22 sentyabr 2026 20:30
100

Böyük Qayıdış: Doğma yurda köç edən soydaşlarımızın sevinc dolu göz yaşları müqəddəsdir, ülvidir…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir

Vətən müharibəsindəki tarixi Zəfər ilə işğaldan azad edilən, üç onillik ərzində erməni vandalları tərəfindən tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur. Bu bölgələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks yenidənqurma və bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Ermənistanın uzun illər davam edən işğalı zamanı tamamilə dağıdılmış kəndlər, şəhərlər, infrastruktur obyektləri, yerlə-yeksan edilmiş tarixi, mədəni və dini abidələr əsl memarlıq üslubuna uyğun olaraq bərpa olunur, emal və infrastruktur müəssisələri inşa edilir. Ərazilərin minalardan təmizlənməsi işləri istiqamətində mühüm addımlar atılır.

Tarixinin ən qüdrətli və şərəfli dövründə yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü Böyük Qayıdış proqramı çərçivəsində sürətlə və mərhələli şəkildə davam edir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış kəndlər, qəsəbələr və şəhərlər yenidən qurulduqca, infrasturktur təmin edildikcə qarabağlılar və şərqi zəngəzurlular öz ata-baba torpaqlarına köçürülürlər. Onu da qeyd edək ki, ilk növbədə müvəqqəti məskunlaşma yerlərində qəzalı binalarda və daha ağır şəraitdə yaşayanaların köçürülməsinə diqqət yetirilir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır. Böyük Qayıdış Proqramı çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər yaşayış məntəqələri sıfırdan yenidən qurulur, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur. Dövlət planmasına əsasən, 2026-cı ilin sonun qədər ümumilikdə 140 min keçmiş məcburi köçkünün doğma yurdalarına qaytarılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bölgələrdə əhalinin işlə təmin edilməsi üçün kənd təsərrüfatı, sənaye zonaları yaradılır, məktəblər, bağçalar, xəstəxanalar istifadəyə verilir.

 Ümumiyyətlə, işağldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmsı, iqtisadiyyata sürətli inteqrasiya və Böyük Qayıdış Proqramının əsas hədəflərindən biridir. Rayonların təbii-iqlim şəraitinə uyğun olaraq bağçılıq, heyvandarlıq və arıçılıq prioritet elan edilib. Həmçinin müasir texnologiyaların tətbiqi, məşğulluğun artırılması, ixracatyönlü məhsul istehsalı üçün aqroparklar salınır, torpaqların suvarma suyu, meliorasiya və elektrik enerjisi  ilə təmin edilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. “Yaşıl enerji” zonas elan edilən bölgədə su-elektrik stansiyaları tikilir, müasir suvarma və enerji sistemləri yaradılır

Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilir. Sentyabrın 22-də Xankəndi şəhərinə, Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndlərinə, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndlərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə-13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə -22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə-31 nəfər, Xanyurdu kəndinə 5 ailə- 22 nəfər, Xanabad kəndinə 2 ailə-10 nəfər, Ballıca kəndinə 1 ailə-4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə-14 nəfər, Çapar kəndinə 4 ailə- 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə-9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə-148 nəfər köçürülüb.   

Doğma yurda qovuşmaq sevinci, bir insanın həyatının ən ali, ən saf və ülvi duyğularından biridir. Bu mənada uzun illərdən sonra Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndlərinə, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndlərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən yurd nisgilli, torpaq həsrətli soydaşlarımızın sevinc dolu göz yaşları müqəddəsdir, ülvidir…

Zahid Rza, “İki sahil”