22 sentyabr 2026 22:59
125

Dosent Səbuhi İbrahimovun 55 illik ömür yoluna həsr olunan nəşr

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin məzunları - hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Səkinə İbrahimovanın və bioloq Məsumə İbrahimovanın “Səbuhi İbrahimovun 55 illik ömür yolu: Mətnşünaslıq və dinşünaslıq elminin fəlsəfi zənginliyi” adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, həmçinin Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin “Sosial və ictimai münasibətlər”  kafedrasının 0,5 ştat müəllimi filologiya elmləri doktoru, dosent Səbuhi Məmmədəli oğlu İbrahimovun 55 illik ömür yoluna həsr olunan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.

Bakı şəhərindəki “Füyuzat” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan bu kitab Azərbaycan elminin aparıcı və yaşadıcı qollarından olan filologiya və fəlsəfə sahəsində  araşdırmalar aparan filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovun 55 illik yaradıcılıq fəaliyyətinə həsr edilmişdir. Həyatının 35 ilini qədim əlyazma mətnlərinə və dinşünaslıq, mədəniyyətin fəlsəfəsi sahəsinə sərf edən müəllifin əsas tədqiqat istiqaməti Naxçıvana dair əlyazma mətnlərinin filoloji-tekstoloji tədqiqi və İslamda İmamilik ilə özünü büruzə vermişdir. Kitaba ön sözündə professor Əbülfəz Quliyev müəllifin həyat və yaradıcılığı, elmi fəaliyyətində hasilə gələn nəticələri, kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsaitləri, elmi məqalələri haqqında qısa məlumat vermiş və digər fəsillərdə isə konfrans materialları, sertifikatlar, aldıqları fəxri adlar və təşəkkürnamələr foto sürət olunaraq verilmişdir.

İlk olaraq onu qeyd edim ki, kitab Naxçıvan mədəniyyətinin zəngin ədəbi-fəlsəfi məktəblərinin öyrənilməsi, şərqşünas müəllim və tələbələr, mətnşünaslıq istiqaməti üzrə məşğul olan elm adamları üçün daha çox faydalı olsa da, ümumən geniş oxucu kütləsi də bu kitabdakı söylənilən tezislərdən, Səbuhi İbrahimovun apardığı və tədqiq etdiyi Naxçıvanın görkəmli insanları və onların əlyazmaları, həmin əlyazmalardakı mövzuların nədən bəhs etməsi haqqında ətraflı məlumat əldə edə bilərlər. Hər hansısa bir elmi ağırlıqlı kitabın nəşri özlüyündə yeni araşdırmaların ictimaiyyətə təqdim olunmasına xidmət edir. Səkinə və Məsumə İbrahimovaların  Səbuhi müəllimin 55 illik ömür yoluna həsr olunan bu kitabı isə nəşrə ön söz yazmış professor Əbülfəz Quliyevin aşağıdakı fikirlərində olduqca aydın şəkildə açıqlanmışdır: “Dünyanın ən zəngin əlyazma kitablarından hesab edilən Naxçıvana dair əlyazma mətnləri bir çox xüsusiyyətləri ilə seçilir. Bu da Naxçıvan ədəbiyyat və mədəniyyət tarixinin fəlsəfi və filoloji cəhətdən öyrənilməsi üçün zəngin bir elm xəzinəsi deməkdir. Qədim əlyazma mətnləri hər bir xalq üçün olduqca əhəmiyyətlidir. Çünki bütün fəlsəfi reallıqları obyektiv şəkildə birləşdirən əlyazma mətnləri mənsub olduğu xalqın keçmişini, mədəni həyatını, tarixini özündə əks etdirir”.

Həmçinin professor Əbülfəz Quliyev “Ön söz əvəzi (Həyat və yaradıcılığı)”

hissəsində qeyd edərək yazır:  

“Həyatının bir hissəsini doğma Azərbaycanımız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana dair əlyazma mətnlərinin araşdırılmasına həsr edən dosent Səbuhi İbrahimov “55 illik” bir müddət ərzində zəngin həyat yolu keçmiş və elmi yaradıcılıqla məşğul olmuşdur. Belə ki, onun Naxçıvana dair əlyazma mətnləri ilə bağlı və fəlsəfi irsinin öyrənilməsinə aid 180-dən artıq elmi məqaləsi çap edilmişdir. O, ölkə daxili yazıları ilə yanaşı Türkiyə, İran, Rusiya, Almaniya, Hindistan, Ruminiya, İngiltərə, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmrlikləri (Dubay), Kuba Respublikası (Havana) və Quzey Kıbrıs Türk Cumhuriyeti (Lefkoşa) kimi ölkələrdə çıxan nüfuzlu mətbuat səhifələrində, həmçinin o ölkələrin müxtəlif şəhər və vilayətlərində keçirilmiş beynəlxalq konfranslarda iştirak etmiş, həmin ölkələrin elmi jurnallarında məqalələri çap edilmişdir. Səbuhi İbrahimov 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondu, əlyazmaların kataloqlaşdırılması şöbəsində kiçik elmi işçi, elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərməklə, Naxçıvanın zəngin tarixi keçmişinə aid qədim əlyazma mətnlərinin öyrənilib dərindən tədqiq edilməsi, onların elmi-fəlsəfi mahiyyətinin araşdırılması, mətnşünaslıq elminin bölgə üçün əhəmiyyətli dərəcədə zəruri olduğu istiqamətində çoxsaylı iş aparır.

Həmçinin o, 2011-ci ildən Naxçıvan Özəl Universitetində 0,5 ştat və sonra 2023-cü ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin “Sosial və ictimai münasibətlər”  kafedrasında 0,5 ştat müəllimi kimi fəaliyyət göstərir”.

Kitabda yer alan “Səbuhi İbrahimovun mətnşünaslıq istiqamətində apardığı elmi araşdırmalar haqqında deyilən dəyərli fikirlər” fəslində bir-birindən dəyərli fikirlər öz yerini almışdır. İlk öncə AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev dosent Səbuhi İbrahimovun elmi yaradıcılığına yüksək qiymət verərək “Tanınmış mətnşünas alim” adlı başlıqla öz müsbət və dəyərli fikirlərini qeyd etmişdir. Həmçinin “Səbuhi müəllimin müdafiəsinə uğurlar” adlı başlıqda akademik Rafael Hüseynovun bəlağət və fəsahətli tövsüyələri kitabda öz əksini tapmışdır. Akademik Teymur Kərimlinin “Xalqın bütün müsbət cəhətlərin özündə birləşdirən insan”, akademik Möhsün Nağısoylunun “Mətnşünas kimi həmkarım Səbuhi İbrahimovun bu işini yüksək qiymətləndirirəm”, AMEA-nın müxbir üzvü, professor Təhsin Mütəllimovun “Arzu edirəm Səbuhi müəllimin gələcək elmi işləri məhz bu istiqamətdə olsun”,  AMEA-nın müxbir üzvü, professor Tehran Mustafayevin “Səbuhi İbrahimovun dissertasiya işinin mükəmməlliyi”, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin “Elin hörmətini qazanan mətnşünas alim Hacı Səbuhi İbrahimov haqqinda düşüncələrim”, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Hacı Səbuhinin davranışı insanlar üçün nümunədir”, professor Sənan İbrahimovun “Dərin hörmət bəslədiyim, yaxsı mənada səbrinə qibtə etdiyim Səbuhi qardaşım” adlı səmimi və ürəkaçan fikirlər yer almışdır.  

“Səbuhi İbrahimovun dinşünaslıq istiqamətində apardığı elmi araşdırmalar haqqında söylənilən müsbət fikirlər və rəylər” adlı ikinci fəsildə Respublikanın tanınmış filosofu və mütəfəkkiri, AMEA-nın həqiqi üzvü, akademik Fuad Feyzullah oğlu Qasımzadənin “Bu gün mən əxlaqi kamil, təmiz və pak bir insan tanıdım”, professor İzzət Rüstəmovun “Səbuhinin yazdığı əsər keçmiş dövrlərə qayıdış, dəyərlərimizə hörmətdir”, professor Məhəmməd Balayevin “Səbuhi İbrahimovun elmi tədqiqatı Allahın insana ədalətlə yanaşmasını göstərir”, AMEA-nın müxbir üzvü, professor Hacı Qadir İbrahim oğlu Qədirzadənin “Səbuhi dini-əxlaq qaydalarını gözəl bilir”, professor Qoşqar Əliyevin “Gözəl insan, dəyərli alim”, dosent Malikəjdər İbrahimovun “Hacı Səbuhi əmioğlum mənəvi yaxşılığını heç kimdən əsirgəmir”, professor Yusif Hüseynovun “Elmi rəhbəri olduğum tələbəm indi həmkarıma çevrildi”, professor Məmməd Rzayevin “Kamil şəxsiyyət, bacarıqlı alim, qayğıkeş müəllim” adlı fikirləri ilə diqqəti cəlb etmişdir.

“Müəllifin çap olunmuş kitab, monoqrafiya, dərs vəsaiti və metodik vəsaitlərinin xülasəsi” adlı fəsildə Səbuhi İbrahimovun 18 kitab, monoqrafiya, dərs və metodik vəsaitləri haqqında qısa məlumatlar verilmişdir. 

“Müəllifin iştirak etdiyi beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş sertifikat nümunələri” adlı fəsildə fəsildə Səbuhi İbrahimovun təhsil aldığı müxtəlif ali məktəblərin diplom və sertifikatları, konfrans və simpoziumlarda iştirak etmiş sertifikat, jurnal və tezis materialları, fəxri adlar, təşəkkürnamələr öz əksini tapmışdır.

“Səbuhi İbrahimovun dərc olunmuş elmi məqalələrinin siyahısı” adlı digər fəsildə müəllifin 180-dən çox elmi məqaləsinin siyahısı verilmişdir.

“Müəllifin ən doğma və ən çox sevdiyi yaxın adamlarının tarixi foto şəkilləri” adlı fəsildə isə Səbuhi İbrahimovun ən yaxın əzizlərinin foto-surətləri öz əksini tapmışdır.

Sonda biz də Səbuhi İbrahimovu 55 illik yubileyinə Səkinə və Məsumə İbrahimovaların “Səbuhi İbrahimovun 55 illik ömür yolu: Mətnşünaslıq və dinşünaslıq elminin fəlsəfi zənginliyi” adlı ortaya qoyduğu kitab hədiyyəsi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq yollarında möhkəm cansağlığı arzulayırıq. İnanırıq ki, Naxçıvanın görkəmli ziyalılarının hələ də araşdırılmağa ehtiyac duyulan nümayəndələrinin əlyazmaları bundan sonra da davamlı olaraq öyrəniləcək, araşdırılacaq və Naxçıvan ədəbi-mədəni-fəlsəfi mühitinin əhatəli şəkildə öyrənilməsində filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimov öz elmi təcrübəsindən istifadə edərək yeni-yeni əsərlər ortaya qoyacaqdır.

Qərib Allahverdiyev,
fəlsəfə elmləri doktoru, dosent,
Naxçıvan Dövlət Universiteti