Azərbaycanın kapital bazarlarının inkişafında və investisiya ekosisteminin formalaşmasında xüsusi rolu olan PAŞA Kapital İnvestisiya Şirkəti və iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı mövqeyə malik Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, memorandumu PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev və UNEC-in rektoru, professor Ədalət Muradov imzalayıblar.
İmza mərasimində hər iki qurumun nümayəndələri iştirak edərək, əməkdaşlığın əsas istiqamətləri və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Əməkdaşlığın əsas məqsədləri arasında tələbələrin nəzəri biliklərinin maliyyə və kapital bazarlarının praktiki təcrübəsi ilə tamamlanmasına, onların peşəkar bacarıqlarının inkişafına və maliyyə savadlılığının artırılmasına töhfə verməkdir.
Memorandum çərçivəsində UNEC-in maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və digər uyğun ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün PAŞA Kapital-ın mütəxəssislərinin iştirakı ilə praktiki təlimlərin, seminarların, master-klassların və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq, həmçinin tələbələrin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərilməsini, UNEC tələbələri və məzunları üçün karyera imkanlarının yaradılmasını, maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsini, eləcə də korporativ sosial məsuliyyət çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini əhatə edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı Direktoru İsi Mustafayev bildirib ki: “Əsas hədəflərimizdən biri kapital bazarını böyütmək və onun davamlı inkişafına töhfə verməkdir. Güclü kapital bazarının formalaşması üçün bu sahədə bilikli, müasir yanaşmalara sahib və praktiki bacarıqları olan mütəxəssislərin yetişdirilməsi vacibdir. UNEC ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif dillərində seminarların keçirilməsini, mütəxəssislərimizin bilik və praktiki təcrübələrini tələbələrlə bölüşməsini nəzərdə tuturuq..”
PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi Mustafayev bildirib: “Kapital bazarının davamlı inkişafında peşəkar insan kapitalının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. UNEC ilə əməkdaşlığımız vasitəsilə tələbələrin real bazar təcrübəsi ilə daha yaxından tanış olmasına, praktiki bilik və bacarıqlarını inkişaf etdirməsinə töhfə verməyi hədəfləyirik. İnanırıq ki, biznes və universitet əməkdaşlığının gücləndirilməsi maliyyə sektorunda gələcək mütəxəssislərin və liderlərin yetişməsinə dəstək olacaq.”
UNEC-in rektoru, professor Ədalət Muradov qarşılıqlı əməkdaşlığın tələbələrin iş həyatına praktiki hazırlığı baxımından əhəmiyyətini vurğulayıb:
“Universitet–biznes əməkdaşlığı müasir təhsil modelinin mühüm istiqamətlərindən biridir. PAŞA Kapital ilə qurulan əməkdaşlıq tələbələrimizin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərini real biznes təcrübəsi ilə zənginləşdirməsinə imkan yaradacaq. Eyni zamanda, bu əməkdaşlığın tələbələrimizin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına və peşəkar inkişafına töhfə verəcəyinə inanırıq.”
Tədbir çərçivəsində PAŞA Kapital nümayəndələri UNEC-in tədris infrastrukturu ilə yaxından tanış olub, tələbələrin təhsili, peşəkar inkişafı və praktiki bacarıqlarının gücləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat əldə ediblər.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi