Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlı zəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlarda beynəlxalq forumlar keçirilib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiyə kimi görülmüş işləri, iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini, əlverişli investisiya mühitinə görə Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunduğunu xatırladaraq bildirdi ki, “...biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var...”
Dövlət başçımız çıxışında iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika, nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fiziki infrastruktur yaratdığını, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışdığımızı da bildirərək qeyd etdi ki, “Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər”.
Ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam bərpa olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Tolerant dövlət kimi, bəşəri dövlət kimi, siyasi və iqtisadi nüfuzu yüksələn Azərbaycan etibarlı tərəfdaş kimi ikitərəfli iqtisadi əlaqələri daha müxtəlif istiqamətlərdə və daha müxtəlif formatlarda genişləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır. Bu məqsədlə biz qonşularımızla fəal əməkdaşlıq prosesindəyik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu gün olduqca aktual olan bir amili də xatırlatdı: dünyada ən önəmli amil siyasi və iqtisadi sabitlikdir. İştirakçılar bu amilin gərəkliyini istər öz dövlətlərinin timsalında, istərsə də münaqişəyə cəlb olunmuş dövlətlərin timsalında yaxşı bildiyindən dövlət başçımızın dediklərini bu Forum üçün qeyri-rəsmi beynəlxalq tezis kimi dinlədilər: ““Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında zaman anlamında Azərbaycanın dünənlərini də xatırlatdı. Bu xatırlatma da, Azərbaycan adlı bir məmləkətin zəngin yeraltı sərvətləri haqqında dedikləri də, o vaxtlar müasir anlamda ölkə olmasa da Azərbaycanın bu sərvətin, konkret olaraq neftin hasil edildiyi ilk ölkə olduğunun qürurla bildirilməsi də, bizim “...neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik” fikri də ehtiramla dinlənildi.
Dövlət başçımız Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın bir müddətdə işğalda saxladığını, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik Azərbaycan Ordusunun torpaqlarımızı işağaldan döyüşlə azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xatırladaraq dedi: “Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıqdırlar...”
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mahiyyət baxımından dünyəvi bir prosesin daha səmərəli inkişafını əhatələməklə Azərbaycan gerçəklikləri fonunda daha yaddaqalan, daha tarixi, daha dünyəvi oldu...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
Yaşıl enerji Azərbaycanın yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir
Kamaləddin Qafarov: Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı