27 Sentyabr Anım Günü münasibəti ilə Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva və kollecin bir qrup əməkdaşı 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan qeyrətli Azərbaycan oğullardan Kamran Fərəcovun, Vüsal Kazımovun, Arif Qeybiyevin, Nurlan Rəhimovun uyuduğu müqəddəs yerləri və şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanların məzarları önünə tər güllər düzüblər.
Astara rayonunun Səncərədi kəndindən olan Kamran Fərəcov uşaqlıqdan Vətənə sevdalı böyüyüb. Odur ki, orta məktəbi bitirib yurduna dadanmış yağıdan Vətənin qisasını almaq üçün həyatını hərbiyə bağlamağa qərar verib. Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsində oxuyub, 1999-cu ildə leytenant kimi Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində Vətənin keşiyində durub. Nümunəvi xidmətə görə, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb.
2020-ci il sentyabrın 20-də şəxsi heyəti döyüşə hazırlamaq məqsədilə Azərbaycan Ordusunun kapitanı, peşəkar zabit Kamran Fərəcov könüllü təlimlərə qatılıb. Vətən müharibəsi başlanan gündən birincilər sırasında səngərdə yerini tutub. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərib. Hər dəfə müharibə meydanına girəndə erməni dığalarına ciddi itkilər verib. Oktyabrın 21-də 42 yaşında Qubadlıda gedən ölüm-dirim savaşında şəhadətə qovuşub, Astara rayonunda ürəkdən bağlandığı torpağın sinəsinə baş qoyub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçısı İlham Əliyevin verdiyi sərəncamlara əsasən Kamran Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Cəbrayılın, Qubadlının azadlığı uğrunda medallara layiq görülüb. Dəniz və Şəms adlı qızları Vətənə layiqli övlad kimi boya-başa çatırlar.
44 günlük haqq savaşımızda odlardan, alovlardan keçərək erməni dığalarına od qoyan Azərbaycanın qeyrətli oğullardan biri də şəhid baş leytenant Vüsal Kazımovdur. Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan, Qəlbi Vətən eşqi ilə döyünən igid Vüsal müharibə meydanında 30 il əsir düşən müqəddəs yurd yerimiz-Qarabağın azadlığı uğrunda son damla qanınadək yağıya qarşı mərdliklə vuruşub. Hər döyüşə qələbə inamı ilə atılan Vətən sevdalısı Füzulidə, Xocavənddə, Şuşada gedən ağır savaşda öndə olmaqla erməni dığalarına qan qusdurub. Neçə-neçə döyüşdən üzü ağ çıxan baş leytenant Şuşada namərd gülləsinə tuş gəlib. Milyonların ürəyində özünə əbədi yer edən, şərəfli ömrünün 30-cu ilində adını Azərbaycanın şanlı tarixinə yazan Vüsal Kazımov dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medallarla təltif olunub.
Vüsal Kazımovun ömür yolu nə qədər qisa olsa da, özündən sonra gələcək nəsillər üçün bir şanlı tarix yazıb . O, həm də iki ali təhsil almışdı. Bütün bunlarla bərabər iki- Nuray və Aynur adlı qız uşaqlarını canından artıq sevdiyi Vətənə yadigar qoyub.
Sinəsini Vətənə sipər edib misilsiz qəhrəmanlıq göstərən Nurlan Rəhimov 1981-ci il noyabrın 22-də Astara şəhərində dünyaya göz açıb. 1988-1999-cu illərdə Ş. Qasımov adına 4 saylı tam orta məktəbdə təhsil alıb. Erməni dığalardan qisas alaraq doğma Vətən torpaqlarını azad etmək onun əsas amalı olub. Odur ki, öz həyatını hərbiyə bağlayıb. Ordumuzun kiçik çavuşu Nurlan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahli Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulidə gedən döyüşlərdə savaşıb. Çoxlu sayda düşmən yaraqlısını məhv edib, hərbi texnikasını sıradan çıxardıb. O, sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində əbədiyyət dünyasına qovuşub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə “ və digər medallarla təltif edilib. Övladları Əlövsət və Səidə ataları kimi Vətənini çox sevirlər.
Ömrünün 23-cü ilində canını Vətəninə qurban verən şəhid Arif Qeybiyev Səncərədi kəndində dünyaya göz açıb. İndi burada kiçik də, böyük də Arifin adını iftixarla çəkir, onu özünə qürur yeri bilirlər.
Arif kənd tam orta məktəbindən sonra, yəni 2012-2016-ci illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. Kiçik yaşlarında idmanın atletika növünə maraq göstərib. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplom qazanıb, onlardan 30-u birincilik üzrədir. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika birincisi olub. Digər uğurlar da vardır.
Vətənin hər qarşını özünə əziz bilən, düşmənin işğalçılıq siyasəti ilə heç cür barışmayan Astara elinin mərd oğlu 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yollanıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra Vətən qarşısında borcunu Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. 2 dəfə tərifnaməyə layiq görülüb. Nümunəvi əsgər kimi üzüağ xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə çatıb.
2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq tankçı kimi xidmət etməyə başlayıb. Peşəsini mükəmməl öyrənib. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif 44 günlük haqq savaşımızda Füzuli uğrunda gedən gərgin döyüşlərə qatılıb. Dostunun tankı minaya düşüb. Arif öz tankından enərək, 100-200 metr aralıda olan həmin tanka çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib, ölümü ilə gələcək nəsillərə nümunə və örnək olan qəhrəmanlıq zirvəsinə ucalıb. Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda” və “Füzulinin azad olnmasına görə” medallara layiq görülüb. Hazırda Gülnur adında qızı atanın adına layiq boy atır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qarabağ və Şərqi Zəngəzurun bərpası gələn il də davam edəcək - Zəfərdən Böyük Qayıdışa