Dövlətimizin başçısı İlham Əliyev sentyabr ayının 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələlərdəndir. Təkcə son günlərdə Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlərə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev sözügedən qəbulda çıxışı zamanı da bu tədbirlərə xüsusi diqqət yönəldərək bildirdi ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbir keçirilir. Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir.
Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik.
Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Azərbaycana gəldikdə isə cənab İlham Əliyev vurğuladı ki, biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir. Reallıq budur ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Azərbaycanın döyünən ürəyi Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı”, eyni zamanda, Türkiyənin Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu birliyin sıx tellərlə bağlılığını təsdiqləyən addımlar sırasındandır. Türk dövlətləri daim bu reallığı önə çəkirlər ki, Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir. Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər, bütün bunlar təşkilatımızı möhkəmləndirir. Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev ölkələrimizin bu üstünlüyünü də xüsusi qeyd etdi ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur.
Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi hamımız üçün həyati əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirilir. Dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır.
Beləliklə, rəhbərlik səviyyəsində ümumi maraqlarımızın, ümumi planlarımızın olduğu barədə ümumi anlayış mövcuddur və onların həyata keçirilməsi, yenə də daha çox ölkələrimizin mövcud və mümkün təhdidlərdən nə dərəcədə qorunmasından asılı olacaq. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, bugünkü təhdidlər ideoloji xarakter daşıyır. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Türk Dövlətləri Təşkilatı: Birlik, təhlükəsizlik və əməkdaşlıqla güclənən beynəlxalq mövqe