05 oktyabr 2026 10:00
353

Müəllim cəmiyyətin aynasıdır

 

“Müəllimlik sevgidən başlayır, şagirdin ürəyinə yol tapdınsa...

 

"Mübarizə apar, kəşf et, təslim olma” həyat devizimi şagirdlərimə də ötürməyə çalışıram

 

Müəllimlik yalnız bilik öyrətmək deyil, həm də insan yetişdirmək, şagirdin dünyagörüşünün formalaşmasına, həyata baxışının zənginləşməsinə və öz yolunu tapmasına istiqamət verməkdir. Bu müqəddəs peşəni seçən hər bir müəllim öz fəaliyyəti ilə gələcəyin qurucularına təsir göstərir. Xüsusilə coğrafiya müəlliminin qarşısında isə daha geniş imkanlar açılır. Çünki coğrafiya şagirdə yalnız xəritəni, ölkələri və təbii-coğrafi hadisələri öyrətmir, ona dünyanı dərk etməyi, baş verən proseslərə münasibət bildirməyi, səbəb-nəticə əlaqələrini görməyi də öyrədir.

24 illik pedaqoji fəaliyyəti ərzində coğrafiyanı şagirdlərinə sevdirməyi, onlarda araşdırmaq və kəşf etmək həvəsi yaratmağı əsas məqsədlərindən biri hesab edən Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Xəyalə Nəbiyeva üçün müəllimlik həm peşə, həm də həyat tərzidir. O, şagirdlərinin uğurunu müəllim fəaliyyətinin ən böyük stimullarından biri kimi qiymətləndirir və hesab edir ki, müəllimlik ilk növbədə sevgidən başlayır.

– Əvvəlcə özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik. Müəllimlik fəaliyyətiniz, coğrafiya fənninə marağınız və bu peşəyə gəlməyiniz barədə nələri bölüşərdiniz?

– Mən Nəbiyeva Xəyaləyəm. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirmişəm. Coğrafiya həmişə maraq dairəmdə olub. Təbiətcə araşdırmaçı olmağım bu fənnə marağımı daha da artırıb. Beynimdə yaranan “niyə?” suallarına cavab axtardıqca coğrafiyaya olan həvəsim maraqdan daha böyük bağlılığa çevrilib. Bir də gördüm ki, artıq sinif qarşısında müəlliməm.

“Mübarizə apar, kəşf et, təslim olma” kimi həyat devizimi şagirdlərimə də ötürmək, onlarda öyrənməyə həvəs yaratmaq, bizə böyük görünən Yer kürəsini incələdikcə onun nə qədər maraqlı olduğunu göstərmək coğrafiya müəllimi kimi əsas məqsədlərimdəndir.

– İlk dərs gününüzü necə xatırlayırsınız? İlk dəfə coğrafiya müəllimi kimi sinif qarşısına keçdiyiniz həmin gün hansı hissləri keçirdiniz və bu gün həmin xatirə sizdə hansı duyğuları oyadır?

– Universiteti yeni bitirib sinfə daxil olduğum günü çox yaxşı xatırlayıram. İlk dərs dediyim siniflər 9, 10 və 11-ci siniflər idi. Şagirdlərlə aramızda yaş fərqi çox olmadığından ilk həyəcanımı onlarla paylaşmağım bu gün də yadımdadır. Tezliklə səmimi münasibətimiz yarandı və maraqlı dərslərimiz oldu. İndi həmin şagirdlərimin övladlarına dərs keçirəm.

– Niyə məhz müəllimlik və xüsusilə coğrafiya müəllimliyi? Bu peşəni seçməyinizdə hansı amillər və ya insanlar mühüm rol oynadı?

– Ailədə həmişə müəllimlərə böyük hörmətlə yanaşılıb. Atamın həmişə bir sözü vardı: “Əti mənim, sümüyü sizin”. Müəllim nə deyirdisə, haqlı idi. Elə bu səbəbdən ailədə beş uşaq hamımız ali təhsil almışıq. Düşünürəm ki, müəllimə hörmət və dəyər ailədən gəlməlidir.

– Coğrafiya yalnız ölkələri, xəritələri və təbii-coğrafi hadisələri öyrənən fənn deyil. Sizcə, coğrafiyanın şagirdlərin dünyagörüşünün formalaşmasında və dünyanı daha yaxşı dərk etməsində rolu nədən ibarətdir?

– Bəli, coğrafiya yalnız ölkələri və xəritələri öyrətmir. Coğrafiya insan formalaşdırır, istər təbiət hadisələrinə, istərsə də siyasi, sosial-iqtisadi proseslərə qiymət vermək, nəticə çıxarmaq kimi bacarıqları formalaşdırır. Məncə, istənilən peşə sahibi coğrafi biliklərə sahib olmasa, müəyyən mənada yarımçıq qalar, peşəkar olmaz. Şairlərin təbiət vəsfində, riyaziyyatda belə Pifaqor Yer kürəsi ilə əlaqələndirilən fiqurlardan mükəmməl olanı kimi onu nümunə göstərib.

– Coğrafiya dərslərində şagirdlərdə Vətənə, doğma torpağa və ölkəmizin təbii sərvətlərinə maraq və məsuliyyət hissini necə formalaşdırmaq mümkündür?

– Vətənə, torpağa sevgi və marağı aşılamaq dərslərimdə prioritet təşkil edir. “Nəyimə lazımdır o dünya ki, orada Azərbaycan yoxdur?” Vətən anlayışı mənim üçün doğulduğun məhəllədən, yaşadığın şəhərdən, dərs keçdiyin məktəbdən başlayır. Şagird bunu anlayarsa, doğulduğu məhəlləyə, şəhərə, dərs keçdiyi məktəbə qayğı və sevgi ilə böyüyərsə, zaman keçdikcə Vətən anlayışını daha dərindən dərk edər.

Bizim gəncliyimiz Vətən həsrəti ilə keçib və bu həsrəti uşaqlara daim çatdırmağa çalışmışam. Xatırlayıram, Murovdağdan danışarkən həmişə “Murovun o üzü bizim Vətəndir” deyirdim. Qismətimizdə, şükürlər olsun ki, bu sözü qürurla demək də varmış.

Vaxt gəldi, qələbə çaldı ordumuz,
Azadlığa çıxdı doğma yurdumuz.
Dağıldı düşmənin bərəsi, bəndi,
Murovun o üzü bizim Vətəndir.

Dərslərimizdə “Zəfər zirvəsi”ni bizə qazandıranları daim xatırlayırıq. Bir daha müharibə olmasın istərdim. Şagirdlərimizin sorağı yalnız elm və təhsil “cəbhəsindən” gəlsin.

– Şagirdlərinizdə sizi ən çox qane edən və düşündürən cəhətlər hansılardır? Onlarda hansı keyfiyyətləri görmək sizi müəllim kimi sevindirir, hansı məqamların isə inkişaf etdirilməsinə ehtiyac olduğunu düşünürsünüz?

– Şagirdlərimdə ən çox dəyərləndirdiyim cəhət onların araşdırmaçı olmalarıdır. İstərdim ki, uşaqlarımız sürətlə dəyişən dünyada məqsədlərinə doğru inamla addımlasınlar.

– Müəllimlik həm böyük mənəvi məmnunluq, həm də ciddi məsuliyyət tələb edən peşədir. Sizin üçün coğrafiya müəllimliyinin ən çətin və ən gözəl tərəfləri hansılardır?

– Coğrafiya müəllimi olmağın ən gözəl tərəfi məkan məhdudiyyətinin olmamasıdır. Yəni biz ola bilər ki, qlobal problemləri həll edə bilməyək, amma lokal olaraq həyətimizdə yaşıllığı qorumaq, yaxud məktəb ətrafında yağışdan sonra yaranan problemi, tıxacı həll etməyə cəhd edə, bunun həlli haqqında düşünə bilərik.

– Pedaqoji fəaliyyətiniz dövründə yaddaşınızda xüsusi iz buraxan, illər keçsə də unutmadığınız bir dərs, şagird və ya hadisəni oxucularımızla bölüşərdinizmi?

– Heç zaman unutmadığım hadisə pedaqoji fəaliyyətimin ilkin vaxtlarında baş verib. Şagirdlərimdən birinin dərs zamanı halı pisləşdi. Qısa zamanda digər uşaqların ona necə kömək etmələri və hətta “Müəllim, siz narahat olmayın, yaxşı olacaq” demələri məni çox duyğulandırdı. Demək ki, ən dəcəl bildiyim şagirdim belə özü kəşf olunmamış bir “planetdir”. Tanıdıqca, kəşf etdikcə ona bağlanırsan.

– Müəllim üçün şagirdinin uğurunu görmək böyük sevincdir. Yetirmələrinizin hansı uğurları və ya sonrakı həyat yolu sizin üçün xüsusilə qürurverici olub?

– Bəli, şagirdlərimin uğuru bir müəllim kimi mənim üçün böyük stimuldur. Hətta illər keçir, elə şagirdlərim var ki, müəllim-şagird münasibətimiz dostluq, həmfikirlik və doğmalıq münasibətinə çevrilir. Onlarla görüşdükdə zaman anlayışı itir, sanki dünən ayrılmışıq.

– Son dərs gününüzü necə xəyal edirsiniz? Müəllimlik fəaliyyətinizin son günündə sinifdən ayrılarkən hansı hissləri yaşamaq və şagirdlərinizdən hansı sözləri eşitmək istərdiniz?

– Bu günü hələ xəyal edə bilmirəm. 24 ildir bu peşədə fəaliyyət göstərirəm, illər sonra nə düşünəcəyimi bilmirəm. Amma yəqin ki, balacaların “Müəllim, bu gün dərsimiz çox maraqlı oldu” sözləri üçün darıxacağam.

– Bu gün coğrafiya müəllimi olmaq istəyən və pedaqoji fəaliyyətə yeni başlayan gənclərə hansı tövsiyələri verərdiniz? Sizcə, yaxşı müəllim olmaq üçün peşə biliklərindən əlavə hansı keyfiyyətlər vacibdir?

– Tövsiyəm budur: peşənizi sevin. Sinfə daxil olduqda bütün problemlərinizi unudursunuzsa, demək, istədiyiniz yerdəsiniz. Məncə, müəllimlik sevgidən başlayır. Şagirdin ürəyinə yol tapa bildinsə, dərsin məqsədinə çatacaqsan.

– 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərə, həmkarlarınıza və bu müqəddəs peşəyə həyatını həsr edən insanlara hansı arzularınızı çatdırmaq istərdiniz?

– Müəllim bir Günəşdir. Qaranlıqları işıqlandıran enerjiniz heç zaman tükənməsin. Gününüz mübarək, ey bu böyük adın daşıyıcısı olan müəllimlər!

Müəllimlik ömrünü elmə, təhsilə və insan yetişdirməyə həsr edənlərin yoludur. Bu yolda ən böyük mükafat isə illər sonra şagirdlərinin sevgisi, hörməti və uğurlarıdır. Xəyalə Nəbiyevanın sözlərindən də aydın görünür ki, müəllim üçün zaman keçdikcə dəyişməyən ən böyük dəyər məhz şagirdlə qurulan mənəvi bağdır. Onun timsalında bütün müəllimlərə möhkəm cansağlığı, yaradıcılıq uğurları, səbir və tükənməz pedaqoji enerji arzulayırıq. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü mübarək!