25 sentyabr 2026 12:20
121

Mikayıl Cabbarov: Azərbaycan maliyyə buferləri hesabına inkişaf kursunu qoruyub saxlayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Qlobal iqtisadi artımın, investisiyaların və əlaqələrin gələcəyinin formalaşdırılması” panelində Azərbaycanın makroiqtisadi və fiskal dayanıqlılığı, investisiya siyasəti və beynəlxalq tərəfdaşlıqları barədə danışıb.

“İki sahil” xəbər verir ki, nazir bildirib ki, Azərbaycanın iqtisadi dayanıqlılığını şərtləndirən əsas amillər sırasında borcun ÜDM-ə nisbətinin aşağı olması, xarici asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi və maliyyə buferlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə,  ölkənin formalaşdırdığı maliyyə buferləri inkişaf kursunun qorunub saxlanılmasına imkan verib.
M.Cabbarov qeyd edib ki, enerji qiymətlərinin yüksək olduğu bir şəraitdə Azərbaycan fiskal siyasətdə əks-tsiklik yanaşma həyata keçirir. O bildirib ki, 2026-cı ildə enerji qiymətlərinin yüksək səviyyədə olmasına baxmayaraq, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin ümumi büdcə gəlirlərindəki payı 4,5 faizdən çox azaldılıb. 2027-ci il üçün də enerji qiymətlərinin yüksək olacağı proqnozlaşdırılır.
Nazir iqtisadi inkişafın prioritet istiqamətlərindən birinin rəqəmsallaşma olduğunu da diqqətə çatdırıb.

M.Cabbarov Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığından danışarkən bildirib ki, mövcud tərəfdaşlıqlar çərçivəsində Mərkəzi Asiya qarşılıqlı ticarət və investisiyaların həcminə və artım tempinə görə Azərbaycanın ən böyük və ən sürətlə inkişaf edən tərəfdaş regionudur. Pakistan isə bu baxımdan ikinci yerdə qərarlaşır.

İqtisadiyyat naziri Azərbaycanın birgə investisiya fondlarının yaradılması və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində fəal siyasət apardığını vurğulayıb. O, bu prosesdə həm dövlət, həm də özəl Azərbaycan şirkətlərinin rolunu qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycan müəyyən mənada milli kapital ixracatçısına çevrilir. Bununla belə, xarici investisiyalar yalnız kapital qoyuluşu kimi deyil, həm də bilik, təcrübə və nou-haunun qarşılıqlı ötürülməsi baxımından qiymətləndirilir.
M.Cabbarov qeyd edib ki, Azərbaycan şirkətlərinin xarici ölkələrdə həyata keçirdiyi layihələr qarşılıqlı investisiya imkanlarını genişləndirməklə yanaşı, bilik və təcrübə mübadiləsinə də şərait yaradır.

O bildirib ki, Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər çərçivəsində yalnız müqavilələrin deyil, müxtəlif istiqamətləri əhatə edən bir sıra mühüm razılaşmaların da əldə olunması gözlənilir. Bu əməkdaşlıq həm Azərbaycana yönələn investisiyaları, həm də Azərbaycan şirkətlərinin xarici ölkələrə yatırdığı investisiyaları əhatə edir.
Nazir vurğulayıb ki, uzunmüddətli və genişmiqyaslı investisiya əməkdaşlığının əsasını möhkəm tərəfdaşlıq və qarşılıqlı etimad təşkil edir.

Orxan Vahidoğlu, "İki sahil"