23 sentyabr 2026 17:01
145

“27 Sentyabr – Anım Günü” ilə bağlı dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında “27 Sentyabr – Anım Günü” ilə əlaqədar dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və Vətən uğrunda mübarizə qətiyyətinin təcəssümüdür. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin qarşısında dayanan tarixi vəzifələrin həlli istiqamətində mühüm nəticələr əldə olunub. Ramiz Hüseynov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni tarixi mərhələdə uğurla davam etdirilməsinin mühüm nəticəsidir. Bu tarixi proses Azərbaycan xalqının dövlət rəhbərliyi ətrafında sıx birliyinin, milli həmrəyliyinin və Vətənə sədaqətinin parlaq ifadəsidir.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxışında bildirib ki, müasir Azərbaycan gəncliyi ölkənin əldə etdiyi tarixi nailiyyətlərin mahiyyətini dərindən dərk etməli, dövlətçilik ənənələrinə və milli dəyərlərə sədaqət nümayiş etdirməlidir. O vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm mənəvi-siyasi əhəmiyyət daşıyır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin yaddaşlarda yaşadılmasına xidmət edir. Qeyd olunub ki, dövlətin apardığı ardıcıl siyasət, cəmiyyətin milli həmrəyliyi və Vətənə bağlılığı Azərbaycanın tarixi Zəfərinin əsas amillərindən olub.

Vətən müharibəsi qazisi, Xüsusi təyinatlı qüvvələr mənsubu, ehtiyatda olan mayor Nəsir Zeyniyev çıxışında Vətən müharibəsi günlərində Azərbaycan əsgərinin nümayiş etdirdiyi yüksək döyüş ruhundan danışıb. O qeyd edib ki, Azərbaycan Ordusunun qəhrəmanlığı xalqımızın milli iradəsi və dövlətimizin gücü ilə bir vəhdət təşkil edərək tarixi Zəfərin əldə olunmasını təmin edib.

Daha sonra çıxış edənlər Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezident təqaüdçüsü, “Tərəqqi” medalçısı Qərib Əliyev, Sumqayıt Gənclər Evinin məzun könüllüsü və təcrübəçisi Aysel Muxtərzadə çıxışlarında şəhidlərimizin əziz xatirəsinə ehtiramın milli-mənəvi dəyərlərimizin və dövlətçilik ənənələrimizin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar. Çıxışlarda xüsusi qeyd olunub ki, Azərbaycan xalqı öz tarixi taleyinin müəyyən edilməsində nümayiş etdirdiyi milli iradə, həmrəylik və dövlətçilik əzmi ilə tarixi Zəfərin əldə olunmasına mühüm töhfə verib. Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin olunması ölkəmizin müasir tarixində yeni siyasi mərhələnin əsasını qoyub. Tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda dövlət suverenliyinin daha da möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və əldə edilmiş nailiyyətlərin gələcək nəsillərə ötürülməsi əsas vəzifələrdəndir. Bu baxımdan şəhidlərimizin əziz xatirəsinin yaşadılması yalnız keçmişə ehtiram deyil, həm də dövlətçilik ideallarına sədaqətin, Vətən qarşısında məsuliyyətin və gələcəyə inamın ifadəsidir.

Dəyirmi masa zamanı 27 Sentyabr – Anım Gününün tarixi-siyasi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının ölkənin gələcək inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar qısametrajlı film nümayiş etdirilib.