23 sentyabr 2026 16:50
211

Xocalı və Xocavənd rayonlarında kənd yollarının yenidən qurulması davam edir

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yalnız iri yol-nəqliyyat infrastrukturu layihələrinin icrası deyil, eyni zamanda kənd və digər yaşayış məntəqələrinə aparan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması da əsas prioritet istiqamətlərdən biridir.

"İki sahil" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Hazırda Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəbinə və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.

Layihələr çərçivəsində yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

Görülən işlər bərpa olunan yaşayış məntəqələrinin müasir və dayanıqlı yol infrastrukturu ilə təmin edilməsinə, nəqliyyat əlçatanlığının artırılmasına və Böyük Qayıdış prosesinin sürətləndirilməsinə xidmət edir.