02 oktyabr 2026 12:45
110

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Yeni Azərbaycan Partiyasının (YAP) ideoloji sütunları ilk gündən milli dəyərlərə, azərbaycançılıq fəlsəfəsinə, hüquqi dövlət quruculuğuna və sosial ədalət prinsiplərinə əsaslanırdı. Ulu Öndər Heydər Əliyev YAP-ı elə möhkəm təməl üzərində qurdu ki, partiyamız qısa zamanda xalqın etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.

“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP-ın Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda onilliklər ərzində həyata keçirilmiş siyasi, iqtisadi və hərbi strategiyanın, milli birliyin və dövlət iradəsinin nəticəsi olan uğurların dövlətçilik tariximizdə özünəməxsus yer tutduğunu qeyd edib.

“Biz partiyanın zəngin tarixi təcrübəsi ilə bugünkü gənclik arasında mənəvi və siyasi körpü yaratmağa çalışmışıq. Şura üzvlərimiz ölkənin müxtəlif bölgələrində və yerli təşkilatlarda gənclərlə görüşlər keçirir, dövlətçilik fəlsəfəsini, müstəqilliyimizin hansı mürəkkəb və ağır tarixi şəraitdə əldə olunduğunu, Heydər Əliyev irsinin mahiyyətini öz canlı xatirələri və həyat təcrübələri əsasında gənclərlə bölüşürlər”, - deyə Arif Rəhimzadə əlavə edib.