30 sentyabr 2026 12:57
96

Azər Əmiraslanov: İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir

Azərbaycanda innovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, ölkə Prezidentinin bununla bağlı təklifləri ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsinin, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsinin və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır. İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla, ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və yaxud şərtləndirir. Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir.

Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 %-lik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu imperativ, yəni məcburi norma kimi təsbit olunur. Nəhayət, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilir".

"Beləliklə, dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir. Bu o deməkdir ki, uzunmüddətli dövlət dəstəyi son nəticədə iqtisadiyyat üçün əlavə dəyər yaratmalı, ixracın və investisiyaların məbləğini genişləndirməli, ölkəyə valyuta daxilolmalarını artırmalı, yerli şirkətlərin xarici bazara çıxışını stimullaşdırmalıdır.

Başqa sözlə, söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir. Bu baxımdan hesab edirik ki, Prezidentin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Bir məqamı da nəzərə almalıyıq ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişən sahədir və onun kompleks hüquqi tənzimlənməsi ölkəmiz üçün də nisbətən yeni təcrübədir. Yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca və inkişaf etdikcə tənzimləmə mexanizmlərinin, o cümlədən bu sahədə qanunvericiliyin davamlı təkmilləşdirilməsi təbii və zəruri olacaq. Əsas məsələ müvafiq hüquqi bazanın rəqəmsal və innovativ iqtisadiyyatın inkişaf tempinə uyğunlaşdırılması və yeni çağırışları çevik nəzərə almaqdır", - deyə deputat əlavə edib.