Müasir dünyada nəqliyyat dəhlizləri yalnız yüklərin bir ölkədən digərinə daşınmasını təmin edən marşrutlar deyil, eyni zamanda, dövlətlər arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin və regional inteqrasiyanın əsas dayaqlarından biridir. Əlverişli coğrafi mövqeyə malik Azərbaycan son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələrlə regionun nəqliyyat xəritəsində mühüm mövqeyə sahib ölkə kimi tanınır.
Şübhəsiz, bu da ilk növbədə ölkədə yaradılmış müasir nəqliyyat infrastrukturu ilə bağlıdır. Son illərdə dəmir yollarının yenilənməsi, avtomobil yollarının genişləndirilməsi, liman və logistika imkanlarının artırılması, yeni nəqliyyat bağlantılarının yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib. Bütün bunlar Azərbaycanın tranzit potensialının yüksəlməsinə və ölkənin regional logistika mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Artıq bu faktdır ki, bu gün Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə çevrilən Azərbaycan Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində formalaşan nəqliyyat və ticarət şəbəkələrinin fəal iştirakçısıdır.
Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusundakı tədbirdə dövlətimizin başçısı bildirib ki, bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik: “Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biriyik. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım var. Bu il həmin göstərici 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək, qeyd etdiyim kimi, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”.
Azərbaycanın regional nəqliyyat sistemində rolundan danışarkən ilk növbədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu – Orta Dəhlizi qeyd etmək lazımdır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirir. Bu mənada Orta Dəhliz yalnız xəritədə Şərqlə Qərbi birləşdirən alternativ marşrut deyil. O, ABŞ, Çin və Avropa İttifaqı kimi böyük güclərin maraqlarının kəsişdiyi və dəstəklədiyi sülh və iqtisadi inkişaf platforması kimi də təqdim olunur. Orta Dəhlizin əsas üstünlüklərindən biri müxtəlif nəqliyyat növlərinin vahid marşrut üzərində əlaqələndirilməsidir. Azərbaycan burada Xəzər üzərindən həyata keçirilən dəniz daşımaları ilə Qafqaz və Avropa istiqamətindəki dəmir yolu və avtomobil şəbəkələri arasında mühüm bağlantı rolunu oynayır. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası bu sistemin mühüm elementlərindəndir. Yeri gəlmişkən, rəsmi məlumatlara görə, limanın mövcud yükaşırma imkanları 15 milyon ton yük və 100 min TEU konteyner səviyyəsində formalaşıb, növbəti inkişaf mərhələsində isə bu göstəricilərin 25 milyon ton və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
Bir sözlə, Orta Dəhlizin genişlənməsi, Şimal–Cənub marşrutunun inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarının artırılması, Bakı Limanının və Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin genişləndirilməsi, eləcə də yeni regional bağlantıların formalaşması Azərbaycanın qarşıdakı illərdə nəqliyyat və logistika sahəsində imkanlarını daha da artıracağından xəbər verir. Hazırda Azərbaycanın nəqliyyat strategiyasında regiondakı yeni bağlantıların yaradılması da mühüm istiqamətlərdən biridir. Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin formalaşdırılması Azərbaycanı Naxçıvanla, Türkiyə ilə və daha geniş Avrasiya nəqliyyat şəbəkəsi ilə əlavə marşrutla əlaqələndirmək baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq. Bütün bunlar isə o deməkdir ki, ölkəmiz artıq yalnız coğrafi baxımdan Avropa ilə Asiyanı birləşdirən məkan deyil, həm də iki qitə arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafında fəal iştirak edən regional mərkəzdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”