsinin rəmzidir.

Ağdərə rayonunun yaradılması

İşğaldan azad edilmiş ərazilərdə tarixi ədalətin bərpası yalnız ərazilərin azad olunması ilə yekunlaşmır. Bu proses eyni zamanda həmin torpaqlarda dövlət idarəçiliyinin, inzibati ərazi bütövlüyünün, yaşayış məntəqələrinin və sosial-iqtisadi həyatın yenidən qurulmasını əhatə edir.

Bu baxımdan Ağdərə rayonunun yenidən yaradılması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Milli Məclisinin 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Ağdərə rayonu yenidən yaradılıb və Ağdərə şəhəri rayonun inzibati mərkəzi müəyyən edilib. Bununla da Ağdərənin Azərbaycanın inzibati ərazi bölgüsündə tarixi statusu bərpa olunub.

Bu qərar işğaldan azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin bərpası və yeni inkişaf modelinin formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi uğurla davam edir

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasətinin əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməkdir.

Bu gün Böyük Qayıdış artıq real nəticələrini göstərir. İşğaldan azad edilmiş şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, inzibati və sosial obyektlər inşa edilir, yollar və kommunikasiya infrastrukturu yenilənir.

Xankəndidə də bu proses ardıcıl şəkildə həyata keçirilir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla, ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib.

Bu rəqəmlər Böyük Qayıdışın artıq real insan talelərində öz ifadəsini tapdığını göstərir.

Xocalıda da qayıdış prosesi başlayıb. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı həyata keçirilir və proses davam edir.

Beləliklə, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması Qarabağda yeni tarixi mərhələnin ən mühüm göstəricilərindən biridir.

Xankəndi – Azərbaycan dövlətçiliyinin tarixi rəmzlərindən biri

Xankəndinin Azərbaycanın nəzarətinə qayıtması ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının mühüm mərhələlərindən biri oldu.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısının Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltması xalqımızın 30 ildən artıq gözlədiyi tarixi anlardan biri kimi yadda qaldı.

Həmin səfər zamanı Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində də olub və əraziyə baxış keçirib.

Xankəndi sonrakı dövrdə də mühüm ictimai və idman tədbirlərinin keçirildiyi məkana çevrildi. 2023-cü il noyabrın 8-də şəhərdə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

Dekabrın 21-də Xankəndi stadionunda “Qarabağ” və MOİK komandaları arasında futbol oyununun keçirilməsi isə şəhərin ictimai həyatının yenidən canlanmasının diqqətçəkən nümunələrindən biri oldu.

2024-cü il fevralın 7-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndidə səs verməsi də şəhərin Azərbaycan siyasi və ictimai həyatına tam inteqrasiyasının mühüm rəmzi hadisələrindən biri idi.

Bu gün Xankəndi artıq yalnız azad edilmiş şəhər deyil, yeni quruculuq mərhələsinə qədəm qoyan Qarabağın mühüm mərkəzlərindən biridir.

Xocavənd – qədim tarixdən müasir quruculuğa

Xocavənd Azərbaycanın zəngin tarixi-mədəni irsə malik bölgələrindən biridir. Bu ərazidə yerləşən qədim yaşayış məskənləri, mağaralar və tarixi abidələr Azərbaycan torpaqlarının çoxəsrlik tarixinin mühüm səhifələrini özündə yaşadır.

Prezident İlham Əliyevin Xocavəndə səfərləri də rayonun gələcək inkişafı, tarixi-mədəni irsinin qorunması və bərpa prosesinin istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Xocavənd rayonunun Böyük Tağlar kəndində olub. 2021-ci il martın 15-də dövlət başçısı Edilli və Düdükçü kəndləri ilə tanış olub, Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. Həmin səfər zamanı Hünərli kəndində qədim Alban məbədinə, Tuğ kəndində dağıdılmış məktəb binasına və qədim Alban məbədinə baxış keçirilib, Tuğ kəndinin mərkəzi və Azıx mağarası ilə tanış olub. 2021-ci il iyunun 14-də isə Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməli qoyulub.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bütün bunlar Xocavəndin tarixinin, mədəni irsinin və müasir inkişaf perspektivlərinin Azərbaycanın yeni Qarabağ siyasətində mühüm yer tutduğunu göstərir.

Xocalı – faciədən dirçəlişə

Xocalı Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan şəhərdir. Xocalı adı həm 1992-ci il faciəsinin ağır xatirəsini, həm də tarixi ədalətin bərpasını özündə birləşdirir.  2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Xocalı şəhərinin Azərbaycanın nəzarətinə keçməsi tarixi hadisə oldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Həmin səfər zamanı dövlət başçısı şəhərin ərazisinə baxış keçirdi. Eyni gün Xocalı rayonunun Əsgəran qəsəbəsində də Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı və Əsgəran qalasına baxış keçirildi. 2023-cü il dekabrın 20-22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunun bir sıra yaşayış məntəqələrində olublar. Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə baxış keçirilib.

2024-cü il fevralın 26-da isə Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu gün Xocalıda yeni yaşayış məhəllələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı faciədən dirçəlişə doğru gedən tarixi yolun real ifadəsidir.

Ağdərə – dövlət bayrağının ucaldığı yeni inkişaf məkanı

Ağdərə də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının simvoluna çevrilən yaşayış məntəqələrindən biridir.

2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri Azərbaycanın nəzarətinə keçdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və şəhərin ərazisinə baxış keçirdi. Ağdərə rayonunun yenidən yaradılması ilə bu ərazi Azərbaycanın inzibati ərazi sistemində öz əvvəlki statusunu bərpa etdi. Qarşıdakı mərhələdə burada bərpa və quruculuq işlərinin genişləndirilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi əsas istiqamətlərdən olacaq.

Prezident İlham Əliyevin səfərləri – dövlət qayğısının və Böyük Qayıdış siyasətinin göstəricisi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı səfərlər Azərbaycanın bu ərazilərlə bağlı siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Bu səfərlər zamanı dövlət başçısı azad edilmiş ərazilərin vəziyyəti ilə yerində tanış olub, Dövlət Bayrağını ucaldıb, infrastruktur layihələrinin təməlini qoyub, tarixi-mədəni irs nümunələrinə baxış keçirib və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib.

Bu baxımdan həmin səfərlərin hər biri Böyük Qayıdış prosesinin ayrı-ayrı mərhələlərini əks etdirən mühüm hadisələrdir.

Zəfərdən quruculuğa, quruculuqdan Böyük Qayıdışa

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində mühüm bir mərhələni ifadə edir.

Bu tarix bir tərəfdən 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpa olunmasını xatırladırsa, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinin əhəmiyyətini ön plana çəkir.

Azərbaycanın Qarabağda həyata keçirdiyi siyasətin əsas istiqaməti artıq aydındır: azad edilmiş torpaqlarda həyatın bərpası, insanların doğma yurdlarına qayıdışı, şəhər və kəndlərin müasir tələblər əsasında yenidən qurulması və bölgənin davamlı inkişafının təmin edilməsi.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu yeni mərhələnin mühüm ünvanlarıdır. Bu gün həmin şəhərlərdə dalğalanan Azərbaycan Bayrağı 30 ildən artıq davam edən işğala son qoyulmasının, dövlət suverenliyinin bərpasının və tarixi torpaqlarımızda yeni həyatın başlanmasının rəmzidir.

20 Sentyabr həm də göstərir ki, Azərbaycan üçün Zəfər yalnız hərbi qələbə deyil. Zəfər həm də quruculuq, qayıdış, dirçəliş və gələcəyə inamdır.

Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə yenidən qurulan həyat Azərbaycanın tarixi Zəfərinin davamıdır. Doğma yurdlarına qayıdan ailələr, yenidən salınan şəhərlər, bərpa olunan yollar və yaradılan müasir infrastruktur Böyük Qayıdışın artıq real və dönməz prosesə çevrildiyini nümayiş etdirir.

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızda qurulan yeni həyatın rəmzi kimi bundan sonra da xüsusi əhəmiyyət daşıyacaq.

İlqar İlyasov,
​YAP Qaradağ rayon təşkilatının sədri