Hədəf yalnız faydalı qazıntıların hasilatının artırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır
Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən və metallurgiya sektoru mühüm hərəkətverici qüvvəyə çevrilməkdədir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkənin qeyri-neft sektorunda yeni istehsal imkanlarının formalaşdırılması baxımından mühüm istiqamətlər müəyyənləşdirib. Dövlət Proqramının əsas hədəfi yalnız faydalı qazıntıların hasilatının artırılması deyil, xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bütöv istehsal zəncirinin formalaşdırılmasıdır.
Azərbaycanın öz mineral xammal bazasını qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar sənaye zəncirinin tam qapalı dövrədə - hasilatdan başlayaraq dərin emala və nəhayət, son məhsul istehsalına qədər ölkə daxilində qurulmasını tələb edir. Dövlət Proqramının əsas fəlsəfəsi məhz bu iqtisadi hədəfə əsaslanır: yerli zənginləşdirmə və emal müəssisələri vasitəsilə yüksək əlavə dəyərli sənaye məhsulları yaradaraq qlobal bazarlara daha geniş çıxış əldə etmək. Sənəddə müəyyən edilmiş hədəflər, xüsusən də 2030-cu ilədək sektorun illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata (2,6 dəfə) çatdırılması ölkənin xarici ticarət balansına güclü təsir göstərəcək. Bu hədəfə çatmaq üçün atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət sektorunu təmsil edən "AzerGold" QSC-nin artan ixrac göstəriciləri, xüsusən də cari ilin 8 ayı ərzində 180 milyon ABŞ dollarından artıq ixrac reallaşdırması sahənin zəngin potensialını nümayiş etdirir. Gələcəkdə "Daşkəsən" dəmir filizi yatağı bazasında 2 milyon ton istehsal gücünə malik isti briketləşdirilmiş dəmir zavodunun qurulması, Avropada ən perspektivli yataqlardan sayılan "Filizçay"da mis, sink və qurğuşun resurslarının istismarı, o cümlədən Naxçıvan və Qarabağ zonasında yeni geoloji kəşfiyyat işləri bu rəqəmləri dəfələrlə artıracaq.
Layihələrin icrası üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiyanın 80 faizinin özəl və borc kapitalı hesabına cəlb edilməsi ölkədəki cəlbedici sərmayə mühitinin göstəricisidir. Bu strateji yanaşma həm yerli, həm də xarici investorların Azərbaycan iqtisadiyyatına aktiv inteqrasiyasını təmin edərək yeni maliyyə axınları formalaşdırır. Proqramın iqtisadi miqyası qədər sosial və regional əhəmiyyəti də dərindir. Sektorda 5 mindən çox daimi iş yerinin yaradılması ölkədə məşğulluğun davamlı artımına, xüsusən də azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə əlavə təkan verəcək. Digər tərəfdən, metallurgiya sənayesinin inkişafı aqrar sektor və inşaat kimi sahələrdə müsbət zəncirvari reaksiya yaradaraq avadanlıq, texnika və metal konstruksiyaların yerli istehsalını stimullaşdıracaq. Son illərdə uğurla formalaşdırılmış güclü elektrik enerjisi və qaz infrastrukturu Azərbaycana belə böyük və enerjitutumlu sənaye layihələrini sərbəst şəkildə icra etmək imkanı verir. Ümumilikdə, 2027–2030-cu illəri əhatə edən bu Dövlət Proqramı Azərbaycanın uzunmüddətli sənaye təhlükəsizliyini təmin edən, qeyri-neft sənayesini qlobal ticarətin mərkəzinə daşıyan və ölkəmizin regionda sənaye qovşağı kimi mövqeyini sarsılmaz edən fundamental bir addımdır.
Müşavirədə sənayenin genişləndirilməsi ilə yanaşı, təbiətin qorunması və ekoloji standartların təmin edilməsi məsələləri də xüsusi diqqət mərkəzində olub. Belə ki, dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi ölkənin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaratsa da, bu prosesin iqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Müşavirədə Prezident İlham Əliyevin Qərb Sənaye Parkında və digər dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və bütün ekoloji normaların gözlənilməsi barədə tapşırıqları bu yanaşmanın əsas istiqamətini müəyyən edir.
Dağ-mədən fəaliyyəti torpaq ehtiyatları, su resursları, landşaft və biomüxtəlifliklə birbaşa əlaqəli olduğundan, layihələrin qiymətləndirilməsində yalnız hasilat və maliyyə göstəriciləri ilə kifayətlənmək məqsədəuyğun deyil. İstehsal prosesində su və enerji sərfiyyatı, tullantıların idarə olunması, pozulmuş torpaqların bərpası, emissiyalar və ətraf ekosistemlərə təsir kimi amillərin də ölçülə bilən göstəricilər əsasında izlənilməsi ekoloji risklərin vaxtında müəyyən edilməsinə imkan verə bilər. Bu yanaşma işğaldan azad edilmiş ərazilər baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müşavirədə bildirdiyi kimi, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib. Eyni zamanda, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması nəzərdə tutulur. Bu baxımdan həmin ərazilərdə sənaye fəaliyyətinin genişləndirilməsi ekoloji bərpa prosesləri ilə paralel aparılmalı, yeni istehsal gücləri keçmiş ekoloji zərərlərin üzərinə əlavə yük yaratmamalıdır. Bir sözlə, Proqramın iqtisadi miqyası ekoloji idarəetmənin də eyni səviyyədə gücləndirilməsini zəruri edir. Müşavirədə Prezident İlham Əliyev dağ-mədən layihələrində ekoloji normaların ən yüksək standartlara cavab verməsinin həm dövlət şirkətləri, həm də xarici tərəfdaşlar üçün məcburi tələb olduğunu bildirib və təbiətin qorunmasının prioritet xarakter daşıdığını xüsusi vurğulayıb.
Sevinc Azadi, “İki sahil”
27 Sentyabr – Anım Günüdür: İşğalçı siyasət və saxta vədlər müharibəyə aparan yol oldu