25 sentyabr 2026 11:53
79

Qana Prezidenti: Afrika artıq istismara dözməyəcək

Afrika öz təbii sərvətlərindən istifadənin müstəmləkəçi modelinə artıq dözməyəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qana Prezidenti Con Dramani Mahama BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

"Xəbərdarlıq etmək istəyirəm: Afrika resurslar uğrunda yeni mübarizənin passiv arenasına çevrilməyəcək. Afrikada strateji əhəmiyyətli faydalı qazıntıların çıxarıldığı yerlərdə müstəmləkə dövrünün istismar təcrübəsi təkrarlanmamalıdır. Biz resurslarımızı öz evimizdə emal edəcəyik. Gənclərimiz üçün layiqli iş yerləri təmin edən yerli istehsal sahələri yaradacağıq. Və təbii sərvətlərimizin dəyərini Afrikada saxlayacağıq"- deyə, Mahama bildirib.

O əlavə edib ki, Afrika qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq tələb edir.

Prezident dünya birliyini simvolik jestlərdən real addımlara keçməyə və Afrikanın və Qlobal Cənub ölkələrinin asılı vəziyyətdə qalmasını təmin edən "dayanıqlı istismar mexanizmlərini" ləğv etməyə çağırıb. O, bu mexanizmlər sırasına ədalətsiz ticarəti, yırtıcı resurs çıxarma praktikasını və Afrikanın inkişafını ləngidən mövcud qlobal maliyyə arxitekturasını daxil edib.

Mahama qeyd edib ki, inkişaf etməkdə olan ölkələr və Qlobal Cənub dövlətləri sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün nəzərdə tutulmuş faiz dərəcələrindən səkkiz dəfə yüksək faizlərlə kreditlər götürürlər. Onun sözlərinə görə, iqlim fəlakətlərindən əziyyət çəkən Afrika dövlətləri səbəbkarı olmadıqları daşqınlar və quraqlıqlardan sonra bərpa işləri aparmaq üçün dözülməz borclar götürməyə məcbur qalırlar.

Qana Prezidenti, həmçinin köləliyin struktur nəticələrinin dünyada mövcud bərabərsizliyi dəstəkləməyə davam etdiyini qeyd edərək, keçmiş müstəmləkəçi dövlətlər tərəfindən təzminatların ödənilməsi məsələsini qaldırıb: "Əsl kompensasiya struktur dəyişiklikləri tələb edir. Dayanıqlı istismar mexanizmlərini: ədalətsiz dünya ticarətini, yırtıcı resurs çıxarılmasını, ayrı-seçkilik yaradan kredit reytinqlərini, Qlobal Cənub ölkələrinin dözülməz borc yükünü, həmçinin real əlavə dəyərin yaradıldığı və iş yerlərinin başqa regionlarda peyda olduğu bir vaxtda xammalın Afrikadan davamlı ixracını ləğv etmək lazımdır".