21 sentyabr 2026 14:21
115

“B-READY” hesabatı çərçivəsində media nümayəndələri üçün növbəti seminar keçirilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Dünya Bankı Qrupunun “Business Ready” (B-READY) hesabatı çərçivəsində media nümayəndələri üçün növbəti maarifləndirici seminar keçirib. Məqsəd media nümayəndələrinin “B-READY” hesabatının metodologiyası və Azərbaycanın hesabatdakı nəticələri barədə məlumatlılığının artırılması, mediada düzgün şərh edilməsinə dəstək göstərilməsi olub.

 

Görüş internet xidmətləri sahəsində təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq təşkil edilib. 

 

İKTA-nın Statistika şöbəsinin əməkdaşı Rəşad HəsənovAzərbaycanın “B-READY 2025” hesabatında əldə etdiyi nəticələr barədə iştirakçılara ətraflı məlumat verib.

 

Seminarda hesabatın məqsədləri, əhatə etdiyi mövzular, məlumatların toplanması və qiymətləndirilməsi mexanizmləri, ölkələrin qiymətləndirmədə iştirak meyarlarına dair təqdimat olub. Bildirilib ki, qiymətləndirmə üçün məlumatlar əsasən özəl sektor ekspertlərindən və müəssisələrdən toplanır. Qiymətləndirmə üç əsas istiqamət – Tənzimləyici çərçivə, Dövlət xidmətləri və Fəaliyyət effektivliyi üzrə aparılır. Bu istiqamətlər biznesi tənzimləyən qaydaları və tələbləri, biznesə göstərilən dövlət xidmətləri və yaradılmış infrastrukturu, həmçinin onların praktikada nə dərəcədə effektiv işlədiyini qiymətləndirir. Bütün mövzular üzrə rəqəmsallaşma, ekoloji davamlılıq və gender məsələləri də nəzərə alınır.

 

Təqdimatda, həmçinin internet və telekommunikasiya xidmətləri üzrə tətbiq olunan yanaşmalar izah edilib.Azərbaycanın bu sahədəki nəticələri və region ölkələri ilə müqayisədə tutduğu mövqe barədə məlumat verilib.

 

Seminarda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.