26 sentyabr 2026 19:15
84

Bolqarıstanda Anım Günü

27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Elmar Məmmədov 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Səfir Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq, şücaət və peşəkarlıq barədə danışıb. Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyinin tam bərpası təmin edilib. Bununla da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin olunub, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətin bərpası istiqamətində mühüm tarixi nəticə əldə edilib.

Çıxış zamanı işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minaların təmizlənməsi, habelə genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işlərindən bəhs edilib. Qeyd olunub ki, hazırda həmin ərazilərdə müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması, təhlükəsiz və dayanıqlı yaşayış şəraitinin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Daha sonra Bolqarıstanda yaşayan Azərbaycan icmasının üzvü Sabir Quliyev çıxış edərək Anım Gününün xalqımız üçün mənəvi və tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan və şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən danışıb.

Tədbirin davamında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edən, Bakı Media Mərkəzi tərəfindən hazırlanmış "BİZ" sənədli filmi nümayiş etdirilib. Tədbirdə Bolqarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin sonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil olunub.