Azərbaycanın 2027-2030-cu illəri əhatə edən büdcə siyasəti iqtisadi artımın davamlılığının təmin edilməsi, sosial rifahın qorunması, müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, rəqəmsal transformasiya və fiskal dayanıqlığın möhkəmləndirilməsi kimi bir-biri ilə əlaqəli istiqamətləri əhatə edir. Bu çərçivə dövlət maliyyəsinin cari xərclərin maliyyələşdirilməsi ilə yanaşı, orta və uzunmüddətli inkişaf məqsədlərinə uyğun idarə olunmasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair siyasətinin istiqamət və hədəflərinə dair Açıqlama” sənədinə əsasən, 2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Ortamüddətli maliyyə siyasəti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı və digər Dövlət proqramlarının məqsədləri nəzərə alınmaqla formalaşdırılır. Qarşıdakı mərhələdə müdafiə qabiliyyətinin daha da gücləndirilməsi də büdcə siyasətinin əsas istiqamətlərindən biri olacaq.
İqtisadi artım və gəlir siyasəti
2027-2030-cu illərdə gəlir siyasətinin əsas istiqamətlərindən biri iqtisadi artımın və rəqabət qabiliyyətinin dəstəklənməsi ilə yanaşı, investisiya mühitinin yaxşılaşdırılmasıdır. Bunun üçün vergi borclarının idarə edilməsində daha çevik mexanizmlərin tətbiqi, könüllü ödəmə intizamının gücləndirilməsi, sahibkarlığın və strateji investisiyaların dəstəklənməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, qeyri-neft sektorunda nəticəyönümlü yeni güzəştlərin tətbiqi də planlaşdırılır. Eyni zamanda, vergitutma bazasının genişləndirilməsi, vergitutma obyektlərinin daha dəqiq müəyyənləşdirilməsi, uçot və hesabatlılığın, eləcə də vergi ödənişləri üzrə intizamın gücləndirilməsi qarşıya qoyulan məqsədlərdəndir.
Vergi borclarının təxirə salınması mexanizmlərinin sadələşdirilməsi də bu siyasətin mühüm elementlərindəndir. İqtisadi fəaliyyətini davam etdirən, lakin maliyyə çətinliyi ilə üzləşən vergi ödəyiciləri üçün daha çevik mexanizmlərin tətbiqi, müəyyən şərtlər daxilində faiz və gecikmə pulları üzrə mümkün güzəştlərin nəzərdən keçirilməsi nəzərdə tutulur.

Büdcə xərclərində əsas prioritetlər
Xərclər siyasətində əsas məqsəd dövlətin funksiyalarının maliyyələşdirilməsi ilə yanaşı, milli inkişaf prioritetlərinin həyata keçirilməsinə resursların yönəldilməsidir. Davamlı iqtisadi artımın dəstəklənməsi, rəqəmsal və innovativ sahələrə investisiyaların artırılması, kənd təsərrüfatında istehsalın genişləndirilməsi, sahibkarlığın və yerli istehsalın təşviqi bu istiqamətdə əsas hədəflərdir.
Müdafiə qabiliyyətinin gücləndirilməsi də ortamüddətli xərclər siyasətində mühüm yer tutur. Dövlət sərhədlərinin bərpası və təhlükəsizliyin təmin edilməsi, hərbi hissələrin maddi-texniki təminatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbi qulluqçuların sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması üçün maliyyə təminatının davam etdirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun qurulması və əhalinin həmin ərazilərə qayıdışının təmin edilməsi də büdcə siyasətinin əsas istiqamətlərindəndir. Burada məqsəd yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsi deyil, Böyük Qayıdış prosesinin sosial və iqtisadi əsaslarının formalaşdırılmasıdır.
Rəqəmsal transformasiya da qarşıdakı dövrün yeni maliyyə prioritetlərindəndir. Süni intellekt texnologiyalarının tətbiqi, məlumat mərkəzlərinin yaradılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, ətraf mühitin qorunması, “yaşıl iqdisadiyyat”ın təşviqi və yaşıl enerjinin genişləndirilməsi də büdcə siyasətində ayrıca istiqamət kimi müəyyənləşdirilib.
Sosial rifah və əməkhaqqı göstəriciləri
Sosial müdafiə və əhalinin rifahının qorunması ortamüddətli büdcə siyasətinin əsas dayaqlarından biridir. Xüsusilə həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi, əməkhaqqı, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin maliyyələşdirilməsi qorunan xərclər sırasında yer alır. Sənəddə təqdim olunan proqnoz göstəriciləri də sosial-iqtisadi dinamikaya dair gözləntiləri əks etdirir. Əhalinin gəlirləri üzrə göstəricinin 2026-cı ildə 98,6-dan 2030-cu ildə 137,1-ə, əhalinin xərcləri üzrə göstəricinin isə 96,4-dən 134,1 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Orta aylıq əməkhaqqının 2026-cı ildə 1185,5 manat, 2027-ci ildə 1288,3 manat, 2028-ci ildə 1369,2 manat, 2029-cu ildə 1466,9 manat, 2030-cu ildə isə 1551,5 manat olacağı gözlənilir. Bu göstəricilər əmək bazarında gəlirlərin və əməkhaqqının ortamüddətli dövrdə artım dinamikasının qorunacağını göstərir.
Dövlət xərclərində nəticəəsaslı yanaşma
Büdcə siyasətində mühüm institusional dəyişikliklərdən biri proqram və nəticəəsaslı büdcələşmənin genişləndirilməsidir. Hazırda nəticəəsaslı büdcələşmə sisteminə daxil edilən sahələrin sayı 8-ə çatıb. Səhiyyə, mədəniyyət, gənclər siyasəti və idman, media və informasiya sahələrinin də sistemə daxil edilməsi ilə yeni istiqamətlər üzrə strateji və büdcə planlaşdırılması mexanizmləri formalaşdırılıb. Mövcud sahələr üzrə 141 təşkilata strateji və büdcə planlarının hazırlanması istiqamətində dəstək göstərilib. 2025-ci il dövlət büdcəsində nəticəəsaslı büdcələşmə sahələri üzrə tədbirlərə 6 milyard 114,5 milyon manat ayrılıb. Bu, əvvəlki dövrlə müqayisədə 266,7 milyon manat və ya 4,6 faiz çoxdur və dövlət büdcəsi xərclərinin 15,8 faizini təşkil edib.
2027-ci il üzrə proqram büdcəsində təhsil sahəsində 11 proqram üçün 5 milyard 98,2 milyon manat nəzərdə tutulur. Səhiyyə üzrə 8 proqramın icmal büdcə məbləği 3 milyard 962,8 milyon manatdır ki, bunun 2 milyard 82,6 milyon manatı dövlət büdcəsinin payına düşür. Sosial müdafiə və sosial təminat üzrə 9 proqram üçün 4 milyard 479,6 milyon manat, kənd təsərrüfatı üzrə 8 proqram üçün 1 milyard 379,5 milyon manat, ətraf mühit üzrə 5 proqram üçün 438,7 milyon manat, mədəniyyət üzrə 7 proqram üçün 314,3 milyon manat vəsait nəzərdə tutulur. Gənclər siyasəti və idman üzrə 4 proqrama 57,6 milyon manat, media və informasiya üzrə 2 proqrama isə 68,5 milyon manat ayrılması planlaşdırılır.
Burada diqqət çəkən əsas məqam büdcə vəsaitlərinin yalnız həcminin deyil, nəticələrinin də ölçülməsidir. Nəticəəsaslı büdcələşmə dövlət xərclərinin konkret məqsəd, göstərici və nəticələrlə əlaqələndirilməsinə imkan verir.
Fiskal dayanıqlılıq qorunur
Ortamüddətli büdcə çərçivəsinin digər mühüm istiqaməti fiskal və borc intizamının qorunmasıdır. Büdcə qaydasının davam etdirilməsi, Dövlət Neft Fondunun aktivlərinin qorunması və dövlət xərclərinin səmərəliliyinin artırılması maliyyə siyasətinin əsas hədəflərindəndir. “Büdcə sistemi haqqında” Qanuna 14 iyul 2025-ci ildə edilmiş 245-VIIQD nömrəli dəyişikliklə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üzrə yuxarı həddin hər il deyil, ortamüddətli dövrün sonunda müəyyənləşdirilməsi nəzərdə tutulub. Bu göstəricinin 2029-cu ilin sonunadək mərhələli şəkildə 13,0 faizə endirilməsi hədəflənir.
Bu yanaşma fiskal siyasətdə cari göstəricilərlə yanaşı, uzunmüddətli maliyyə dayanıqlığının da əsas götürüldüyünü göstərir. Dövlət gəlirlərinin və xərclərinin daha proqnozlaşdırılan çərçivədə idarə olunması büdcə siyasətinin dayanıqlılığını artıran əsas amillərdən biridir.
Büdcə siyasətində yeni mərhələ
2027-2030-cu illərin büdcə siyasətinin ümumi mənzərəsi göstərir ki, qarşıdakı mərhələdə dövlət maliyyəsinin əsas xətti iqtisadi inkişaf, sosial rifah və fiskal dayanıqlılıq arasında tarazlığın qorunmasına əsaslanır. İqtisadi artım və investisiyaların dəstəklənməsi ilə yanaşı, müdafiə və təhlükəsizlik, Böyük Qayıdış, sosial öhdəliklər, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat üçün maliyyə resurslarının formalaşdırılması nəzərdə tutulur.
Digər tərəfdən, nəticəəsaslı büdcələşmənin genişləndirilməsi, qeyri-neft baza kəsirinin 2029-cu ilin sonunadək 13,0 faizə endirilməsi və dövlət borcunun idarə olunması maliyyə siyasətində uzunmüddətli dayanıqlılığın əsas mexanizmlərini formalaşdırır. Beləliklə, yeni ortamüddətli büdcə çərçivəsinin əsas xüsusiyyəti yalnız vəsaitlərin bölüşdürülməsi deyil, ayrılan resursların konkret iqtisadi, sosial və institusional nəticələrə çevrilməsinin təmin edilməsidir. Bu baxımdan 2027–2030-cu illər büdcə siyasəti Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin maliyyə prioritetlərini və dövlət xərclərinin idarə edilməsində yeni yanaşmaları bir çərçivədə birləşdirir.
Orxan Vahidoğlu, “İki sahil”