Dövlətimizin başçısı İlham Əliyev həm Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən təşkilatın beynəlxalq nüfuzunun artmasını şərtləndirən amilləri diqqətə çatdırdı
Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Dövlətimiz ayrı-ayrı ölkələrlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrini qarşılıqlı etimad prinsipləri əsasında qurur, bunu dövlətlərarası münasibətlərdə əsas amil kimi önə çəkir. Azərbaycan həmişə əməkdaşlıq, həmrəylik mərkəzi kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, qlobal problemlərin Azərbaycanda müzakirəsi özlüyündə bütün məqamlara aydınlıq gətirir. Bu mühüm məqamı da qeyd edək ki, Türk dünyasının, İslam dünyasının birliyi xarici siyasətimizin əsas prioriteti kimi diqqətdədir.

Bu günlərdə Türk Dövlətləri Təşkilatı daxilində keçirilən iki mühüm tədbir bunu bir daha təsdiq edir. Sentyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və dahi şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Hər iki tədbirin eyni vaxtda təşkili regionda mənəvi birliyin təqdimatı baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirdi ki, bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var: “Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir.”

Tədbirlərdə bir çox ölkələrdən dini liderlərin iştirakı da xüsusi qeyd edildi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirdilər. Yəni bu, birliyin nümunəsidir. Cənab İlham Əliyev onu da qeyd etdi ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
Cənab İlham Əliyev həmin çıxışında Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrdən də geniş bəhs etdi. Bu çağırışı etdi ki, Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə Azərbaycanın təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirildi. Bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul etdik. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Cənab İlham Əliyev Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslərin, anlaşılmazlığın, bəzi hallarda toqquşmaların başa çatacağına ümid etdiyini bildirdi: “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik.”

Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələri mövcuddur. Cənab İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən keçilən yolun təhlili fonunda bu reallığı diqqətə çatdırdı ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər.
Azərbaycanın təşkilata üzv ölkələrlə iki tərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan münasibətlərində aydın görmək mümkündür. Cənab İlham Əliyev bu münasibətlərə ayrı-ayrılıqda xüsusi diqqət yönəltdi. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdı, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, bizim əsas xarici siyasət prioritetimizdir. Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.
Ortaq dəyərlərə, qardaşlığa, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri dərin tarixi köklərə söykənir. Eyni kökdən qaynaqlanan bu qardaşlığı birləşdirən siyasi, iqtisadi maraqlar daha da möhkəmlənir, dünyada unikal nümunəyə çevrilir. Son illər dünyada, o cümlədən bölgəmizdə baş verən proseslər, bütün dövlətlər kimi, bu iki qardaşın birliyi üçün də sınaq oldu. Türk dünyasının birliyini istəməyən, bu dostluğa qısqanclıqla yanaşan qərəzli qüvvələrə qarşı birlikləri ilə cavab verən Azərbaycanla Türkiyə bu qardaşlığın təntənəsini birgə yaşayırlar. Türk dünyasının dahi öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mənəvi sərvətlər əsasında möhkəmlənən sarsılmaz qardaşlığın daha sıx tellərlə möhkəmlənməsi beynəlxalq müstəvidə belə təsdiqlənir. Azərbaycanla Türkiyənin qarşılıqlı, faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz iki qardaş ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin güclənməsidir.
Əvvəldə də qeyd etdiyimiz kimi, 2009-cu ildə Azərbaycanın qədim diyarı Naxçıvan şəhərində keçirilən toplantıda Türk Şurasının yaradılması ilə bağlı sazişin imzalanması ilə oxşar tarixə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə malik dövlətlərin qarşısında mühüm vəzifələr qoyuldu. O vaxt sazişi imzalayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin dövlət başçılarının birgə səyi ilə genişlənən dövlətlərarası əməkdaşlıq sayəsində 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrilməklə üzvlərinin də sayı artdı. Bu gün 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr genişləndikcə təşkilatın beynəlxalq nüfuzu da artır. Şərqdən Qərbə uzanan, beynəlxalq əhəmiyyəti artan Orta Dəhliz layihəsinin qovşağında yerləşən, aparıcı rola, mühüm tranzit imkana malik Azərbaycan dünyanın nəqliyyat xəritəsini yeniləyən dövlət adlandırılmaqla türk həmrəyliyinin də aparıcı gücüdür. Bu birliyin vacibliyini «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq» fikirləri ilə təsdiqləyən Prezident İlham Əliyevin Türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edən çağırışlarına dəstək yüksək səviyyədədir. Bu sırada dövlətimizin başçısının təşəbbüsü əsasında Türk Dövlətləri Təşkilatının hər il qeyri-rəsmi Zirvə görüşünün keçirilməsini qeyd etmək istərdik. Cənab İlham Əliyev toplantı iştirakçıları ilə görüşündə bu məsələyə də diqqət yönəldərək bildirdi ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq: “Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər və ilk qeyri-rəsmi Zirvə görüşü Şuşada, daha sonra isə digər ölkələrdə də keçirildi.”
Orta Dəhlizin mühüm tərəfdaşlarından olan Azərbaycanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xüsusi diqqət yetirilən
nəqliyyat-logistika infrastrukturu müasir tələblərə tam cavab verir, bu marşrut üzrə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artır. Dünya birliyində etimad qazanan qurum kimi tanınan TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın, dostluq və qardaşlıq əlaqələrinin güclənməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Bu birlik İkinci Qarabağ müharibəsində, 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında da bir daha sınaqdan uğurla çıxdı. Bu gün işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. TDT-yə üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə layiqli töhfələrini verirlər. Füzulidə qardaş Özbəkistanın təşəbbüsü ilə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstanın xalqımıza hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi qardaşlıq töhfələrinin nümunələrindəndir. Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan «Dost Aqropark» ağıllı kənd təsərrüfatı kompleksi TDT-yə üzv dövlətlərin dəstəyinin ortaq soykök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın ifadəsidir. Ağdamda "Manas" adına məktəbin istifadəyə verilməsi, Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması, İssık-Kul gölü sahilində "Bakı" hotelinin inşası Azərbaycan və Qırğız xalqları arasında qarşılıqlı hörmətin və mənəvi bağlılığın real ifadəsidir. Bu layihələr ortaq tariximizin, mədəni irsimizin və Türk dünyasının birliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Reallıq budur ki, tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsində aparıcı rola malik ölkəmizin fəallığını “Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir. Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk” fikirləri ilə ifadə edən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində qeyd etdi ki, bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir. Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın xarici siyasətində türk dövlətləri arasında münasibətlərin əsas prioritet kimi aktuallığını qoruması müasir dövrümüzdə daha önəmli və vacibdir. Dünya düzəninin gərginləşdiyi, qlobal hadisələrə baxışların çarpazlaşdığı, beynəlxalq müstəvidə yeni tələblərin səsləndirildiyi indiki məqamda təşkilatın qarşısında daha mühüm vəzifələr durur. Hazırda Türk dünyasının sarsılmaz birliyi reallığa çevrilməklə, qlobal məsələlərin həllində iştirakı, məsələlərə təsiretmə imkanları təsdiqlənmiş və təkzibedilməz faktdır. Böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlik birgə səylərlə, praktiki addımlarla daha da güclənir. ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
Yeganə Əliyeva, “İki sahil”