22 sentyabr 2026 21:45
71

Saxtalaşdırılan tarix və silinməyən alban izi

VIII əsrdən başlayan siyasi-dini təzyiqlər və XIX əsrdən etibarən intensivləşən arxeoloji və epiqrafik mənimsəmə siyasəti Qafqaz Albaniyasının maddi-mədəni irsinə böyük zərbə vurmuşdur

Qərbi Azərbaycan İcmasında (QAİ) indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə işçi qrupu yaradılıb. QAİ-nin məlumatına görə, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb. "Azərbaycan elmi mühitində XVI–XIX əsrlər alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması işçi qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur", - məlumatda vurğulanıb.

"2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfəri mədəni irsin diplomatik gündəmə çıxdığını göstərdi. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsi, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrini, deportasiya olunmuş azərbaycanlıların varisləri kimi, öz irsinin tərkib hissəsi hesab edir. Bu mövqeyi beynəlxalq elmi mühitdə yalnız mənbələrə söykənən faktlar və təkrar yoxlanıla bilən tədqiqatlar əsaslandıra bilər. Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcəkdir", - QAİ-dən bildirilib.

Məlumdur ki, Qafqaz Albaniyası Cənubi Qafqazın qədim dövlətçilik və dini memarlıq tarixində xüsusi yer tutur. Mərkəzi və şərq torpaqları ilə yanaşı, Qafqaz Albaniyasının qərb torpaqları - tarixi Zəngəzur (Sünik/Sisian/Qafan/Gorus), Dərələyəz (Yexeqnadzor) və Göyçə gölü hövzəsi (Geqarkunik) əsrlər boyu alban xristian mədəniyyətinin, yepiskopluq mərkəzlərinin və monastır memarlığının mühüm ocaqları olmuşdur. IV əsrin əvvəllərində xristianlığın alban hökmdarı Urnayr tərəfindən dövlət dini kimi qəbul edilməsindən sonra bu regionlarda çoxsaylı məbədlər, monastır kompleksləri və dini maarif mərkəzləri inşa edilmişdir. Qafqaz Albaniyasının vilayətlərindən olan Sünik (Zəngəzur və Dərələyəzin böyük hissəsi) alban kilsə ənənəsində mühüm yepiskopluq mərkəzi sayılmışdır. Erkən orta əsrlər alban tarixçisi Movses Kalankatlı və digər mənbələr təsdiq edir ki, bu ərazilər Alban Apostol Kilsəsinin inzibati və mənəvi nüfuz dairəsinə daxil idi. Göyçə gölü hövzəsi və Dərələyəz keçid yolları üzərində yerləşdiyindən, burada tikilən xristian kompleksləri həm dini, həm də strateji və mədəni mərkəz rolunu oynayırdı. Sünik kilsəsi əsrlər boyu Alban Katolikosluğu ilə sıx əlaqədə olmuş, dini ayinlər və memarlıq üslubu ümumalban xristian ənənəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Zəngəzur, Dərələyəz və Göyçə hövzəsində günümüzədək gəlib çatmış və ya qalıqları qalmış bir çox məbəd erkən xristian və alban dini memarlığının bariz nümunələridir: Tatev Monastır Kompleksi (Zəngəzur / Qafan-Gorus ərazisi): VIII–IX əsrlərdə əsası qoyulmuş və regionun ən böyük dini-maarif mərkəzlərindən birinə çevrilmişdir. Memarlıq quruluşu, bazilika və günbəzli məbəd forması erkən alban və Qafqaz xristian memarlığının elementlərini daşıyır. Tanaat (Tanahat) və ya Müqəddəs Stepanos Məbədi (Dərələyəz): V–VI əsrlərə aid olunan erkən xristian bazilikasının üzərində inşa edilmiş kompleksdir. Dərələyəz mahalı üzrə ən qədim dini ocaqlardan hesab olunur. Göyçə Gölü Hövzəsi Məbədləri (Sevanavank, Hayravank): IX əsrdə Göyçə gölünün yarımadasında və sahilində inşa edilən bu məbədlər regionun erkən orta əsr xristian abidələridir. Göyçə hövzəsindəki bir çox kilsə zəngin daş yonma sənəti və spoliya (daha qədim alban abidələrinin daşlarından istifadə) nümunələri ilə seçilir. Həmçinin Qoşavəng və Xotavəng əlaqəli üslub abidələri: Zəngəzur və ətraf rayonlardakı kiçik kənd kilsələri və alban xaçdaşları regionun spesifik xristian irsini əks etdirir.

705-ci ildə Ərəb Xilafətinin dəstəyi ilə alban kilsəsinin erməni-qriqoryan kilsəsinə tabe etdirilməsindən sonra Sünik, Zəngəzur və Göyçə bölgələrindəki alban dini irsi tədricən qriqoryanlaşma prosesinə məruz qaldı.  1836-cı ildə Rusiya imperatoru I Nikolayın fərmanı ilə Alban Apostol Kilsəsinin tamamilə ləğv edilməsi və var-dövlətinin, arxivlərinin Eçmiədzinə həvalə olunması ilə bu ərazidəki alban xristian abidələri, epiqrafik yazıları və əlyazmaları erməniləşdirilmişdir. Qafqaz Albaniyasına məxsus bir çox maddi-mədəniyyət nümunəsi, o cümlədən daş yazılar, kitabələr və memarlıq abidələri zamanla dəyişdirilməyə və ya saxtalaşdırılmağa məruz qalmışdır. Bu cür müdaxilələr qədim Azərbaycan torpaqlarında mövcud olmuş alban mədəni irsinin izlərini itirmək və bu abidələri başqa bir xalqın tarixi irsi kimi qələmə vermək məqsədi daşımışdır.

İndiki Ermənistan Respublikasının ərazisində yerləşən Zəngəzur, Dərələyəz və Göyçə hövzəsinin xristian abidələri yalnız bir xalqa və ya mədəniyyətə deyil, bütün Qafqazın qədim xristianlıq tarixinə aid olan zəngin bir irsdir. Bu baxımdan sözügedən abidələrin alban mənşəyinin, orijinal memarlıq dilinin və tarixi aidiyyətinin elmi obyektivliklə öyrənilməsi Cənubi Qafqazın orta əsrlər tarixinin doğru dəyərləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sevinc Azadi, ”İki sahil