27 sentyabr 2026-cı ildə Vətən müharibəsinin başlanmasından altı il ötür. Azərbaycanda Anım Günü kimi qeyd olunan tarix şəhidlərin xatirəsinə ehtiram, ordunun qəhrəmanlığına və xalqın birliyinə dərin hörmət ifadəsidir.
2020-ci ilin payızına qədər Qarabağ münaqişəsi üzrə danışıqlar təxminən otuz il davam etmişdi. ATƏT-in Minsk qrupu vasitəçiliyi ilə görüşlər keçirilir, dialoqun davam etdirilməsinə çağırışlar səslənirdi. Lakin Azərbaycan torpaqlarının işğalına son qoyulmur, məcburi köçkünlər doğma yurdlarına qayıda bilmirdilər. Beynəlxalq ictimaiyyətdən nəticə gözləmək yorğunluq və məyusluq doğurmuşdu. Prezident İlham Əliyev də uzun illər davam edən vasitəçilik prosesinin nəticəsizliyindən açıq danışırdı.
Sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Müharibənin ilk saatlarından Vətənin müdafiəsinə bütün xalq qalxdı. Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşları eyni bayraq altında birləşdi. Hərbçilər ön cəbhədə döyüşür, vətəndaşlar orduya dəstək verir, əsgər və zabit ailələri diqqət və qayğı ilə əhatə olunurdu. 44 gün ərzində xalqın birliyi Qələbəyə aparan ən böyük güclərdən birinə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri müharibə günlərinin yaddaşlarda qalan anları sırasında yer alır. Çıxışlar böyük həyəcanla gözlənilirdi. Yaşayış məntəqələrinin azad olunması barədə xəbərlər bütün ölkə üçün hadisəyə çevrilirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa — şəhərlərin adları onilliklərlə davam edən həsrətin sona çatmasının müjdəsi kimi səslənirdi. Ordunun irəliləyişindən doğan sevinc hərbçilərin həyatı üçün duyulan narahatlıqla yanaşı yaşanırdı. Cəbhədən gələn xəbərlərin arxasında əsgər taleləri, ailələrin intizarı və məcburi köçkünlərin qayıdış ümidi dayanırdı.
Azərbaycan Ordusu 44 gün ərzində tarixi Zəfər qazandı. 2023-cü ildə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Azərbaycan ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edərək Qafqazda sülhü təmin etdi və regional əməkdaşlıq üçün yeni imkanlar açdı. Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, yollar çəkilir, sakinlər doğma yurdlarına qayıdırlar.
Şəhid ailələrinə və müharibə veteranlarına göstərilən qayğı xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial dəstək proqramları həyata keçirilir, ailələr mənzillərlə, müharibə əlilləri avtomobillərlə təmin olunur, reabilitasiya məsələlərinə diqqət yetirilir. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin və yaralı hərbçilərin qayğıları ilə yaxından maraqlanır. Ailələrlə görüşlər və insanların taleyinə göstərilən diqqət dövlət dəstəyinin insani tərəfini nümayiş etdirir.
27 sentyabr minnətdarlıq və hüzn günüdür. Qələbə şəhidlərin qəhrəmanlığı, veteranların mətanəti və Azərbaycan xalqının birliyi ilə əbədi bağlıdır. Şəhidlərin xatirəsini yaşatmaq, ailələrinə dəstək olmaq və azad edilmiş torpaqları dirçəltmək 2020-ci ilin sentyabrında başlayan yolun davamıdır.
Anastasiya Lavrina, YAP Gənclər Birliyinin üzvü