30 sentyabr 2026 11:41
99

Azərbaycanın nəqliyyat sektoru: 2021-2025-ci illər üzrə kompleks təhlilin nəticələri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanın nəqliyyat sektorunun 2021-2025-ci illər üzrə müasir vəziyyətini əhatə edən analitik icmal dərc edib. Araşdırmada nəqliyyat sektorunun makroiqtisadi göstəriciləri, yük və sərnişin daşımaları, gəlir və xərclər, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti, infrastruktur təminatı və gələcək inkişaf perspektivləri qiymətləndirilib.

“İki sahil” xəbər verir ki, təhlilin nəticələrinə görə, son beş ildə nəqliyyat sektoru ölkə iqtisadiyyatında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Sektorda yaradılan əlavə dəyər 2021-ci ildəki 6.4 milyard manatdan 2025-ci ildə 9.1 milyard manata yüksəlib. Nəqliyyat sektorunda çalışanların sayı isə 147 min nəfərdən 185.2 min nəfərə çatıb. Bu dövrdə sektorun ümumi mənfəəti də 44.1 faiz artaraq 7 milyard manatı ötüb.

2025-ci ildə Azərbaycanda ümumilikdə 243.3 milyon ton yük daşınıb ki, bu göstərici üzrə avtomobil nəqliyyatı 62.4% payla üstün mövqeyini qoruyub. Bununla yanaşı, 2021–2025-ci illərdə ümumi yük dövriyyəsi 78.7 milyard ton-km-dən 101.9 milyard ton-km-ə yüksəlib. Xüsusilə, dəniz nəqliyyatında yük dövriyyəsinin beş dəfədən çox artması Azərbaycanın Xəzər hövzəsində tranzit-logistika imkanlarının genişlənməsi kimi dəyərləndirilib.

Sərnişin daşımalarına gəldikdə, bu göstərici üzrə də mühüm artım qeydə alınıb və 2025-ci ildə 2.215 milyard sərnişinə xidmət göstərilib. Daşınan sərnişinlərin 89.1%-i avtomobil, 10.2%-i isə metro nəqliyyatının payına düşüb. Dəmir yolu və hava nəqliyyatında sərnişin daşımalarının daha yüksək templə artması nəqliyyat xidmətlərinə tələbin şaxələndiyini göstərsə də, avtomobil nəqliyyatından yüksək asılılıq hələ də əsas çağırışlardan biri olaraq qalır.

İcmalın müəllifi, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, tranzit daşımalar baxımından Azərbaycan mühüm mövqeyə malikdir. 2025-ci ildə ölkə ərazisindən keçən tranzit dəhlizlər üzrə 14.27 milyon ton yük daşınıb ki, bunun da 52.2%-i avtomobil, 46.1 %-i dəmir yolu, 1.7%-i isə hava nəqliyyatının payına düşür. Beynəlxalq dəhlizlərə gəldikdə isə, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində artımın qeydə alınması Azərbaycanın regional nəqliyyat-logistika qovşağı kimi rolunun gücləndiyini göstərir. Eləcə də, Şərq-Qərb istiqamətinin tranzit daşımalarında 33.7%-lik paya malik olması Orta Dəhlizin perspektivlərini xüsusilə aktuallaşdırır.

Araşdırmada Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz kimi layihələrin ölkənin tranzit potensialının əsas üstünlükləri olduğu vurğulanır. Eləcə də Zəngəzur dəhlizinin gələcəkdə Orta Dəhlizin mühüm komponentlərindən birinə çevrilməsinin yeni imkanlar yaradacağı qeyd edilir. Təhlillər göstərir ki, növbəti mərhələdə Azərbaycanın nəqliyyat siyasətində yalnız infrastrukturun genişləndirilməsi deyil, rəqəmsallaşma, multimodal daşımaların inkişafı, nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi, logistika xidmətlərinin səmərəliliyinin artırılması və yaşıl nəqliyyat həllərinin tətbiqi əsas prioritetlər kimi diqqəti cəlb edir. Xüsusilə, Orta Dəhliz boyunca elektron sənədləşmə, rəqəmsal gömrük, yük izləmə və çevik koordinasiya mexanizmlərinin inkişaf etdirilməsi tranzit daşımalarda Azərbaycanın rəqabət qabiliyyətini daha da yüksəldə bilər.

Ümumilikdə, təhlilin nəticələri göstərir ki, Azərbaycanın nəqliyyat sisteminin gələcək inkişafı fiziki infrastrukturun genişləndirilməsi ilə rəqəmsal, yaşıl və multimodal nəqliyyat modelinin paralel şəkildə formalaşdırılmasına əsaslanmalıdır. Bu yanaşma Azərbaycanın nəqliyyat sisteminin yalnız daxili tələbatı ödəyən infrastruktur sahəsi kimi deyil, ölkənin iqtisadi aktivliyini, ixrac potensialını, qlobal və regional inteqrasiyasını, beynəlxalq tranzitdə rolunu təmin edən vahid nəqliyyat-tranzit-logistika ekosistemi kimi inkişafına şərait yarada bilər.