23 sentyabr 2026 18:15
135

Aqrar sahəyə dövlət dəstəyi gücləndirilir

Fermerlər mövsüm başlamazdan əvvəl maliyyə vəsaiti əldə edə biləcəklər

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı qəbul edildikdən dərhal sonra lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır. Təxmini hesablamalara görə, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait tələb olunacaq. Burada özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Proqram fermer və sahibkarların fəaliyyətinin daha səmərəli şəkildə təşkilinə xidmət edən vacib bir mexanizm kimi çıxış edir. Bu çərçivədə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, aqrar məsləhət xidmətlərinin gücləndirilməsi və gəlirliliyin artırılması istiqamətində daha əlverişli şərait formalaşır.

 Prezident İlham Əliyevin sədrliyi ilə cari il mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısı aqrar sektorda nəzərdə tutulmuş vəzifələrin icra olunduğunu diqqətə çatdırmaqla yanaşı, bu sahənin qarşısında yeni vəzifələr qoyub, aidiyyəti qurumlara konkret tapşırıqlar verib. Müşavirənin keçirilməsi aqrar sektorun ölkənin sosial-iqtisadi inkişaf gündəliyində strateji mövqeyini bir daha göstərir. Müşavirədə dövlət başçısı kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının hazırlanması və qəbulunun zəruriliyini xüsusi vurğulayıb, proqramın hərtərəfli, konkret, qısamüddətli və həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə edən sənəd olmalı olduğunu qeyd edib. Bu yanaşma aqrar sahədə növbəti mərhələnin daha çox məhsuldarlıq, səmərəlilik, özünütəminetmə və investisiya fəallığı üzərində qurulacağını göstərir.

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək. 

Ölkəmizdə aqrar sektora dövlət dəstyi fermerlərin maliyyə əlçatanlığını artırmaq üçün subsidiyalar, güzəştli kreditlər və yeni maliyyə mexanizmləri vasitəsilə həyata keçirilir. Fermerlərə gübrə, yanacaq və güzəştli kreditlər kimi subsidiyalar verilir.  Əsas kənd təsərrüfatı məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəldilir. Regionlarda qazlaşma, elektrik təchizatı, avtomobil yolları, su anbarları və kanalların inşası kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsinə, fermerlərin istehsal imkanlarının artmasına və regionlarda məşğulluğun dəstəklənməsinə əlverişli şərait yaradıb. Belə ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bunun 6 milyard 748,5 milyon manatı bitkiçilik, 7 milyard 441 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. 2025-ci ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatı istehsalı 0,9 faiz artıb. Kənd təsərrüfatı məhsulunun strukturunda bitkiçiliyin payı 47,6 faiz, heyvandarlığın payı isə 52,4 faiz təşkil edib.

 Hazırda ölkəmizdə aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi, idarəetmə mexanizminin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün ciddi addımlar atılır. Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 19-da keçirilən iclasında bu məsələlər ətrafında geniş müzakirələr edilib. Bildirilib ki, “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsinin hazırlanması aqrar sahədə yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, fermer məhsul yetişməmişdən əvvəl elektron sistem üzərindən məhsul şəhadətnaməsi təqdim edərək bankdan, bank olmayan kredit təşkilatından və ya tədarükçüdən vəsait ala biləcək. Borc sonradan pul və ya yetişdirilən məhsulla ödəniləcək. Məhsul şəhadətnaməsi adi arayış deyil, qiymətli kağız sayılacaq. Fermer borcunu ödəməzsə, bu sənəd icra sənədi kimi dərhal icraya yönəldilə biləcək. Ancaq fermerdən asılı olmayan risklər də var. Quraqlıq, dolu, xəstəlik və digər səbəblər məhsuldarlığı azalda, bazarda qiymətlərin enməsi isə fermerin gəlirini aşağı sala bilər.

Burada vacib məqamlardan biri odur ki, bəzi hallarda fermerlərin banka girov qoymaq üçün daşınmaz əmlakı və ya digər mülki olmur. Bu səbəbdən banklar kredit verməkdə çətinlik çəkirlər. Belə olan halda fermerlər yalnız güzəştli dövlət maliyyə fondlarının hesabına maliyyələşdirilə bilirlər.

Aqrar sahə ilə məşğul olanların ziyana düşməsi bəzən onların fəaliyyəti ilə bağlı deyil, təbiət hadisələrindən, məsələn, dolu düşməsindən, güclü yağışlardan, quraqlıqdan və s. asılı olur. Mütəxəssilərin bildirdikləri kimi, belə hallarda bütün borc yükünün fermerin üzərində qalması onu müflisləşdirə bilər. Ekspertlərin qənaətinə görə, belə hallarda Aqrar Sığorta Fondunun üçüncü tərəf kimi iştirakı vacib məqamlardan biridir. Belə ki, fermer özündən asılı olmayan səblərdən ziyana düşərsə sığorta fondundan yararlana bilməlidir. Bu həm fermerin müflisləşməsinin, həm də maliyyə təşkilatının zərərə düşməsinin qarşısını ala bilər.

Zahid Rza, “İki sahil”