23 sentyabr 2026 14:19
123

Gələcəyin təməli müəllimdən başlayır… Özəl müsahibə

Müəllim tələbənin həyatına toxunan, onda təfəkkür, məsuliyyət və dəyərlər formalaşdıran, yol göstərən bir bələdçidir


Müəllimin əməyinə verilən ən böyük qiymət onun tələbələrinin gələcək uğurlarıdır

Hər bir insanın həyatında elə bir insan olur ki, onun söylədiyi bir cümlə illər sonra belə yaddaşdan silinmir. Bəzən bir müəllimin verdiyi kiçik bir məsləhət, göstərdiyi diqqət, vaxtında söylədiyi bir söz gəncin həyatında böyük bir yol ayrıcına çevrilir. Çünki müəllim yalnız dərs demir – o, insanın özünə və gələcəyinə inamını möhkəmləndirir, qarşısında yeni üfüqlər açır, bilmədiyi yollarda ona istiqamət göstərir. Bu mənada müəllimlik sadəcə seçilən bir peşə deyil, insan taleyinə toxunan böyük bir məsuliyyətdir.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü də məhz bu müqəddəs əməyin, səbir və fədakarlığın, illərlə davam edən zəhmətin dəyərini xatırladan əlamətdar gündür. Bu tarix müəllimə yalnız təbrik ünvanlamaq üçün deyil, həm də onun cəmiyyətin formalaşmasında oynadığı mühüm rolu düşünmək üçün bir fürsətdir. Çünki məktəbdə, kollecdə və universitet auditoriyalarında bu gün səslənən hər bir fikir sabah cəmiyyətin düşüncəsinə, elminə, mədəniyyətinə və inkişafına çevrilə bilər.

Zaman dəyişir, təhsil dəyişir, bilik mənbələri çoxalır. Bir vaxtlar müəllimin söylədiyi məlumatı əldə etmək üçün kitabxanalara, kitablara, uzun araşdırmalara ehtiyac vardısa, bu gün informasiya saniyələr içində insanın qarşısına çıxır. Lakin bütün bu dəyişikliklərin fonunda müəllimin əhəmiyyəti azalmır. Əksinə, informasiya bolluğunun içərisində doğru ilə yanlışı ayırmaq, düşünmək, sual vermək, araşdırmaq, əldə olunan biliyi düzgün istiqamətə yönəltmək üçün müəllimin bələdçiliyinə daha böyük ehtiyac yaranır. Müasir müəllim artıq yalnız bilik verən deyil, düşünməyi öyrədən, istiqamət göstərən, tələbənin potensialını üzə çıxaran və onu gələcək həyata hazırlayan şəxsdir. Bu baxımdan ali məktəb müəlliminin məsuliyyəti xüsusilə böyükdür. Universitet auditoriyasına daxil olan gənc artıq gələcək peşəsinin astanasındadır. Burada verilən bilik onun yalnız diplomunda deyil, gələcək fəaliyyətində, qərarlarında, insanlarla münasibətində və cəmiyyətə münasibətində öz əksini tapmalıdır. Xüsusilə turizm kimi insan amilinin, ünsiyyətin, mədəniyyətlərarası münasibətlərin və xidmət mədəniyyətinin mühüm yer tutduğu bir sahədə peşəkar hazırlıq yalnız nəzəri biliklərlə məhdudlaşa bilməz. Burada biliklə yanaşı, davranış, dünyagörüşü, məsuliyyət, ünsiyyət bacarığı, milli-mədəni dəyərlərə bağlılıq və yeniliklərə açıq düşüncə də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, Turizm işi kafedrasının dosent əvəzi, c.ü.f.d. Sara Bağırlı pedaqoji fəaliyyətində məhz bu yanaşmanı əsas götürür. Maraqlıdır ki, bu gün müəllim kimi çalışdığı universitet onun üçün yalnız iş yeri deyil. O, bu auditoriyaların, bu dəhlizlərin, bu təhsil mühitinin bir vaxtlar tələbəsi olub. Dünən tələbə kimi əyləşdiyi auditoriyalarda bu gün müəllim kimi dayanması onun pedaqoji fəaliyyətinə xüsusi məna və məsuliyyət qazandırır. Bir vaxtlar öz müəllimlərindən aldığı bilik və etimadı bu gün yeni nəslə ötürmək onun üçün həm peşə borcu, həm də qürur mənbəyidir.

Sara Bağırlı ilə söhbətimizdə müəllimlik anlayışının mahiyyətindən tutmuş, tələbənin yalnız peşəkar deyil, həm də şəxsiyyət kimi formalaşmasına, turizm təhsilinin qarşısında dayanan yeni çağırışlardan gənc mütəxəssislərin özlərini inkişaf etdirməli olduqları istiqamətlərə qədər bir sıra mühüm məsələlərə toxunduq. Onun fikirlərində müəllim obrazı yalnız auditoriya ilə məhdudlaşmır. Bu obrazda həm bilik verən alim, həm istiqamət göstərən mentor, həm də tələbəsinin uğurunu öz uğuru hesab edən pedaqoq görünür.

-Özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Universitetdə pedaqoji fəaliyyətiniz və tədris etdiyiniz turizm fənləri barədə məlumat verərdinizmi?
-Mən Azərbaycan Turizm və Menecment Universitetində həm pedaqoji, həm də inzibati fəaliyyətlə məşğulam. Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, Turizm işi kafedrasının dosent əvəziyəm və tədris etdiyim fənlər bilavasitə turizmlə əlaqəlidir. Məsələn, "Turizmə giriş", "Müalicə və sağlamlıq turizmi", "Mədəni irs və turizm", "Turizmdə innovasiyalar" kimi.
-Müəllimlik sizin üçün nəyi ifadə edir? Bu peşəni seçməyinizə səbəb nə oldu və sizi məhz müəllim olmağa istiqamətləndirən əsas amil nə idi?
-Fikrimcə, müəllim peşəsi sadəcə bilik və informasiya ötürmək deyil, gələcəyi formalaşdıran, fərdlərin potensialını üzə çıxaran və cəmiyyətin inkişafına birbaşa təkan verən şərəfli bir missiyadır. Müəllim tələbənin həyatına toxunan, onda təfəkkür, məsuliyyət və dəyərlər formalaşdıran, yol göstərən bir bələdçidir. Xüsusilə, istənilən növ məlumatın olduqca əlçatan olduğu müasir dövrdə müəllim əsasən istiqamətverici, yolgöstərəndir.
Mən özüm də hazırda çalışdığım universitetin məzunlarındanam, bütün təhsil pillələri üzrə burada təhsil almışam. Universitetin əsas missiyalarından biri məzunların işə cəlb edilməsidir, mən də məzun kimi işə cəlb edilmişəm və beləcə bu peşəyə yiyələnmişəm. Bir vaxtlar tələbəsi olduğun aduitoriyalarda müəllim kimi çıxış etmək, gənclərin, gələcək mütəxəssislərin uğurlarının təməlində rol oynamaq, vaxtilə sənə inanan müəllimlərlə birgə addımlamaq doğrudan da qürurvericidir.
-Müəllim yalnız bilik ötürən deyil, həm də tələbənin dünyagörüşünün və peşəkar şəxsiyyətinin formalaşmasında iştirak edən insandır. Sizin müəllimlik fəaliyyətinizdə bu məsuliyyət necə ifadə olunur?
-Fikrimcə, istənilən müəllimin fəaliyyətində bu məsuliyyət sadəcə mühazirə oxumaqla bitmir. Bu, auditoriya daxilində və kənarda tələbəyə bir bələdçi, bir mentor kimi yanaşmaqla ifadə olunur. Təhsildə nəzəri biliklərin verilməsi işin yalnız bir tərəfidir, hətta məlumatların bu qədər asan əlçatan olduğu bir dövrdə bəlkə də cüzi bir hissəsidir. Əsas məsələ tələbədə analitik düşüncə, tədqiqatçılıq qabiliyyəti, akademik dürüstlük kimi təməl peşəkar keyfiyyətləri formalaşdırmaq, öyrənməyi öyrətməkdir. Bununla yanaşı, auditoriyanın ritmi ilə ayaqlaşmaq, onların gözləntilərini bilmək, sadəcə təhsillə kifayətlənməyib onlar üçün nümunəyə çevrilmək, dəyər anlayışı formalaşdırmaqdır. Mən də, çalışıram ki bu istiqamətdə fəaliyyət göstərim, tələbələrlə birgə qarşılı inkişafı təmin edim.
-Nə üçün məhz turizm sahəsi? Turizmə olan marağınız necə yarandı və bu sahənin həm müəllim, həm də mütəxəssis kimi fəaliyyətinizdə hansı yeri var?
-Mən orta məktəbdən məzun olarkən, o vaxtkı adı ilə Azərbaycan Turizm İnstitutu yenicə (2 il idi) yaranmışdı. Sahə ilə yanaşı, xüsusilə universitetin yeni, perspektiv imkanlara malik olması, sənayə ilə sıx əlaqəsi həmin sahəni seçməyimə gətirib çıxardı.  Bu sualınızı, hər il universitetə yeni qəbul olan tələbələrə mən də ünvanlayır, nə üçün turizm deyə sual edirəm. Cəmiyyətdə belə bir düşüncə var ki turizm mütəxəssisi oldumsa, günlərim səyahətdə keçəcək. Tələbələrin də ilkin cavabları bu istiqamətdə olur. Mənim üçün turizm sadəcə bir gəzinti və ya səyahət sektoru deyil, bu, ölkənin mədəni, təbii, tarixi, sosial və iqtisadi potensialını, adət-ənənələrini dünyaya təqdim edən, müxtəlif sahələri özündə birləşdirən və onların inkişafına yol açan bir sistemdir. Siz ölkənizi hər növ potensialı ilə insanlara tanıdacaq mütəxəssislərə işıq olursunuz. Yəqin ki, bu sahədə tədris aparan bütün həmkarlarım üçün bu, böyük məsuliyyətlə yanaşı, fəxr yeridir. Bununla yanaşı, universitetin həm də məzunu olduğuma görə mənim üçün doğma məkandır.
-Turizm ixtisasında təhsil alan tələbəyə yalnız turizm haqqında nəzəri biliklər vermək kifayətdirmi? Sizcə, gələcəyin turizm mütəxəssisini formalaşdırmaq üçün müəllim hansı bilik və bacarıqları aşılamağa çalışmalıdır?
-Əlbəttə ki, kifayət deyil. Nəinki turizm sahəsində, istənilən sahədə təhsil alan gələcəyin mütəxəsisslərini yalnız nəzəri biliklərlə çərçivəyə salmaq fikrimcə, düzgün olmaz. Turizm isə əsasən təcrübi sahə olduğundan burada xüsusilə əlavə bacarıqları aşılamaq mütləqdir. Turizm sahəsində çalışacaq mütəxəssis yüksək ünsiyyət bacarığına, Ana dilimizlə yanaşı, xarici dil biliklərinə, yumor hisslərinə, etik davranış qaydalarına, rəqəmsal bacarıqlara, çevik və analitik düşüncə qabiliyyətinə, xidmət mədəniyyətinə və s. bu kimi onlarla bacarığa malik olmalıdır.
-Müəllimlikdə ən böyük uğur, bəlkə də, tələbənin illər sonra qazandığı nəticədə öz əməyini görməkdir. Sizin üçün tələbə–müəllim münasibətində ən vacib məqam nədir və tələbələrinizdə hansı keyfiyyətləri formalaşdırmağa xüsusi önəm verirsiniz?
-Bütün sahələrdə, fəaliyyətlərdə bu belədir, insanı ən çox sevindirən hal hər zaman zəhmətinin bəhrəsini, nəticəsini görməkdir. Tələbələrimizin, hələ məzun olmadan başlayan nailiyyətləri bizi hər zaman sevindirir. Mənim üçün əsas tələbələrdə ilk olaraq insani keyfiyyətləri təkmilləşdirmək, onlarda milli-mədəni dəyərlərə, vətənə, xalqa sevgi aşılamaq, öz dəyərlərimizdən, köklərimizdən uzaqlaşmamağı formalaşdırmaqdır. Bütün bunlar özündə məsuliyyəti, disiplini, özündən başqasını düşünmək hissini gətirməklə yanaşı, cəmiyyətə töhfənin təhsildən başladığını tələbələrdə formalaşdırır. Nəticədə onlar bu və ya digər formada öz üzərlərində çalışaraq bilik və bacarıqlarını təkmilləşdirir deyə düşünürəm.
-Turizm sahəsi birbaşa insanlarla ünsiyyət, xidmət mədəniyyəti və fərqli dünyagörüşlərinin qarşılıqlı əlaqəsi üzərində qurulur. Bu baxımdan, turizm müəlliminin tələbəyə peşə biliklərindən əlavə, hansı insani və kommunikativ dəyərləri aşılamağı vacibdir?
-Turizm sahəsində insan amili həlledici rol oynayır, bu səbəbdən peşə bilikləri nə qədər mükəmməl olsa da, insani və kommunikativ dəyərlər olmadan keyfiyyətli xidmətdən söz açmaq mümkün deyil. Turizm sahəsində tədris aparan müəllim tələbəyə yalnız sistemləri və texnikaları öyrədən deyil, həm də onda yüksək xidmət mədəniyyəti anlayışını və mənəvi dəyərləri formalaşdıran bir şəxs olmalıdır. Bunlara isə qeyd etdiyim kimi, mədəniyyətlərarası hörmət, ünsiyyət, səbirlilik, emosional intelekt, dinləmə, səmimiyyət, qonaqpərvərlik, məsuliyyət, disiplin, dürüstlük və s. kimi xüsusiyyətləri aid etmək olar.
-Azərbaycanın müxtəlif regionlarının zəngin təbii, tarixi və mədəni imkanları turizm üçün geniş perspektivlər yaradır. Sizcə, bu potensialın gələcəkdə daha səmərəli dəyərləndirilməsi üçün gənc turizm mütəxəssisləri hansı istiqamətlərdə özlərini inkişaf etdirməlidirlər?
-Azərbaycanın və regionun genişlənən turizm potensialını daha səmərəli dəyərləndirmək üçün gənc mütəxəssislər ənənəvi xidmət sahələri ilə mühakimə yürütməməli, gələcəyin turizm ekosistemini idarə edə biləcək çoxşaxəli bacarıqlara yiyələnməlidirlər. Bu baxımdan gənc mütəxəssislərin özlərini inkişaf etdirmək üçün əsas strateji istiqamətlərə - rəqəmsal innovasiya, texnoloji savadlılıq, turizm növləri üzrə ixtisaslaşma, beynəlxalq keyfiyyət standartları və strateji idarəetmə, ətraf mühitə/cəmiyyətə həssaslıq, ekoloji və turizm resurslarını qoruya bilən təfəkkürə sahib olmalıdır. Yekun olaraq, gənc turizm mütəxəssisləri özlərini yalnız icraçı kimi deyil, rəqəmsal texnologiyaları tətbiq edən, keyfiyyəti təmin edən və ölkənin milli turizm brendini beynəlxalq müstəvidə təşviq edə bilən innovator kimi formalaşdırmalıdırlar.
-5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarınıza və gələcəyini müəllimliklə bağlayan gənclərə nə demək istərdiniz? Sizcə, yaxşı müəllimi illər keçdikcə tələbələrinin yaddaşında yaşadan əsas xüsusiyyət nədir?
-Bütün həmkarlarımı təbrik edir, onlara cəmiyyətin taleyini formalaşdıran missiyalarında uğurlar arzu edirəm.  Sizlər yalnız fənn biliklərini ötürən deyil, cəmiyyətin gələcək təfəkkürünü, mənəviyyatını və inkişaf xəttini formalaşdıran insanlarsınız. Təhsildə keyfiyyətin, akademik dürüstlüyün və yenilikçi yanaşmaların tətbiqində göstərdiyiniz hər bir səy ölkəmizin, dövlətimizin və gələcəyimizin təməlidir. Yorulmaz fəaliyyətinizdə sizə tükənməz enerji, elmi-pedaqoji uğurlar və dərin mənəvi zövq arzulayıram. Müəllimlik sadəcə bir peşə seçimi deyil, böyük bir məsuliyyət və ömürlük öyrənmə işidir. Bu yolu seçərkən bilməliyik ki, biz yalnız auditoriyaya daxil olmayacaq, yüzlərlə gəncin həyatına, dünyagörüşünə və gələcək qərarlarına toxunacağıq. Öz üzərimizdə çalışmaqdan, dünyagörüşümüzü inkişaf etdirməkdən və peşəmizə olan sevgimizi qorumaqdan heç vaxt yayınmamalıyıq.
İcazənizlə, sonuncu sualınıza yalnız müəllim kimi deyil, həm də, vaxtilə olduğum tələbə kimi cavab vermək istəyirəm. Fikrimcə, müəllimi tələbənin yaddaşında yaşadan onun mərhəməti, etik, mədəni, milli-mənəvi dəyərlərə hörməti, vətənpərvərlik hissi, hər bir tələbəyə obyektivlikdən uzaqlaşmayan fərdi yanaşması, ədalətliliyi, məsuliyyətliliyi, disiplini, nizam-intizamla auditoriyanı idarəetməsi, pedaqoji bacarıqları, öyrətmə metodikası və şəxsi keyfiyyətləridir.


 

 

Müsahibimizin yanaşmasında müəllimlik peşəsinin ən mühüm cəhətlərindən biri də onun daim yenilənən təhsil mühiti ilə ayaqlaşmasıdır. Bu gün müəllim yalnız sahib olduğu təcrübə ilə kifayətlənməməli, dəyişən tələbləri izləməli, yeni yanaşmaları mənimsəməli və tələbənin inkişaf ehtiyaclarını düzgün müəyyənləşdirməlidir. Xüsusilə turizm kimi dinamik sahədə bu yanaşma gələcəyin mütəxəssislərinin əmək bazarına daha hazırlıqlı çıxması baxımından xüsusi əhəmiyyət daşıyır.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü bu baxımdan yalnız peşə bayramı deyil, təhsilin insan və cəmiyyət həyatındakı yerinə verilən dəyərin ifadəsidir. Sara müəllimənin pedaqoji fəaliyyətində diqqət çəkən əsas məqam da məhz budur: tələbəyə hazır bilik verməklə kifayətlənməmək, onu öyrənməyə, düşünməyə, axtarmağa və öz üzərində işləməyə sövq etmək. Belə bir yanaşma müəllimlə tələbə arasında auditoriya çərçivəsini aşan, gələcəyə yönəlmiş intellektual və mənəvi bağ yaradır.

Bu əlamətdar gün münasibətilə Sara müəlliməyə və bütün müəllimlərə möhkəm cansağlığı, yaradıcılıq enerjisi və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Qoy onların zəhməti yetişdirdikləri gənclərin uğurları ilə mənasını daha da tapsın, verdikləri bilik və formalaşdırdıqları dəyərlər isə illər keçdikcə öz layiqli davamını tapsın.